Bia.Az

“Taksi sürücüləri inhisarçılar, monopolistlər deyillər, nə qazanırlar ki, onlarla bu cür sərt davranılsın?” - ETİRAZ

Cəmiyyət
 11-01-2024, 19:48     464

Xəbər verdiyimiz kimi, taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələrin tətbiqi barədə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib. Taksi sürücülərinin "Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə cərimə edilmələri ciddi müzakirə olunur. Bildirilir ki, qanun qüvvəyə mindiyi gündən etibarən paytaxt küçələrində sıxlıq azalıb. Bu mənzərə bir tərəfdən ürəkaçan olsa da, digər tərəfdən çox sayda taksi sürücüsünün işsiz qalması, bir o qədər ailədə də “çörəkpulu”nun kəsilməsi deməkdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Pravda.az-a məsələni belə şərh edib: “Bu qanun qəbul ediləndə əleyhinə çıxmışam. Heç razılaşmamışam. Bu, guya qayda-qanun yaratmaq naminədir. Demişəm ki, birinci xalqımızı dolandırmaq, onlara ruzi vermək lazımdır. Vaxtilə dedim, onda da etiraz etdim. 50 min “butka”nı şəhərdən götürdülər ki, guya şəhərin görünüşünü pozur, özbaşınalıqdır. Axı 50 min ailənin çörəyi kəsildi. Bunu Milli Məclisdə də çıxışımda səsləndirdim. İndi də taksilər. Taksidə bu cür məhdudiyyət nə deməkdir? Bu, təxminən, 50 min ailəyə zərbə vurmaq deməkdir. Axı onun maddi durumu var. Məsələn, Berlin şəhəri Bakıdan böyükdür, amma Bakı Berlindən on dəfə çox gözəldir. Halbuki Berlində yaşayanlar Bakıdakılardan on dəfə çox varlı yaşayırlar. Niyə? Çünki dövlət onların yaşayışı ilə məşğuldur, bər-bəzək düzəltməklə yox. Qayda-qanunu ruzi ilə, çörəklə, mütərəqqi vergi, dolanışıqla düzəltmək lazımdır. Qanunun qəti əleyhinə oldum. Çox təəssüf ki, səsimə səs verən, müdafiəm olmadı. Axı taksi sürücüləri inhisarçılar, monopolistlər deyillər. Nə qazanırlar ki, onlarla bu cür sərt davranılsın?”

Tahir Kərimli düşünür ki, bu qadağalar mənfi tendensiyalara səbəb olacaq: “Taksi sürücüləri qanundan, qaydalardan kənar fəaliyyətə sövq olunacaq, başqa yollar axtaracaqlar. Yenə də bu fikirdəyəm, bütün ölkələrdə xalqın dolanışığı ilə maraqlanırlar ki, yaxşı dolansın, narazı, hökumətdən asılı olmasın, iş yeri kimi fəaliyyət göstərsin. Hətta ali təhsilli insanlar belə gedib taksi sürücülüyü ilə məşğul olub çörək qazanırdılar. Çünki başqa işləyəcək yerləri yox idi. Bunu ürək ağrısı ilə qəbul edirəm. Etirazıma baxmayaraq, qanun qəbul olundu. Bilirdim ki, belə mənfi çalarlar olacaq, camaatın dolanışığına təsir edəcək. Onsuz da ürək ağrısından dayana bilmirik. Qohum-əqrəbaya, el-obaya, camaata, seçicilərə baxırsan, görürsən ki, 80-90%-i nə qədər ağır şəraitdə yaşayır. Öz dərdin yadından çıxır, hamıya da kömək etmək olmur, bilmirsən ki, edəsən. Nə edək? Bunu düşünmək lazımdır. Bu məsələdə gücsüzəm. Deyirlər ki, deputat deyir, sözü keçmir. Artıq buna görə söz də demək istəmirik. Əvvəllər deyirdilər ki, niyə çıxış etmirsiniz, xalqı müdafiə etmirsiniz, məsələlər qaldırmırsınız? İndi sosial problemlərlə bağlı çıxış edirsən, deyirlər ki, sənin çıxışının nə mənası var? Yenə də əleyhimizə gedirlər. Həmin narazı xalq yenə də biz deputatlardan, mənim kimi insanlardan narazı qalır. Etiraf edirəm ki, axı mənim vəzifəm bunu icra etmək deyil. Mənim vəzifəm doğru-düzgün, xalqın, dövlətin xeyrinə qanunlar qəbul etməyə çalışmaqdır. Amma bunu yerinə yetirmək mənim vəzifəm olmadığına görə kimlərsə bizim üstümüzə yönəldir, bilmirəm. Xalq hökumətə olan acığını biz deputatlardan çıxır. Şəxsən mənə nə qədər hörmət olsa da, çoxlu iradlar tuturlar. Qalmışam belə, deyirəm ki, ay Allah, çalışıram, heç dinib-danışmayım. Bəs mən nə edim, nə işlə məşğul olum? Çünki sözümüz keçmir də...”
скачать dle 12.1