Qarabağın bərəkətli bölgəsi – AĞCABƏDİDƏ BİR GÜN... - FOTO

...O gün Ağcabədi, bəlkə də, son günlərin ən isti anlarını yaşayırdı. Payız günəşi, sanki, qışda onun hərarətinin həsrətini çəkəcəyimizi bilirmiş kimi ətrafı yandırıb-yaxırdı. Hər yan nə zamansa donacaqlarını gözləyirmiş kimi günəşin nurunu birnəfəsə başlarına çəkirdilər. Hələ ağacları demirəm. Hamısı, sanki, xumarlanırmış kimi mürgülü görünürdü. Təbiət öz işində, öz nazında, cilvəsində idi. Cəmiyyətin isə öz qayğıları vardı.
Həmin qayğılardan biri və bəlkə də birincisi təbiətin gözəlliklərindən daha çox ləzzət almaq üçün müxtəlif variantların ən yaxşısının seçilməsi idi. Seçə bilmişdik. Ən məqbul variant şəhər parkında - Heydər parkında gəzişmək, ən sərin kölgəli ağaclardan birinin qonağına çevrilmək idi. Mən bu qollu-budaqlı ağacın kölgəsində çox əmin və arxayın idim. Heç yana tələsmirdim. Həmsöhbətim, əslən Ağcabədidən olan foto-müxbir həmkarım Fərəc isə bu sərin kölgədə belə qərar tuta bilmir, sanki, harasa tələsirdi. Burdan yaxşı yer tapa bilməyəcəyimizi deyəndə isə onun tələskənliyinin səbəbi aydın oldu:
– Əvvəla, Ağcabədidə burdan gözəl yer tapa bilməzsən ifadəsi ilə razı deyiləm. Bu rayonun istənilən guşəsində sərinlik də taparsan, gözəllik də. İkinci, sizin peşəniz elədir ki, burada oturub, ya da kiməsə zəng edib əhatəli bir yazı hazırlaya bilərsiniz. Mən isə öz “yazılarımı” lentə almaq üçün mütləq, durmadan, dayanmadan gəzməliyəm. Ağcabədidə lentə alınmalı, yaddaşa köçürülməli məqamlar isə təkcə təbiətlə bağlı deyil ki? İndi insanlar bu rayonun istənilən kəndində, şəhərimizin istənilən prospektində, küçəsində, meydan və məhəlləsində yeni-yeni xariqələr yaradırlar. Mən onların yanında olmağa can atıram, onların yaradıcılığını fotolentin yaddaşına köçürməyə çalışıram. Bundan başqa, mən bu gün Ağcabədinin hansısa küçəsinin şəkilini çəkirəm, inanırsınızmı, iki-üc aydan sonra həmin küçə tamamilə başqa görkəmdə olur. Yəni inkişaf elə iti sürətlə gedir ki, indi çəkdiyim istənilən fotoşəkil bir aydan sonra mütləq dəyərli olur. Ona görə də mənim üzərimə tarixi anların əbədiləşdirilməsi kimi çətin bir vəzifə düşür. Başqa yol yoxdur. Öhdəsindən gəlməliyəm.
Bu yerdə Fərəc nə isə kəşf etmiş adam kimi birdən dayandı və soruşdu ki, görəsən bizim peşələrimizdən hansı ölkədə gedən inkişafın layiqincə işıqlandırılması baxımından daha əhəmiyyətlidir? Soruşdu və özü də dərhal cavab verdi ki, insafən siz də, mən də görülmüş işlər barədə təəssürat yaradırıq. Deməli, ən əhəmiyyətli peşə bu gözəllikləri, xarüqələri yaradanların peşəsidir. Özü də bu gün Ağcabədidə elə adamlar, elə peşə sahibləri istənilən qədərdir. Bu rayonda hansısa bir ildə və ya bir ayda görülmüş işləri saymaqla qurtaran deyil. Məsələn, indi dayandığımız park son bir ildə tamamilə yenidən qurulub, Heydər Əliyev prospekti başdan-başa yeni üslubda bərpa edilib, prospektin hər iki tərəfi boyunca bina və obyektlər qədimi üslubda dəyişdirilərək ənnənəvi görkəminə qaytarılıb, rayonun ən möhtəşəm qurğularından olacaq Heydər Əliyev Mərkəzi inşa edilib.
Həqiqi bir vətənpərvərlik göstəricisi, yurd sevgisinin nümunəsi idi. Fotomüxbir rayonda görülən işləri elə sadalayırdı ki, elə bil hansısa məsul vəzifəni daşıyır. O, Ağcabədini təkcə peşəsinin tələblərinə görə deyil, ürəyinin çağırışlarına görə qarış-qarış gəzmiş bir insandır. O, Ağcabədini bütün agcəbədilər kimi səmimi qəlbdən, həqiqi övlad kimi sevir.
Əslində Ağcabədi haqqında söz açılmalı sahələr istənilən qədərdir və rayon təsərrüfatının elə bir sahəsi yoxdur ki, o barədə danışanda “ötən ilə nisbətən filan qədər artım var” ifadəsi işlədilməsin. Bu rayonda elə bir sahə yoxdur ki, o barədə nə zamansa, nəsə yazmayım. Əhaliyə və idarə-müəssisələrə elektrik enerjisi, təbii qaz, su, istilik verilməsindən tutmuş , ta təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılan uğurlara qədər dönə-dönə yazmışam. Bir onu bilirəm ki, Ağcabədi haqqında nə yazmışamsa hamısında yeni-yeni ürək açan faktlar sadalamışam və indi götür-qoy edəndə öz-özümə sual verirəm: görülmüş bu qədər işlərin müqabilində bu yazılar nədir ki?
Elə rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Səfər Səfərov ilə söhbətimizdə də bu məsələlər ətrafında əhatəli söhbət açdıq. Yeri gəlmişkən qeyd edek ki, başqalarından fərqli olaraq Səfər müəllim kabinetdə oturub rayona rəhbərlik edən vəzifə sahiblərindən deyil. O, həmişə iş görən insanların yanında, hansısa obyektin təməlinin qoyulmasında, hansısa müəssisənin açılışında, məktəb tikilən, asfalt çəkilən yerlərdədir. Onsuz da otaqda oturmağı bacarmayan baş memar ümumiyyətlə daim tikinti-quruculuq, təmir-bərpa işləri gedən kəndlərdə olur, hər şeyə nəzər yetirir. Elə onunla bilavasitə gözəllik yaradan insanların yanında – şəhərin Heydər Əliyev prospektində görüşdük. Səfər müəllim görülən işlər barədə elə həvəslə danışırdı ki...
Onun sayəsində son illər görülüb başa çatdırılmış və indi də davam edən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yaxından tanış olduq. Ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdik. Səmimiyyətlə etiraf edim ki, aldığımız təəssürat zəngin və fərəhlidir. Əsas cəhət odur ki, Ağcabədi sakinləri bu bölgənin son illərdəki sürətli inkişafını, haqlı olaraq, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsi kimi qiymətləndirirlər. Öz şəhərləri, qəsəbə və kəndləri ilə fəxr edirlər. Sabaha böyük inam və ümidlə baxırlar.
Digər vacib amil isə dövlət başçısının da qeyd etdiyi kimi, hər hansı sahədə əldə edilən uğurlar həm də yerlərdə işlərin düzgün təşkilindən asılıdır. Bu baxımdan Ağcabədi Rayon İcra Hakimiyyətinin maraqlı, çevik, təşəbbüskar iş üslub və metodlarını ayrıca qeyd etmək lazım gəlir. İnsan amili, ardıcıl və sistemli icra intizamı, daha çox elmi əsaslara söykənən təşkilat-idarəetmə məsələləri – bu gün Ağcabədi Rayon İcra Hakimiyyətində diqqəti ən çox cəlb edən məsələlər, bizcə, bunlardır.
Bəzən belə də olur: hər hansı sahədə fəaliyyətə başlayan rəhbər işçi ilk aylar, həftələr işə böyük həvəslə girişirlər, bütün qüvvə və səylər hərəkətə gətirilir. İnsafən, müəyyən uğurlu addımlar da atılır, abadlıq-quruculuq işləri aparılır. Ancaq, nə qədər qəribə görünsə də, bir qədər keçəndən sonra bu işgüzarlıq səngiyir, əvvəlki qaynarlıq, hay-haray çəkilir, hər növ arxayınçılıq, özündənrazılıq halları müşahidə olunur.
Ağcabədidə isə vəziyyət tamamilə başqadır. İllər əvvəl başlanmış genişmiqyaslı tikinti-abadlıq işləri, təşəbbüskar fəaliyyət, səmərəli idarəetmə məsələləri bu gün də eyni sürət və inamla davam etməkdədir. Burada, əlbəttə, müxtəlif səbəblər var və biz ən əvvəl çoxdan — Masallıda başcı işlədiyi vaxtdan tanıdığım Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun siyasi iradəsini, dönməz xarakterini, sədaqətli mövqeyini, yaradıcı və təşəbbüskar fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Rafil müəllimin gecəsi-gündüzü yoxdur. Onu qəbul günlərindən başqa iş otagında tapmaq olmur, gah ən ucqar kəndlərində olur, insanların problemləri ilə maraqlanır, oradan pambıq sahələrinə yollanır, yıgımla maraqlanır, kənd məktəblərinə baş cəkir, təhsilin keyfiyyətini öyrənir, sonra səhid-qazi ailələri ilə görüşlər, tədbirlər...
Fakt və rəqəmsiz, təhlil və müqayisələr aparmadan keçinmək, sözsüz ki, mümkün deyil. Bəri başdan, onu da deyək ki, Ağcabədi şəhəri bu müddətdə öz coğrafiyasını xeyli genişləndirmişdir. Yeni binalar tikilmiş, küçə və meydanlar, yaşıllıq zolaqları salınmışdır. Şəhərin elə bir küçəsi, yaxud elə bir bina yoxdur ki, orada yenidənqurma işləri aparılmasın. Başqa sözlə desək, Ağcabədi, sözün həqiqi mənasında, şəhər görkəmi almışdır. Yeni tikilən və bərpa olunan binalar milli və müasir memarlıq üslubundadır, yüksək zövq və estetika dərhal nəzərə çarpır.
Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının inzibati binası, Gənclər Mərkəzi, Şahmat məktəbi, rayon mərkəzi xəstəxanası, 9 mərtəbəli yaşayış binası, mərkəzi meydan... Bu siyahıya necə yeni binanın, parkın və meydanın adlarını da əlavə edə bilərik. İndi Ağcabədi güllər, çiçəklər şəhərinə çevrilmişdir. Çox yəqin ki, həssas oxucunun gözləri qarşısında dərhal şəhərin bütün bunlardan əvvəlki kasıb görkəmi canlanır.
Bəli, əbəs yerə deməyiblər ki, həqiqət faktlardan doğur. Elə isə iqtisadi, sosial və mədəni həyatın müxtəlif sahələrini əhatə edən bəzi xarakterik faktları bir daha yada salaq. Böyük iqtisadi potensiala – münbit torpağa, əməksevər insanlara malik Ağcabədi dövlətin qayğısından xüsusi yer alan bölgələrdəndir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Ağcabədinin həyatında dərin izlər qoymuş, rayonun yüksəlişinə təkan vermişdir. Bir zaman ulu öndər Heydər Əliyev “Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır” deməklə bu bölgəyə, onun əhalisinə böyük dəyər vermişdir. İndi bu sözlər bir daha təsdiqini tapır. Ağcabədililər təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərində göstərdikləri nümunələrlə, yaratdıqları xariqələrlə nəyə qadir olduqlarını əzmlə nümayiş etdirirlər. Əlbəttə, dövlətin qayğısından, ölkə rəhbəri İlham Əliyevin isti münasibətindən güc alaraq. Prezident İlham Əliyevin indiyədək dəfələrlə Ağcabədidə olması dövlət başçısının bu bölgəyə verdiyi böyük önəmin göstəricisidir.
Ağcabədidə iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun əkinə yararlı torpaq sahəsi 65,704 hektardır. Bunun 61,780 hektarında müxtəlif kənd təsərrüfatı bitkiləri əkilir. Torpaq istifadəçiləri taxıl, pambıq, qarğıdalı, şəkər çuğunluru, tərəvəz, bostan məhsulları və yem bitkiləri əkininə daha çox üstünlük verirlər. Bu il taxılçıların qazandığı uğur daha fərəhlidir. Ölkədə ilk pilot taxılçılıq təsərrüfatının Ağcabədi – Beyləqan rayonlarının ərazisində yaradılması məhz bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Bütövlükdə, 4800 hektar ərazini əhatə edən “Qarabağ Taxıl” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2012-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Bu il pilot təsərrüfatında əkilmiş 1160 hektar buğda sahəsində orta məhsuldarlıq 58,1 sentner olmuşdur. Əlbəttə, bu kifayət qədər yaxşı göstəricidir, məhsuldarlığı yüksəltməklə taxıl istehsalını artırmağın ən səmərəli yolunu göstərən canlı nümunədir.
İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsinə, mütərəqqi texnologiyalara geniş meydan vermədən aqrar sektorda əsaslı irəliləyişə nail olmaq, istehsalda rentabelliyi təmin etmək qeyri-mümkündür. Kənd təsərrüfatını sənaye təməli üzərinə keçirmək müasir dövrün qarşıya qoyduğu ən mühüm vəzifədir. Ağcabədi bu sahədə də respublika üzrə öncül mövqeyini təmin edə bilmişdir.
Əsaslı təmirdən sonra istifadəyə verilmiş mədəniyyət evi, rayon mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, şahmat məktəbİ, 205 çarpayılıq mərkəzi rayon xəstəxanası və sair. Şəhərdə yeni süd emalı zavodunun, Ağabəyli kəndində tikilən “Atena” süd məhsulları kombinatının, həmçinin 14 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirən Ağcabədi – Qaradolaq – Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin sevincini birə min artırır.
Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr Ağcabədidə uğurla həyata keçirilir. Əsasən, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşən yeni istehsal və emal müəssisələri rayon iqtisadiyyatının güclənməsində mühüm rol oynayır. 5 min tonluq logistik mərkəz, 5 min tonluq taxıl anbarı, 1600 hektar ərazini əhatə edən iri fermer təsərrüfatı, illik istehsal gücü 40,8 min ton süd olan 6000 başlıq 3 heyvandarlıq kompleksi, illik istehsal gücü 110 min ton olan süd emalı müəssisəsi, 100 hektar ərazidə üzümçülük təsərrüfatı, gündəlik istehsal gücü 20 ton olan çörək zavodu, illik istehsal gücü 18 min ton olan ət emalı müəssisəsi məhz dövlətin güclü maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Yalnız adını çəkdiyimiz bu müəssisələrdə 600-ə yaxın yeni iş yeri açılmışdır.
Bu gün Ağcabədidə yaşamaq da, işləmək də gözəldir. Son illər rayonda tikinti, abadlıq və quruculuq işləri vüsət almışdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına rayonun formalaşan sosial infrastrukturu əhalidə böyük minnətdarlıq duyğuları yaradır. Kəndarası yolların təmirində, əsaslı şəkildə yenidən qurulmasında, əhalinin içməli su təminatının ödənilməsində, elektrik enerjisi və təbii qazla təminatında, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasında, pensiya və təqaüdlərin artırılmasında əldə edilən ciddi dönüş dövlət başçısının xalqın xoş güzəranı, firavan həyatı üçün necə böyük işlər gördüyünü təcəssüm etdirir.
Prezident İlham Əliyev demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.
Dövlət başçısının bu aydın mövqeyi, təbii ki, hər bir məmur üçün nümunədir, fəaliyyətini müəyyən edən konkret istiqamətdir. Bu mənada son illər Ağcadəbidə əhalinin həyat tərzini daha da yaxşılaşdırmaq, xidmət sahələrinin işini canlandırmaq istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilir. 23 min əhalinin yaşadığı 17 kəndi birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolu inşa edilmişdir. Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması uğurla davam etdirilir.
Səhiyyə xidmətinin müasir tələblər səviyyəsində təşkil edilməsi də daim diqqət mərkəzindədir. Bu qayğının bariz ifadəsi, məntiqi nəticəsi olaraq Ağcabədi şəhərində 205 çarpayılıq mərkəzi rayon xəstəxanası inşa edilmişdir. Prezident xəstəxananın tikintisi üçün xüsusi sərəncam imzalamışdır. 2011-ci il may ayında xəstəxananın təməlqoyma mərasimində iştirak edən dövlət başçısı iki il sonra onun açılışını bildirən qırmızı lenti kəsmişdir. Dövlət başçısının ağcabədililərə ərməğan etdiyi rayon mərkəzi xəstəxanası 5 korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir.
Rayon təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər hər bir sakində haqlı minnətdarlıq hissi doğurur. Son 10 ildə 8320 şagird yerlik 35 məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə uyğun olaraq, 3544 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. 12 məktəb binası əsaslı təmir olunmuşdur. 150 yerlik şəhər uşaq bağçası inşa olunmuş, 4 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatmışdır. 2 saylı 100 yerlik körpələr evi – uşaq bağçasının tikintisi hazırda davam etdirilir.
İqtisadi, sosial və mədəni həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz, son illərin əsaslı inkişaf və yüksəlişini əks etdirən fakt və rəqəmlər bir daha sübut edir ki, Ağcabədi uğurlu yol üstədir. Əldə edilmiş böyük uğurlar ağcabədililəri əsla arxayınlaşdırmır. İndi bütün sahələrdə əlavə imkan və ehtiyat mənbələri müəyyən olunur. Yeni-yeni təşəbbüslər meydana çıxır, bütün qüvvə və səylər daha böyük hədəflərə yönəldilib. Bu gün Ağcabədidə yaradıcı, təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji mühit, qarşılıqlı hörmət və ehtiramdan qaynaqlanan vətəndaş-məmur münasibətləri mövcuddur.
...
Köhnə dostum Fərəclə birlikdə gecədən xeyli keçənədək Ağcabədinin mərkəzində gəzişdik, söhbət etdik. Maraqlıdır ki, ab-hava, əhatəsinə düşdüyün adamlar ürəyincə olanda söhbət də tükənmək bilmir. O gecə Fərəclə çox mətləblərdən danışdıq, çox söhbət etdik. Ən çox yadımda qalan isə onun bir bənzətməsi oldu. Dedi ki, sovet dövründə bir yerlimiz o vaxtkı Leninqrada gedib gələndən sonra uzun müddət o şəhərin ağ gecələrindən danışmışdı. İndi buyur, ağ gecələr Ağcabədi - ovcumuzun içindədir.
Fərəc belə deyəndə mən bir dostumun dəfələrlə yazılarında işlətdiyi “Ağcabədinin nəyi Bakı rayonlarından əskikdir ki...” ifadəsini dəyişmək istədim. Amma, fikrimdən daşındım, düşündüm ki, ölkənin ağ günləri olmasa, ağ gecələrini də yaratmaq olmazdı...
Ağcabədinin ağ günlərini də, ağ gecələrini də kim görsə... bu diyara yenə qayıdacaq, mütləq qayıdacaq...
Sadiq,
BİA.az