Söyüşə görə daha bir qətl: “Rəşad Dağlı qonşusunu öldürəndən sonra...”
16 yaşlı Turan Rüstəmovun Şağan İdman Olimpiya Kompleksində 19 yaşlı idmançı Ruslan Səfixanov tərəfindən söyüş üstündə öldürülməsi cəmiyyətdə böyük səs-küyə səbəb oldu.
Sosial şəbəkələrdə aparılan müzakirələrdə cinayətin baş verməsi müxtəlif səbəblərlə əlaqələndirilsə də, bu söz-söhbətdən hazırda məhkum həyatı yaşayan tanınmış meyxana ustası Rəşad Dağlı da öz “nəsibini” aldı.
Bəzi istifadəçilər R.Dağlının qonşusunu qətlə yetirməsindən sonra söyüşə görə qətllərin sayının daha da artacağını iddia edirlər. Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı Şərif Ağayar sözügedən iddialarla tamamilə razılaşdığını bildirib: “Bu tip hadisələrə Rəşad Dağlı məsələsinə olan yanaşma mütləq şəkildə təsir edir. Mənim yadımdadır, Səddam Hüseyn edam olunanda bir neçə azyaşlı yeniyetmə uşaq özünü o cür asmışdı. Bu cür hadisələrin yeniyətmələrə yüz faiz təsiri var və bütün bunların səbəbi insanların kitablardan, intellektdən uzaq düşməsidir. Mənim özüm “Söyüşə görə insan öldürmək olmaz” deyib bir kampaniya apardım, Rəşad Dağlı məsələsi ilə bağlı sosial şəbəkə hesabımda bir status yazmışdım, hətta orada qələm adamları belə mənə qarşı təhqiramiz davrandılar. Onda gördüm ki, nəinki sadə insanların, hətta bir çox qələm adamlarının da beynindən hələ də “qara kurtka” düşüncəsi çıxmayıb. Cəmiyyətdə avtoritar qaydalarla yaşamaq, gəclərin buna meyl etməsi bədbəxtlikdir. Təəssüf ki, meyxana da çox zaman bunu təbliğ edir. Teatrdan, kinodan, ədəbiyyatdan uzaq düşmək gətirib bu nəticəyə çıxarır. Mən demirəm ki, bütün kitab oxuyanlar idealdır, qətldən uzaq olurlar, xeyr, elə deyil, ancaq sizi əmin edirəm ki, Çexovu tanıyan adamlar belə hadisələrdə maksimum soyuqqanlı davranacaqlar. Bizim kitabdan uzaq düşməyimiz, mentalitetin mənasız dəyərləri ilə hərəkət etməyimiz gətirib belə söhbətlərə çıxarır. Və insanlar başa düşməlidir ki, bu dünyada bütün əməllər reaksiya istəyir, söyüş söyürsə, söyüş söy, üstünə silah çəkirsə, onda qarşı tərəfə silah çəkə bilərsən. Zəruri müdafiə həddidirsə, bıçaq çəkib səni öldürürsə, onda sən də bıçaq çəkə bilərsən, yoxsa söyüşə görə insan ölürsəydilər, onda gərək dünyada adam qalmazdı. Bü dünyada nə vaxtsa kimisə söyməyən adam yoxdur. Söyüşə görə insan öldürərlər? Bu artıq ənənəyə çevrilib. Biz mətbuatda ayda bir neçə dəfə “söyüş söydü, vurdum öldürdüm” tipli xəbərlərlə rastlaşırıqsa, bu artıq ciddi SOS siqnalıdır”.
anınmış şoumen, teleaparıcı Kamran Həsənli də bu tip hadisələrin populyarlaşdırılmasının gənclərə birbaşa təsir etdiyi fikrindədir:
“Rəşad Dağlı məsələsi təbii ki, yeniyetmələrin törətdiyi qətl hadisələrinə təsir edə bilər. Biz bəzən xəbərləri çox populyarlaşdırırıq. Bəzi xəbərləri gətirib ümumi düşüncə səviyyəsinə çıxarırıq. Meyxanaçının qətl hadisəsi olan zaman da bunu özümüz gördük. Yeniyetmə beyni isə basma kimidir, nə varsa, tez yansıyır. Bu xəbərləri oxumaq onlara sözsüz ki, təsir edə bilər. Gəncləri qorumaq üçün toplum olaraq hamımızın məsuliyyəti var”.