Ana-bala ölümləri davam edir... - Qeysəriyyə əməliyyatı nədir, hansı həftədə tətbiq olunur, təhlükəsi nədir...
Bir neçə gün öncə İsmayıllıda qeysəriyyə əməliyyatı olan qadın əməliyyatdan bir gün sonra dünyasını dəyişib. Əslində qeysəriyyə əməliyyatı yolu ilə ana olmaq qadınlar tərəfindən daha təhlükəsiz hesab edilir. Normal doğuşdan qorxan qadınlar bu əməliyyatı arzulayır. Amma qeysəriyyə əməliyyatı qadının arzuları ilə əlaqəli deyil, səhhətinə və sağlamlığına, daxildə olan dölün vəziyyətinə uyğun olaraq seçilir. Mütəxəssislərin fikrincə, doğuş növünü təyin etmək üçün ananın sağlamlıq vəziyyəti və həkimin tövsiyələri təsirli olur. Hərtərəfli araşdırma aparmadan normal doğum və ya qeysəriyyə ilə doğuşa qərarı vermək düzgün deyil. Normal doğuş ana və körpənin sağlamlığını riskə atacaqsa, qeysəriyyə əməliyyatına üstünlük verilməlidir. Bütün gələcək anaların qeysəriyyə əməliyyatının mərhələlərini, tətbiq olunan anesteziyanın növünü və qeysəriyyə əməliyyatından sonra nə etməli olduqlarını bilmələri vacibdir. Normal vaginal doğumun həyata keçirilə bilmədiyi hallarda istifadə edilən üsul qeysəriyyədir. Normal doğuş hesab edilən hallarda təcili olaraq, qeysəriyyə əməliyyatı aparıla bilər və ya prenatal planlama ilə qeysəriyyə qərarı verilə bilər. Doğuşdan əvvəl qeysəriyyə əməliyyatı aparılacağı müəyyən olunarsa, əməliyyatın tarixi və vaxtı təyin edilə bilər.
“Qeysəriyyə əməliyyat otağı şəraitində və anesteziya altında həyata keçirilən doğum texnikasıdır. Bu prosedurda körpə əvvəlcə qarın boşluğunda, sonra uşaqlıq yolunda kəsik edilərək ana bətnindən çıxarılır. Daha sonra kəsiklər tikişlərlə bağlanır və doğum tamamlanır”-bu barədə Bizimyol.info xəbər portalına ginekoloq Xoşqədəm İbrahimova danışıb.Qeysəriyyə ilə doğuş necə həyata keçirilir?
Hamiləliyin sonuna yaxın ginekoloji və doğum poliklinikasında həkim müayinəsi və yoxlamalar nəticəsində doğum növünə qərar verilir. Qeysəriyyə ilə doğuş planlı və ya təcili olaraq həyata keçirilə bilər. Normal doğuş ana və körpənin sağlamlığı üçün mənfi vəziyyət yaradacaqsa, keysəriyyə ilə doğuşa üstünlük verilməlidir.Qeysəriyyə ilə doğum hansı həftədə olur?
Qeysəriyyə əməliyyatı planlaşdırılırsa, ümumiyyətlə hamiləliyin 39-cu həftəsində həyata keçirilməsinə üstünlük verilir. Doğum suyunun erkən açılması və körpənin inkişafında geriləmə kimi hallar varsa, qeysəriyyə əməliyyatının daha əvvəl aparılması lazım ola bilər.Qeysəriyyə ilə doğuş neçə saat çəkir?
Qeysəriyyə əməliyyatı adətən bir saatdan az çəkir. Bu müddət əməliyyata hazırlıq, anesteziya prosedurları, qan analizləri kimi səbəblərə görə uzadıla bilər. Qeysəriyyə əməliyyatından sonra ana və körpə dərhal evə buraxılmır, bir neçə gün xəstəxanada qalmalıdırlar. Ananın qeysəriyyə əməliyyatından sonra ağrıları olduğu hallarda həkimin təyin etdiyi ağrıkəsicilərdən istifadə etmək olar. Sağalma prosesi üçün çoxlu maye içmək vacibdir. Müəyyən müddət cinsi əlaqədən uzaq durmaq lazımdır.Qeysəriyyə əməliyyatından sonra ana bir həftə ərzində köhnə gündəlik həyatına qayıda bilər. Əmizdirməyə başlamaq üçün heç bir vaxt məhdudiyyət yoxdur.
Qeysəriyyə əməliyyatından sonra hormonal dəyişikliklərlə əlaqədar anada depressiya, əhval-ruhiyyə, həddindən artıq yorğunluq yarana bilər. Ana bilməlidir ki, bu emosional sıxıntılar müvəqqətidir.
Qeysəriyyə ilə doğuşdan sonra ağrı olurmu?
Ağrı ananın quruluşundan, sağlamlıq vəziyyətindən, ağrı eşiyindən və qeysəriyyə əməliyyatı zamanı fəsadların inkişaf edib-etməməsindən asılı olaraq baş verə bilər.Ağrının şiddəti insandan insana dəyişir. Qarın nahiyəsində qaz yığılması ağrıya səbəb ola bilər. Ağrı riskini azaltmaq üçün bol-bol dincəlmək və bədəni yoracaq hərəkətlərdən qaçmaq lazımdır.
Qeysəriyyə əməliyyatından sonra ağrı yaranarsa, həkim nəzarəti altında ağrıkəsicilərdən istifadə etmək olar.