Bia.Az

Gənc nazirdən milli dava gözləməyin - AÇIQLAMA

Siyasət
 20-10-2022, 11:40     193

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. O, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir. 26 yaşlı Ruminə Purmuxtari 1995-ci il noyabrın 12-də İsveçdə anadan olub. O, təhsilini Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə başa vurub. Ruminənin atası İbrahim Purmuxtari isə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə köçüb. O, bir neçə il öncə vəfat edib.

R.Purmuxtari 2019-cu ildə Liberal Gənclər Assosiasiyasının sədri, həmçinin Liberal partiya idarə heyətinin üzvü olub. 2018-ci ildən gənclər assosiasiyasının birinci vitse-prezidenti olub. 14 sentyabrda Liberal Gənclər Assosiasiyasının sədri vəzifəsini tərk edəcəyini açıqlayıb. Beləliklə, o, İsveçdə keçirilən parlament seçkilərində Stokholm qraflığının və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizədi olub. Seçkilərdə 1762 səs toplayıb və mədəniyyət məsələlərindən məsul şəxs olub. O, həmçinin, bir hekayələr toplusu kitabının müəllifidir. Kitabında uşaqlıq illərindən, təhsil səyahətlərindən və irqçilik haqqında gördüklərini yazıb. Xəbərin yayılması ictimaiyyətdə bir sıra məsələləri də gündəmə gətirib. Sosial şəbəkə istifadəçiləri xarici ölkələrdə yüksək vəzifələrdə təmsil olunan soydaşlarımızın milli davamıza xeyir verə biləcəyini deyiblər. Xüsusən, Ruminə Purmuxtarinin atası kimi fəal olacağı, etimadı doğruldacağı vurğulanıb.

BİA.AZ-ın məlumatına görə, siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında deyib ki, bu xəbər bir tərəfdən sevindiricidir. Ekspertin sözlərinə görə, soydaşımızın yaşadığı xarici ölkədə cəmiyyətə tamamilə inteqrasiya olunması, ictimai-siyasi həyatında yer alması təqdirəlayiqdir:

"O baxımdan soydaşımızın önə çıxması, gənc yaşda bir ölkənin naziri təyin olunması sevindirici haldır. Amma belə məsələlərlə Güney Azərbaycan və milli davamız arasında əlaqələrdə bir qədər ehtiyatlı olmaq lazımdır. İsveçdə bizdən fərqli düşünürlər. Orada belə məsələlərə kifayət qədər fərqli yanaşma sərgiləyirlər. Hər dövlətin öz siyasəti var. Ona görə də İsveçin naziri mənsub olduğu ölkənin siyasətinə zidd davrana bilməz. Hər şeydən əvvəl gənc xanımın İsveç dövlətinin qayda-qanunları, tələbləri, istəkləri üzərindən davranması məqsədəuyğundur. Yəni soydaşımızdan milli dava adamı kimi davranmasını gözləmək və tələb etmək yanlış olardı.

Ondan bunu gözləməməliyik. Ümumiyyətlə, məsələni bu formada gündəmə daşımamalıyıq. R.Purmuxtari ilk növbədə İsveç vətəndaşıdır və nazirdir. Onun xidmət edəcəyi ilk məqam İsveç dövlətinin maraqlarıdır. Ona görə də gənc xanımdan "işlərini burax, bizim üçün çalış, yaxud öz işinlə yanaşı, milli dava üçün də nəsə et" kimi tələblər irəli sürməyə haqqımız yoxdur".

A.Həsrət qeyd edib ki, xanımın şəxsi yanaşması, ideologiyası çox zaman xoşumuza gəlməyə də bilər:

"Hər kəsi təmkinli, anlayışlı olmağa dəvət edirəm. Bizim üçün önəmli olan əsas məsələ bir Azərbaycan türkünün 26 yaşında, özü də İsveç kimi çox inkişaf etmiş bir ölkədə nazir kürsüsünə yiyələnməsidir. Artığını istəməyək. Əlbəttə, xanım öz imkanları daxilində nəsə edərsə, etmək istəyərsə, çox sağ olsun. Əks halda onun siyasi fəaliyyətinə əngəl yaratmamalıyıq, əksinə, uğurlu çalışması üçün dəstək göstərməliyik. Vaxt gələr, siyasətdən gedər, o zaman milli dava ilə bağlı tələblərimizi irəli sürərik".
скачать dle 12.1