Bia.Az

“Sizə Araikdən məktub var...” – Paşinyanın bir bu həyasızlığı qalmışdı

Cəmiyyət
 15-07-2023, 15:09     246

Qarabağdakı erməni terrorçularının başını birdəfəlik əzmək üçün daha bir legitim əsasımız yaranıb. Söhbət Rusiya “sülhməramlılar”ın müvəqqəti nəzarətində olan ərazimiz üzərindən uçuşlar zamanı sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı separatçıların radiomaneələr tətbiq eləməsi kimi terrorçu hərəkətdən gedir.

Rusun arxasında gizlənən erməni bandit qalıqları artıq müntəzəm surətdə bu təhlükəli əmələ də getməyə başlayıblar. O halda gərək bədəlinə də hazır olsunlar. Artıqlaması ilə. Zira, Qarabağ Azərbaycandırsa, onun səması da Azərbaycandır! Heç darıxıb-eləməsinlər, “tələ yiyəsi” bir gün mütləq gələcək - qəfil, rusa-musa baxmadan...

Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyinin radio-təxribatla bağlı yaydığı məlumatda belə bir cümlə var ki, Rusiya hərbi kontingentinə məlum insidentlərin qarşını almaq barədə dəfələrlə müraciət edirsə də nəticə olmayıb. O zaman deməsinlər ki, demədik. Sabah Bakıdan vaxtından əvvəl “İvan, idi domoy!” komandası gələndə heç kimdən yox, özlərindən və bir də vassal ermənilərdən küssünlər.

Ümumiyyətlə, liderlərin üçlü formatda budəfəki Brüssel görüşü ərəfəsi “Şeytan yuvası”nda Azərbaycana qarşı rusla əl-ələ silsilə təxribatlar törədilməsi məxsusi diqqət çəkir (Onlardan biri də Xocalı aeroportunda Rusiya, Ermənistan bayraqları və oyuncaq rejimin əski parçasının yanaşı dalğalanmasıdır!)
zad.jpeg (142 KB)
Xankəndi “etirazlar”ında həmçinin baş nazir Nikol Paşinyanın barmağı və marağı olduğu istisna deyil. Hədəf də yəqin budur ki, Brüsseldə “əli” güclənsin, masaya daha inamlı otura, şərt diktə edə bilsin.

Təsadüfi deyil ki, Paşinyan budəfəki üçtərəfli görüşə qatılmazdan öncə separatçı-başı Araik Arutunyanın Avropa Şurası İttifaqının Prezidenti Şarl Mişelə yazdığı məktubu çatdırıb. Şəxsən. Məktubun məzmunu isə açıqlanmır.

Bu da sizə növbəti erməni hiyləsi. Guya Araik özü Şarl Mişelə elektron poçtla namə göndərə bilməzmiş, mütləq Nikol arada poçtalyonluq eləməli imiş! Dünya indi də məktub tamaşasına şahidlik eləməli imiş. Əlbəttə ki, xəstə və “əzabkeş xalq”ın növbəti abırsızlığı, daha bir ucuz hoqqasıdır...

Bu gün Belçika paytaxtında Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında sayca 6-cı görüş olacaq. Nikolun poçtalyonluğundan isə belə anlaşılır ki, kapitulyant tərəfiyenə pozucu və radikal mövqe tutmağa çalışacaq.

Hər necə olmasa, Araikin məktubunda nələrin əksini tapdığını təxmin eləmək çətin deyil. Yüzdə yüz orada Bakının “səbəb” olduğu “120 minlik əhalinin, 30 minlik uşağın dəhşətli blokada”sı, “etnik təmizləmə”, “genosid”, “Laçın dəhlizinin 7 aydır bağlı qalması” ifadələri gen-bol yer alıb. Dünyanın taleyinin az qala “mübariz artsax xalqı”ndan asılı vəziyyətə gəlməsindən bəhs olunub, “artsax vəhşi Azərbaycanın tərkibində ola bilməz” tipli ənənəvi erməni yalanları əks olunub...

Bunlar, əlbəttə ki, Qəribin əli ilə Bakını hansısa güzəştə sövq eləmək, sülh prosesini pozmaq, o sırada Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı sənədin imzalanmasını əngəlləmək məqsədi güdür. Neçə vaxtdır Nikol sırtıqcasına “Bakı və Xankəndi arasında beynəlxalq mexanizm çərçivəsində danışıqlar aparılmalıdır” deyib ah-nalə çəkmirmi? Ərazi bütövlüyümüzü tanıdıqlarınə bəyan elədikləri halda, sülh müqaviləsini riyakarcasına aparıb uydurma məsələyə - Azərbaycanın sırf daxili işinə bağlamağa çalışan da özləridir.

Fəqət, nafilə cəhdlərdir. Keçməz. Azərbaycana təzyiq eləmək üçün gərək heç olmasa onun qədər hərbi və iqtisadi güc sahibi olasan. Bu isə ən azı, yaxın və orta perspektivdə gözlənilmir. Rusun fitnəsi ilə boşuna özlərini cırmasınlar...
Zahid SƏFƏROĞLUскачать dle 12.1