Bia.Az

Azərbaycanlı blogerlər “çirkli pullar”ı necə yuyurlar? – SENSASİON DETALLAR

Cəmiyyət
 15-12-2023, 15:31     399

Dünyada “çirkli pullar”ın yuyulmasının müxtəlif yolları var. Son illərdə bu istiqamətdə ən çox istifadə edilən metodlardan biri də blogerlərin fəaliyyəti üzərindən edilən hərəkətlərdir. Təsadüfi deyil ki, son vaxtlar Türkiyə və Rusiyada “çirkli pullar”ın yuyulmasına görə xeyli sayda fenomen cinayət məsuliyyətinə cəlb ediliblər.

Bəs, blogerlər “çirkli pullar”ı necə yuyurlar?

“Çirkli pul” sahibləri bəzi adamlara əvvəlcə müəyyən qədər “investisiya yatırırlar”. Sosial şəbəkələrdə yaxşıca “raskrutka” olunan sıravi adamlar qısa müddətdən sonra məşhur blogerə, vaynerə, tiktokerə və s. çevrilirlər

Əsl maxinasiya da bundan sonra başlayır. Guya ki, populyar bloger və digərləri reklam hesabına külli miqdarda pul qazanırlar. Və onların hesabına oturan yüz minlər, milyonlar çox asanlıqla xaricdəki bank hesablarına ötürülür. Beləcə, qanunsuz şəkildə qazanılmış milyonlar xaricə çıxarılır. Xaricə çıxarılan pullardansa həmin səhifə sahibinə müəyyən miqdarda faiz qaytarılır.

Məhz asan yolla varlanmaq şansı verdiyinə görə son vaxtlar gənclər arasında bu sahəyə maraq kəskin artıb. Qəribədir ki, bloger, vayner, tiktokerlər əsasən gözəl xanımlar olur. Bu da onunla bağlıdır ki, gözəl xanımların izləyiciləri nisbətən daha çox olur.

Bəs, bu şəbəkələr necə idarə olunur?

Fenomenlər əsasən “TikTok” və “İnstagram” platforması üzərindən işləyirlər. Məsələn, “TikTok” platformasından istifadə edənlər pulu əsasən jetonlardan “qazanırlar”. Belə ki, “TikTok”da pullar oyunlar zamanı atılan jetonlardan gəlir. Bu jetonların hamısı pul ekvivalentindədir. Balansa nə qədər çox jeton yığılırsa, bu o qədər çox pul deməkdir.

Nəzərə alaq ki, “TikTok” azərbaycanlı istifadəçilərə birbaşa ödəniş etmir. “TikTok”dan pul qazanmaq və yaxud pul çıxartmaq istəyən şəxsin hökmən inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da, Kanadada, Yaponiyada və ya Avropa ölkələrinin hansısa birində bank hesabı olmalıdır. Bəzi blogerlər də əvvəlcə həmin ölkələrdən birində hesab açır, sonra isə fəaliyyətlərini Azərbaycanda “şaxələndirirlər”.

Qeyd edək, ki, bu şəxslərin xaricdəki hesablarına Azərbaycanın müvafiq qurumları nəzarət edə bilmirlər. Ona görə də tiktokerlər asanlıqla milyonlarla vəsaiti xaricə çıxara bilirlər.

“İnstagram” üzərindən də proseslər eyni cür həyata keçirilir.

Blogerlər müxtəlif yarışlar və lotereya oyunları keçirirlər. Bu yarışmalarda mexanizm belə işləyir ki, blogerin guya çoxlu sayda sponsorları olur. Onlar yarışmaya müxtəlif miqdarlarda pul və yaxud hədiyyə qoyurlar. Hətta yarışmaya mükafat kimi avtomobil də qoyan olur.

Qiymətli hədiyyələr də guya ki, sponsorlardan gələn puldan formalaşır. Ancaq hər bir sponsordan fenomenə ən yaxşı halda 150-200 manat pul gəlir. Lakin, sponsorlardan gələn pulla uduşa qoyulan hədiyyənin qiyməti arasında tərs mütənasiblik olur. Yəni sponsorlardan 25 min manat yığıldığı halda, uduşun dəyəri 50 min manat göstərilir. Bu da xeyli suallar doğurur. Bu zaman bir neçə qanun pozuntusuna yol verilir.

Qanun pozuntusu oradan başlayır ki, Azərbaycanda lotereya keçirtmək üçün müvafiq dövlət qurumlarından lisenziya alınmalıdır. Əks təqdirdə lotereya oyunu qanunsuz sayılır. Daha doğrusu, bu, sırf fırıldaqçılıq əməli hesab olunur.

Fenomenlərin keçirdikləri lotereya oyunundakı ikinci qanunsuzluq sponsorların qoyduğu vəsaitlə uduşun məbləğinin düz gəlməməsidir. Tutaq ki, 50 min manat dəyərində hədiyyə qoyulub.

Amma sponsorlardan cəmi 25 min manat yığılıb. Göründüyü kimi, 25 min manat vəsait “havada qalır”. Bu da onu sübut edir ki, fenomenlər “çirkli pullar”ın yuyulması ilə məşğuldurlar.

Yəni, sponsorların ödənişində heç bir şəffaflıq olmur. Maraqlıdır ki, lotereyalara qiymətli hədiyyələr, hətta avtomobil qoyulur. İlk baxışdan adi görünən bu prosesdə təəccüb doğuran məsələ odur ki, hansısa fenomenin uduşa qoyduğu hədiyyə “Azərlotereya” və “Misli”nin qoyduğu hədiyyələrdən qiymətli olur. Hələ uduşun necə reallaşdırıldığı barədə danışmırıq. Bu da ayrı bir araşdırma mövzusudur.

Fenomenlər asanlıqla vergidən yayınırlar.

Məlumdur ki, sponsorlar pulu nağdsız şəkildə ödəyirlər. Bu ödənişlərin hər birindən müvafiq qaydada vergi tutulmalıdır. Çünki bloger bütün hallarda pul qazanır. Lakin onların davamlı şəkildə vergi ödəməsi barədə heç bir rəsmi məlumat yoxdur. Bu da başqa bir qanun pozuntusudur.

Nəzərə alaq ki, Türkiyədə fenomenlərin həbsindən sonra Azərbaycanda da bəzi blogerlər kölgəyə çəkilib. Amma aktiv fəaliyyət göstərən blogerlər az deyil. Məsələn, Elmira Namazova, Ülvi Fatimə, Sabi Orucova, Nagihan və Fərid Abdullayevlər “İnstagram” səhifələrində bahalı həyat tərzini reklam edir, müxtəlif lotereyalar təşkil edirlər. Maraqlıdır, onlar bu qədər pulu haradan və hansı yolla qazanırlar? Üstəlik, bahalı hədiyyələr edirlər? Ən əsası onlar qazanclarından gəlir vergisi ödəyirlərmi?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq.
Mövzunu davam etdirəcəyik.

Müəllif: Surxay Atakişiyev - Mənbə: Bizim.Mediaскачать dle 12.1