Bia.Az

Küçələrdə “ölüm gəzən” süpürgəçilər...

Cəmiyyət
 3-11-2023, 15:19     341

Ekspert: “Texnologiyanın inkişaf etdiyi dövrdə əsas prospekt və küçələri süpürgəçilərin təmizləməsinə son qoyulmalıdır”

Bakıda “Aeroport yolu” kimi tanınan şossedə avtomobil yenə küçəni təmizləyən kommunal təsərrüfat işçisini vurub. Təmizlik işçisi hadisə yerində keçinib. 
Hələ 2018-ci ildə Bakıda küçələrin təmizlənməsi ilə xüsusi texnikanın məşğul olacağı açıqlanmışdı. Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdi ki, paytaxt küçələrini təmizləmək üçün Almaniya istehsallı 10-a yaxın texnika gətirilib. Ölkə başçısının tapşırıqlarına əsasən, əsas magistral yollarda, prospektlərdə zibilin yığışdırılmasının avtomatlaşdırılacağı düşünülürdü. Amma Bakı küçələrində belə texnikalara ya nadir hallarda rast gəlinir, ya da onlar, ümumiyyətlə, gözə dəymir.
Elə adının açıqlanmasını istəməyən bir kommunal təsərrüfat işçisi də “AzadlıqRadiosu”na  işlərinin ağır və təhlükəli olmasından danışıb: “Yayda səhər 4-5, qışda isə 5-6 arası işə başlayıram. Müdiriyyət bizdən belə tələb edir. Kim öz xoşu ilə yuxunun ən şirin vaxtında küçəni süpürməyə çıxar? Qışda isə hava soyuq, küçələr də qaranlıq. Ara məhəllələri süpürənlərin maşın sarıdan hələ bəxti gətirir, amma prospektlərdə işləyənlərin işi çətindir. Bilmirsən, küçə süpürəsən, yoxsa yola baxa-baxa sürətlə gələn maşından özünü gözləyəsən”.
Elməddin Muradlı: "Bakının nəqliyyat sistemi çökür" | Baki-baku.az
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, texnologiyanın inkişaf etdiyi dövrdə əsas prospekt və küçələrin süpürgəçilər tərəfindən təmizlənməsinə son qoyulmalıdır: “Təhlükəli yol ərazilərində xüsusi texnikalardan istifadə etmək faydalı olar. MİS müdirləri, işçilərlə ünsiyyətdə aydın olur ki, vaxtaşırı təhlükəsizliklə bağlı xəbərdarlıq edilir. İşçilərin əksəriyyəti yaşlı qadınlardır. Onların isə çevikliyi yoxdur. Yolu ləng keçirlər, diqqətsizlik edirlər. Hətta araşdırma aparılsa, bəlkə də yaşlı insanlar işçi kimi qeydiyyata alınmırlar. Sosial sahələrə məsul qurumlar yaşlı insanlara normal pensiya versələr, onlar nəyə görə küçə süpürmək məcburiyyətində qalsınlar ki? 300-400 manat maaş üçün əlverişsiz hava şəraitində belə çalışırlar. Üstəlik, bir gün yol kənarında qəzanın qurbanı olmaq ehtimalı böyükdür... Onların evlərində rahat yaşamaq, istirahət etmək vaxtıdır, amma məmurların özbaşınalığının, korrupsiyanın qurbanı olurlar”.
Nəqliyyat eksperti deyir ki, belə qəzaların əsas səbəblərindən biri küçələrin işıqlandırılmamasıdır: “Süpürgəçilərin vurulması halları əsasən səhər saatlarında baş verir. Onlar əsasən sutkanın qaranlıq vaxtı, səhər 4-dən yollarda təmizlik işlərinə başlayırlar. Aidiyyəti qurumlar işıqlandırmanı təmin edə bilmir deyə yollar qaranlıq olur. Təmizlik işçilərinə yol polisi əməkdaşları tərəfindən dəfələrlə işıqqaytarıcı elementi olan geyimlər paylansa da, süpürgəçilər istifadə etmirlər. Çox zaman qara geyimdə qaranlıq sahədə yola çıxırlar. Onlar düşünürlər ki, sürücülər onları görür. Nəticədə faciə yaşanır. Səhər saatlarında sürücülərin yuxulu olma ehtimalı çoxdur. Bəzi sürücülərdə yuxusuzluq səbəbi ilə diqqət dağınıqlığı müşahidə olunur. Küçələrin işıqlandırılmamasını nəzərə alsaq, faciənin qarşısını almaq çətinləşir.
Ekspert xatırlatdı ki, 4 il öncə ölkə başçısının sərəncamı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. O qeyd etdi ki, sərəncama əsasən hətta məhəllədaxili yollar da işıqlandırılmalı idi: “3 ildir ki, bu sərəncama əhəmiyyət verilmir. Yalnız şikayət olduqda müvafiq qurumlar işıqlandırma məsələsini həll edirlər. Küçələrin işıqlandırılması hər mənada təhlükəsizlik üçün önəmlidir. Yollarda hərəkət intensivliyi də artıb. Məsələn, əvvəllər şagirdlərin əksəriyyəti ictimai nəqliyyatdan istifadə edib məktəbə gedib-gəlirdisə, indi onların bir çoxunun valideyni övladlarını məktəbə şəxsi nəqliyyat vasitəsilə aparıb-gətirməyi üstün tutur. Bundan əlavə, insanlar ictimai nəqliyyata yox, daha çox manatlıq taksilərə üstünlük verir, rayonlara gedərkən avtovağzaldan çıxan avtobuslara yox, fərdi nəqliyyat vasitələri ilə getməyi üstün tutur. Ancaq bu sürücülərin iş və istirahət rejimi məlum deyil, onlar sürətlə hərəkət edir, kobud qayda pozuntularına yol verirlər ki, mənzil başına tez çatsınlar, yenidən müştəri yığıb geri qayıdaraq bir az daha çox pul qazansınlar. Bütün bu kimi hallar sonda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. İnsanlarda son zamanlar psixoloji gərginlik müşahidə edilir. Heç kim bir-birinə güzəşt etmir, ən kiçik bir səhvə görə yolda insanlar az qalır bir-biri ilə dava eləsin, bıçaqlaşsın. Son vaxtlar bizim əlimizə düşən görüntülərdən görürük ki, yollarda əlbəyaxa dava olur, bir-birini bıçaqlayırlar. Yol üstündə adam öldürüb, hətta məhkəməyə qədər gedənlər var. Bu cür problemlər də gətirib qəzalara çıxarır. Məsələn, insanlar var ki, işıqforda dayanmağa səbri çatmır. Özüm şahidəm ki, neçə adam gəlir, işıqforun qırmızı işığını gözləmədən keçir”.
Nəqliyyat eksperti deyib ki, ümumiyyətlə, yol qəzalarının sayı artıb: “Yol şəbəkəsində nişanlar çatışmır. Svetoforların iş prinsipi düzəlməlidir. Piyada keçidləri daha çox olmalıdır. Son vaxtlar fikir versək, görərik ki, hətta zebraların üstündə də piyadaların vurulması halları çoxalır. Mən təklif edirəm ki, piyada keçidlərinin yaxınlığında tramplin qoyulmalıdır. Sürücülər buna artıq vərdiş edəcəklər ki, keçidə yaxınlaşanda tramplin var, sürəti azaldacaqlar və beləliklə də, piyada keçiddə vurulmayacaq. Hətta mən bu təcrübənin uğurlu olduğunu Gürcüstanda da görmüşəm. "Qarşıda piyada keçidi var" nişanına fikir verməyənlərin bir çoxunu bu tramplinlərin ayıldacağını düşünürəm. Maşının təkərləri tramplinə dəyəndə hətta yatmış sürücü belə ayılar ki, burda maneə var".

BİA.az
скачать dle 12.1