Bia.Az

Demokratların "erməni sevgisi": ABŞ-dan səfirlərə "Şuşa qadağası" - NƏ BAŞ VERİR?

Siyasət
 31-08-2022, 13:33     202

ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Şuşada keçirilən konfransa getməkdən imtina etməsi böyük rezonans doğurub.

Dia.az-ın məlumatına görə, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Yenisabah.az-a açıqlamasında səfirin Şuşaya getməsinə ABŞ-ın icazə vermədiyi ehtimalını gündəmə gətirib:

“Həmin səfirlərin niyə konfransda iştirak etmədiyi barəsində heç bir fikrim yoxdur. Lakin mən hələ də ABŞ-ın Azərbaycandakı səfiri olsaydım və əgər rəsmi Vaşinqton tərəfindən mənə qadağan olunmasaydı, bəli, əlbəttə ki, konfransda iştirak edərdim”.

Qeyd edək ki, sabiq səfirin bu açıqlaması diqqət çəkib. Belə ki, səfirlərin Şuşaya getməkdən imtina etməsinin arxasında rəsmi Vaşinqtonun ola biləcəyi ehtimalı birmənalı qarşılanmayıb.

ATƏT-in Minsk qrupunun həmsədri olan və sülh istədiyini iddia edən bir dövlətin ermənipərəst mövqe nümayiş etdirməsi vətəndaşların qıcığına səbəb olub.

Maraqlıdır, ABŞ-ın qadağaları ilə iddiaları niyə üst-üstə düşmür? Bia.az-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Metyu Brayzanın dedikləri inandırıcıdır:

“O, Azərbaycana yaxın olan şəxs kimi tanınır. Hazırda ABŞ-da Demokratlar Partiyası hakimiyyətdədir və onların da ermənipərəst mövqeyi heç kimə sirr deyil. Hətta Azərbaycana qarşı 907-ci düzəliş də məhz onların dönəmində olub. ABŞ və Fransa səfirlərinin Şuşaya səfər etməkdən imtina etməsinə Hikmət Hacıyev də sərt mövqe sərgilədi. Biz də həmin mövqeyi dəstəklədik. Düşünürəm ki, həqiqətən rəsmi Vaşinqtonun göstərişinə əsasən ABŞ səfiri Şuşaya getməkdən imtina edib. ABŞ və Fransa bununla öz birtərəfliliyini göstərir. Onların ATƏT-in Minsk qrupu adlı ölü qurumu yenidən dirçəltmək cəhdləri də özünü doğrultmur. Bütün hallarda Azərbaycan doğru addım ataraq Minsk qrupunu gözləmədən öz torpaqlarını azad etdi”.

Partiya sədri əlavə edib ki, ABŞ və Fransaya sərt təpki göstərilməlidir:

“Bildiyimiz kimi, ABŞ-da erməni lobbisi var və demokratların da onlarla münasibəti həmişə yaxşı olub. Hesab edirəm ki, ABŞ və Fransanın bu addımı görüntü məqsədi daşıyır. Yeni demək istəyirlər ki, “görürüsünüz, Şuşaya da getmirik”. Amma bu o demək deyil ki, biz ABŞ-la əlaqələri kəsməliyik. ABŞ və Fransa böyük dövlətlərdir. Onlara sərt təpki verilməlidir, amma əlaqələrimiz saxlanılmalıdır. Həmçinin, bizim ABŞ ilə enerji resursları məsələsində strateji mövqelərimiz üst-üstə düşür”.
скачать dle 12.1