Bia.Az

İndi də Muxtar Respublikanın Təhsil Nazirliyi Bakını saymır - Naxçıvanın yenə “xanlığı” tutub...

Cəmiyyət
 8-01-2024, 20:13     197

Naxçıvanda yeni hakimiyyətin dövründə bir neçə məktəbin direktoru dəyişdirilib.

Ovqat.com-un məlumatına görə, direktorları dəyişdirilən məktəblər bunlardır:

Vüsalə Sadiqova – 17 saylı məktəb;

Fərqanə Əliyeva – 10 saylı məktəb;

Dilarə Rəsulova – 7 saylı məktəb;

Elmira Həsənova - Heydər Əliyev adına məktəb;

Esmira Həsənova – 5 saylı məktəb.

Məlumata görə, Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Gülxanım Orucova direktorları yanına çağırıb onlardan işdən çıxmaq barədə ərizə yazmalarını tələb edib. Direktorlar da “quzu balası” kimi onun tələbini yerinə yetiriblər və dünənədək idarə etdikləri məktəbdə müəllim kimi işləməklə razılaşıblar. Yalnız bir nəfər qanunsuz hesab etdiyi əmrə tabe olmayıb – 5 saylı məktəbin direktoru Esmira Həsənova. Direktor hansı haqla ondan bunu tələb etmələrini soruşub. Aldığı cavab da əsl “xanvari” olub – “ərizəni yazıb işdən getməlisən, əks halda səni biz işdən çıxaracağıq və ömrünün sonunadək işsiz qalacaqsan”.

Zavallı direktor nə illah edibsə, işdən çıxarılmaq üçün bir əsasın olmamasını Gülxanım xanıma başa sala bilməyib. Tərəf müqabili əmrin yuxarıdan – Naxçıvan MR Təhsil nazirinin müavini Ovni Muradovdan gəldiyini bildirib. Sonunda isə Ovni Muradovun Gülxanım vasitəsilə direktora çatdırdığı “xanvari” əmri keçərli olub. Esmira Həsənova Azərbaycan Respublikasının İş Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, sözügedən maddənin “Ç” bəndində bildirilir:

“Ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Bir sözlə, Esmira Həsənova vaxtilə Vasif Talıbov rejiminin ən çox sevdiyi və bir çox naxçıvanlını qiyamətə qədər işsiz qoyduğu maddə ilə vəzifəsindən uzaqlaşdırılıb. Bu maddə ilə işdən uzaqlaşdırılanlar isə öz peşələrinə uyğun sahələrdə işləyə bilməzlər. Necə ki, Vasif Talıbovun dövründə Azərbaycan Polis Akademiyasının məzunları da məhz bu maddə ilə işdən uzaqlaşdırılır və onlardan bəziləri indi Bakının küçələrində taksiçilik edərək evlərinə çörək pulu aparırlar. Esmira Həsənovanın da məhz həmin maddə ilə işdən məhrum edilməsi Naxçıvanda hələ də “xanlıq” ənənələrinin hökm sürdüyündən xəbər verir. Belə görünür ki, “canişin” əfəndinin Naxçıvana göndərilməsi də bu diyarda “xanlıq” üsul idarəsini sıradan çıxarmayıb. Əksinə “xanlıq” dövründə Polis Akademiyasının məzunları üçün keçərli olan “Azərbaycanın casusu” anlayışı indi təhsil sisteminə də sirayət edib. Yeri gəlmişkən, bizdə bu qənaətin formalaşması təsadüfi deyil. Yazının sonrakı hissələrində də oxuyacağınız kimi, Esmira müəllimə NDU-da yox, BDU və dövrünün ən prestijli ali məktəblərindən sayılan “Qafqaz”da təhsil alıb. İnformasiya mənbəmizin dediklərinə inansaq, bəlkə də onun ən böyük qüsuru da elə budur – NDU-da Şimali Koreya əsgərləri kimi uniforma geyməməsi və dolayısıyla daha mübariz olması.

Məsələ təkcə bu olsaydı, dərd yarı idi. Esmira müəllimin başına gələnlər onu da göstərir ki, Muxtar Respublikada “xanlıq” dövrünün Bakını hesaba qoymaması ənənəsi bu gün də davam edir. Belə ki, işdən haqsız olaraq və ən ağır maddə ilə çıxarılan Esmira Həsənova öz haqqını almaq üçün bir sıra qapıları döyür. Təhsil Nazirliyinin rəsmilərindən tutmuş, Prezidentin Xüsusi Nümayəndəliyinə qədər üz tutduğu bütün ünvanlardan istədiyi nəticəni ala bilmir. Hətta şikayətə getdiyi xüsusi nümayəndənin köməkçi Samir Seyidəhmədli onu qəbul etmək zəhmətinə belə qatlanmayıb. Baxmayaraq ki, Esmira müəllimə həm də Naxçıvan Ali Məclisinin deputatıdır, ən azı bu statusuna görə onun sözünü dinləməli idilər. Həm də heç olmasa o səbəbdən ki, Xüsusi Nümayəndəliyin özü də bu gün adam yerinə qoymadıqları deputatların toplandıqları Ali Məclisin binasında yerləşir.

Qısası, Naxçıvanda heç bir şeyə nail olmayan Esmira müəllimə, nəhayət, Bakıya üz tutmağa qərar verir. Məlumata görə, o, Azərbaycan Elm və Təhsil naziri Emin Əmrullayevin qəbulunda belə olur. Nazir onun şikayətini dinləyir və işdən çıxarılma əmrinin surətinə baxır. Sabiq direktorun qanunsuz bir əmrə kiçicik etirazına görə bu qədər ağır maddə ilə cəzalandırılması naziri belə təəccübləndirib. İddialara inansaq, Emin Əmrullayev Naxçıvan Təhsil Nazirliyinə zəng edib öz iradını bildirir və müəllinənin işdən çıxarılması əmrinin dəyişdirilməsini tələb edir. Amma farslar demişkən, çifayda. Naxçıvan MR Təhsil Nazirliyi isə yenə “xanlıq” dövrünün ənənəsinə sadiq qalaraq Emin Əmrullayevin bu tələbini ümumiyyətlə hesaba qoymur.

İnformasiya mənbəmizin bildirdiyinə görə, Esmira xanım BDU-nin Şərqşünaslıq fakültəsinin məzunudur: “O, bu ali məktəbi fərqlənmə ilə bitirib. Magistratura təhsilini isə o dövrün ən sanballı ali məktəblərindən sayılan və adətən başarılı abituriyentlərin seçdikləri Qafqaz Universitetində alıb. Dəfələrlə ölkəmizdə və Türkiyədə ixtisasartırma kurslarında özünü təkmilləşdirib. Sonuncu dəfə işdən çıxarılmamışdan bir müddət əvvəl öz hesabına Türkiyədə təşkil olunan bir kursa qatılıb. Şagirdlərin düzgün ixtisas seçimini asanladırmaq üçün nəzərdə tutulan “Təhsil Kouçları” layihəsinin qalibidir və s. Bir sözlə, Naxçıvanda çox az pedaqoq var ki, bu özəlliklərə sahibdir”.

Aldığımız məlumatları dəqiqləşdirmək üçün Esmira Həsənovanı axtardıq. Naxçıvandakı mənbələrdən əldə etdiyimiz telefonunu yığdıq. Esmira müəllimə adımızı eşidən kimi, bizə heç bir açıqlama verə bilməyəcəyini bildirdi. Çəkincəsini isə belə əsaslandırdı: “Siz çox sərt yazırsınız. Mən dövlətimə sadiq biriyəm və sizə hər hansı açıqlama vermək istəmirəm”... Sonra isə üzə qapanan telefonun məşhur səsləri eşidildi: “Düd, düd, düd”...

Nə yazıq ki, Naxçıvanda hələ də öz dərdini açıq deyə bilməyən insanlar var və onların ən cəsarətlisinin telefonu belə “düddüldəməklə” məşğuldur. Bütün bunlara baxmayaraq, biz Esmira xanıma öz hüquqları uğrunda mübarizədə başarılar diləyirik. Məsləhət bilsə, biz onun şikayətlərini dinləməyə və işıqlandırmağa hazırıq.

Heydər Oğuz,
Ovqat.com
скачать dle 12.1