Bia.Az

İsrailli nazirin “Bakıya peyk satacağıq” xəbərini “Azərkosmos” təsdiq etmədi - niyə?

Cəmiyyət
 28-04-2023, 09:53     276

Ekspertlər deyir ki, Azərbaycanın İsraillə müşahidə, kəşfiyyat peyki sahəsində əməkdaşlığı bəzi ölkələri qıcıqlandırıb, ona görə də...

Son günlərdə mediada Azərbaycanın xarici ölkədən peyk alacağı barədə məlumat yayılıb. Konkret olaraq  İsrailin “Aerospace İndustries” şirkətinin  Azərbaycana ümumi dəyəri 120 milyon dollar olan iki peyk satacağı bildirilir. Hətta bu məlumatı İsrailin xarici işlər naziri Eli Kohen “Times of İsrael” qəzetinə müsahibəsində təsdiqləyib.
Aprelin ortalarında Bakıya və Aşqabada səfərini şərh edən Kohen deyib ki, Azərbaycan peyk almaq üçün İsrail şirkətini seçib.
Kosmik Agentlikdən- “Azərkosmos”dan isə məlumatı təkzib ediblər. Qeyd olunub ki, məlumat ictimaiyyətə natamam, bəzən isə təhrif olunmuş formada çatdırılıb.
""Azərkosmos" Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparır. Bu, davamlı prosesdir və ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək", - qurumdan “Trend”ə bildiriblər.
Telekommunikasiya peyki olan “Azersky”dən isə səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilirdi. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə xidmət göstərirdi. “Azersky” Yerin müşahidəsi baxımından, həmçinin açıq desək, kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyev də məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı. Peyk təxmini hesablamalara görə, yaxın iki ilə daha 20 milyon dollar xeyir gətirə bilərdi. 
Bugünlərdə “Azərkosmos” açıqlama yayaraq bildirib ki, Azərbaycanın “Azersky” - Yerin məsafədən müşahidə peyki fəaliyyətini vaxtından tez bitirib. Qurumun açıqlamasına görə, peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın “Airbus Defence and Space” ilə birgə çalışsalar da, “Azərsky” ilə rabitə qurmaq mümkün olmayıb. 
Bəs İsrailin Azərbaycana peyk satacağı xəbəri mötəbər mənbədən səslənsə də,  “Azərkosmos”  niyə bunu təkzib etdi?
Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp  istifadəçi məlumatı toplamırdı?
Fərhad Mirəliyev
İKT üzrə mütəxəssis Fərhad Mirəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələ daha çox diplomatik münasibətlərə  söykənir: “Yalnız məsələnin texniki tərəfi barədə onu deyə bilərəm ki, bizim orbitdə olan peyklərimizin həm istismar müddəti bitir, həm də qəza da oldu. Bunların da heç biri, heç əvvəlkilər də bizim ölkədə hazırlanmamışdı, bizim ölkədən orbitə buraxılmamışdı. İndi yeniləri olacaq, burada müxtəlif variantlar ola bilər. Bir variant İsrail və Türkiyənin peykləri ola bilər. Çünki Türkiyənin bu sahədə artıq müəyyən təcrübəsi formalaşıb. Ola bilər, İsrail də istəyir öz məhsulunu satsın, Türkiyə də eynilə öz məhsulunu satmaq istəsin. Ehtimal ola bilər ki, Azərbaycan da iki ölkə arasında diplomatik münasibətlərə, həm də yekdil qərar olmadığına görə təkzib edib. Real namizədlər Türkiyə ilə İsrail görünür. Çünki bundan əvvəlki proqram təminatında Fransa istehsalının izləri görünürdü. Bu da müəyyən şübhələr yaradırdı. Bu qəza olanda da şübhələr oldu ki, bəlkə bu heç təbii qəza olmayıb, təxribat törədiblər və sairə. Odur ki, bu iki ölkəyə müsbət cavab verilə bilər”.
Osman Gündüz — Vikipediya
 Osman Gündüz
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın yeni müşahidə peykinin hazırlanması ilə bağlı İsraillə əməkdaşlıq etməsi ilə bağlı məlumatlar daha çox İsrail mətbuatında yayılıb. İsrail mediası nazirin Azərbaycana səfəri çərçivəsində belə bir razılıq əldə olunduğunu bildirib. Amma “Azərkosmos”un açıqladığı məlumata baxdım ki, orada təkzibdən söhbət getmir. Orada qeyri-dəqiqlikdən, ya da məlumatların  tam verilməməsindən danışılır. Yəni birmənalı olaraq təkzib, ya təsdiq edilməyib. Mən düşünürəm ki, doğrudan da Azərbaycan hökuməti yeni müşahidə peykinin hazırlanması, orbitə qaldırılması ilə bağlı çox güman ki, İsrail hökuməti ilə işbirliyi qurmaq niyyətindədir. Belə olmasaydı, artıq bununla bağlı daha ciddi təkziblər ola bilərdi. İsrail mətbuatında da bunun təkzibi ilə bağlı rəsmi açıqlama verilməyib. Yəni bu o deməkdir ki, bu istiqamətdə çox güman müəyyən işlər aparılır. Hesab edirəm ki, əslində hökumətin atdığı addımlar düzgündür. İndi İsraillə 44 günlük Vətən müharibəsində hərbi əməkdaşlıq sahəsində olan uğurlarımız onu göstərdi ki, bu düzgün seçimdir. Bizim növbəti müşahidə peykimizin İsraillə birgə hazırlanması doğru addım olardı. Fikrimcə, “Azersky”la bağlı, peykimizin vaxtından əvvəl sıradan çıxarılması, vaxtından əvvəl fəaliyyətinin dayandırılması da bu cür məqamlarla bağlı ola bilər. Yəni Azərbaycana düşmən münasibəti bəsləyən ölkələr var ki, onlar üçün bizim qonşu ölkələr, misal üçün, İran, bunlar Azərbaycanın İsraillə əməkdaşlığının həmişə əleyhinə olublar. Xüsusən də dronlar, peyklərlə bağlı, hərbi sahədə əməkdaşlıq, bütün bunlar onları qıcıqlandıra bilərdi. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın yeni partnyorunun seçilməsi ilə bağlı onlarda da məlumatlar ola bilərdi. Ondan dolayı da bizim “Azersky” peykinə hansısa kiberhücumlar təşkil oluna bilərdi. Hansısa bir müdaxilələr təşkil oluna bilərdi. Dünyada bununla bağlı oturuşmuş texnologiyalar var ki, peyklərə kiberhücumların təşkil olunması, onlarla əlaqələrin kəsilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması həyata keçirilə bilər. Düşünürəm ki, Azərbaycanın İsraillə müşahidə, kəşfiyyat peyki sahəsində əməkdaşlığı bəzi ölkələri qıcıqlandırıb. Çox güman edirəm ki, “Azerkosmos” da bununla bağlı yəqin ki, təsdiqləyici məlumat verməkdən hələlik çəkinirlər. Çünki bununla bağlı oturuşmuş iş  birliyi hələ ortada yoxdur. Həm də bununla bağlıdır. Bununla belə, fikrimcə, doğru addımlardır".
Ekspert əlavə edib ki, “Azersky” Yerin müşahidəsi baxımından, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edib: “Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi  əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. "Azərkosmos" bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəng bir infrastruktur formalaşmışdı.
“Azərkosmos” ehtimal olaraq müşahidə peykimizin   meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb. Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub. Düşünürəm ki,  burada mütləq şəkildə peykimizə qarşı  kiberhücum faktoru üzərində də işləmək doğru olardı.
Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan  Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir.
Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Ermənistan da yenicə dünya  peyk ailəsinə qoşulub. Güman ki, Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur. Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “Azersky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi.
İstənilən halda, səlahiyyətli qurumlar,  kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücum  araşdırması məntiqli və doğru olardı. Həm də düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə Azərkosmos 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər. Yəni hər bir halda kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır.  Baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat” скачать dle 12.1