Baş Planı həyata keçirmək üçün Bakını sözün əsl mənasında söküb, yenidən tikmək lazımdır...

Bakının Baş Planı, əslində maraqlı layihədir. Burada 25 yeni metro stansiyasının tikilməsi, “28 May” metrostansiyasının yenidən qurulması, velosiped, tramvay yollarının çəkilməsi və s. məqamlar yer alıb. Qeyd edək ki, Baş Plan Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutur. Və Baş Plan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələdə həyata keçiriləcək. Bu müddət ərzində Baş Planın həyata keçirilməsi üçün 93,5 milyard manatdan bir qədər artıq vəsiat ayrılması planlaşdırılır. Bu məbləğin 33 milyard manatdan çoxu özəl, 60,5 milyard manatı dövlət və dövlət və özəl maliyyə mənbələri hesabına həyata keçiriləcək.
Bura qədər hər şey aydın və hər şey başa düşüləndir. İndi bəzi nüanslara diqqət yetirək. Baş Planda Bakıda velosiped yollarının salınması məsələsi yer alıb. Bu gün də Bakı küçələrində velosiped yolları salınır. Nəqliyyat eksperti Elməddin Muradlının da dediyi kimi, “velosiped yollarının salınması sağlamlıq üçün önəmlidir”.Bəs bütün günü tıxac girdabında boğulan dar küçələrin bir xəttinin velosiped xətlərinə ayrılması nə dərəcədə doğru seçimdir?
Maraqlı bir vəziyyət var. Təqdim edilən layihə gerçəkləşməlidir, mütləqdir. Amma bu layihənin gerçəkləşməsi üçün alternativlər seçilmir. Əldə olanın üzərinə, sözün əsl mənasında üst-üstə “həyata keçirirlər” gedir. Təki hesabat verilsin ki, “icra edildi. Bəs necə, nə cür, hansı yolla? Bunu nə soruşan var, nə araşdıran.Bakının Baş Planında 5 mərtəbən çox mərtəbəli binaların tikilməsinə icazə verilməyəcək. Bəs bu günə qədər tikilənlər necə olacaq? Başından kəsəsi deyilsiniz ki?
Deyilir ki, 25 metro stansiyası salınacaq. Çox gözəl, çox pakizə… Bu günə qədər planda olan metro stansiyaları tikilib başa çatıbmı?
Deyilir ki, Bakının küçələrində tramvaylar olacaq. Olsun, kor nə istər iki göz. Amma harada?
Hansı yollarda? Velosiped yolunun salınması üçünbir az da kəsib darlaşdırılan yollarda?
Mən belə baxdım, göz gəzdirdim. Belə qərara gəldim ki, Baş Planı həyata keçirmək üçün Bakını sözün əsl mənasında söküb, yenidən tikmək lazımdır.
Söküb, tikmək demişkən, Piraşağının da yollarını tikmişdilər, sonra nə fikirləşdilərsə, sökdülər. Güya kanalizasiya, yeraltı elektrik xətləri çəkdilər. Çəkdilər, Allah canlarını sağ eləsin. Amma yolu təzədən tikmədilər. Hava soyuq, yollar çala-çuxur, Pirşağı sakinləri də bu çala-çuxurda çırpışmaqla məşğuldur.
Yadıma düşmüşkən, soruşum: Pirşağı da Bakıdandır? Yoxsa, "ögey övlad"dır?
İlahin, Bizimyol.info