Bia.Az

“Ay alan, böyrəyimi satıram”- sosial mediada orqan satışı

Cəmiyyət
 13-10-2023, 14:34     491

Vəkil: “Donor orqanların alqı-satqısı, reklamı qadağandır, əməl etməyənləri...”

Son zamanlar sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyən insanlarla bağlı və buna dair səhifələrə rast gəlinir. Hətta sosial şəbəkələrdə daxili orqanların qara bazardakı qiymətləri də qeyd edilir. Misal üçün, ağciyər 309 552, böyrək 160 000, insan skeleti 8 000, ürək 600 000, qanın yarım litri 300 manat. Millət vəkili Rəşad Mahmudov bu məsələ ilə bağlı “Trend”ə açıqlamasında bildirib ki, bəzi orqan satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məsələlərin gündəmə gəlməsi xoşagəlməzdir. “İnsanlar arasında bu haldan sui-istifadə edərək orqan alverinə cəhd xoşagəlməz haldır. Bu həm hüquqi, həm də tibbi tərəfdən birmənalı olaraq yol verilməzdir", - deyə deputat əlavə edib.
R.Mahmudov vurğulayıb ki, bu, birmənalı olaraq ölkəmizdə aparılan səhiyyə islahatlarına zərər verən bir hadisədir. “Amma bunu yaradan səbəblər içərisində ölkədə aparılan müsbət tendensiyalı işlərdir. Bunlar içərisində də bir çox sahələr kimi orqan transplantasiyasının da icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsidir. Bu, insanlar üçün ciddi bir şəkildə rahatlıq yaradıb. Əvvəllər maddi imkansızlıqdan bu əməliyyatlara imkanı çatmayanların orqan transplantasiyasının aparılmasının aparılan siyasətin nə qədər doğru olduğunu göstərir”, - deyə o qeyd edib.
Vəkil Turan Abdullazadə “Yeni Müsavat”a məsələnin hüquqi tərəflərini belə izah etdi: “Qanuna görə digər tibbi üsullarla və meyit donor orqanları vasitəsilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda canlı donordan  orqanların transplantasiyasına yol verilir. Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.
Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. Həmin Qanunun Maddə 32-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır".

Vəkil əlavə edib ki, Cinayət Məcəlləsinin 137.-ci maddəsinə əsasən insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı - altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi - doqquz min manatdan on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Transplantoloq Mircəlal Kazımi də bildirir ki, orqan transplantasiyası ölkəmizdə qadağandır: “Orqan satmaqla bağlı cinayət məcəlləsində həbs olunma var. Burada etik olaraq orqanların alış-verişi, satışı qəti şəkildə qadağandır. Çünki kiminsə imkanı varsa, kiminsə orqanını almaq üçün komfortu olmamalıdır. Biz həkimlər, cəmiyyət olaraq da buna qarşı çıxırıq. Onu da deyim ki, orqanların transplantasiyası zamanı orqanların donordan alınması özü ciddi əməliyyatdır. İxtisaslaşmış tibb müəssisələrində bu əməliyyatlar icra olunur”.
Qeyd etmək yerinə düşər ki, orqan transferi şəxsin razılığı əsasında beyin ölümü keçirəndən sonra baş tuta bilər. Bu proses artıq bir ilə yaxındır ki, Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən idarə olunur. Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mediaya açıqlamasında əsas fəaliyyət istiqamətlərindən danışıb və bildirib ki,  Azərbaycan Respublikasında orqan donorluğu və transplantasiya işinin təşkili, əlaqələndirilməsidir: “Eyni zamanda vahid informasiya bazasının yaradılması, canlı və meyit donorlardan resipiyentlərə orqanların verilməsi ardıcıllığının aparılması və respublikada olan bütün transplantasiya əməliyyatlarının koordinasiya edilməsi mərkəzin əsas fəaliyyət istiqamətləridir. Bununla yanaşı, biz mərkəz olaraq informasiya təminatını həyata keçirməliyik. Bu, çox vacibdir. Çünki Azərbaycanda hələ meyit donordan orqanlar verilmir və biz, əhalini bununla bağlı məlumatlandırmalıyıq ki, onlar öləndən sonra öz orqanlarını donor gözləyən insanlara vermək istəsinlər, bu xeyir və savab işə qoşulsunlar. Mərkəzi fəaliyyətə başlayandan sonra 2022-ci ilin dekabr ayı ərzində dövlət proqramı ilə 22 böyrək, sonrakı ayda isə 3 əməliyyat icra olunub. Ən çox böyrək transplantasiyası əməliyyatı olmaqla, eyni zamanda, qaraciyər, sümük iliyi əməliyyatı da icra olunub. Bizə xəbər edilmədən həyata keçirilən əməliyyatlar da var. Bu, zamanla öz həllini tapacaq və bizim əlimizdə ölkə üzrə dəqiq ümumi statistik məlumatlar olacaq. Çünki vahid informasiya bazasını idarə edən qurum bizik. 18 yaşdan yuxarı hər kəs orqanlarını verə bilər. Sümük iliyi və kök hüceyrəni isə 18 yaşdan aşağı şəxslər də verə bilər. Solit, yəni bərk orqanlar ölü donorlardan götürmək üçün 1 yaşı tamam olmuş, canlı donorlar isə 18 yaşdan yuxarı olmalıdır”.скачать dle 12.1