Bia.Az

Müsavatçıların nizamnaməsi

Siyasət
 14-08-2022, 12:48     201

Novator.az Müsavat Partiyasının yenilənmiş nizamnaməsinə nəzər salıb.

1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub.
Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir.

2014 və 2019-cu illərdə Arif Hacılı başqan seçilib.
Partiyanın mərkəzi qərargahı Bakının Binəqədi rayonunda, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşir.
Müsavat Ədliyyə Nazirliyində dövlət qeydiyyatına 1992-ci il dekabrın 8-də alınıb. Nizamnaməyə son əlavə və dəyişikliklər 2022-ci ildə rəsmiləşib.
Partiyanın əsas məqsədi nizamnamədə belə göstərilir: Azərbaycanda müstəqil, hüquqi dövlətin, demokratik cəmiyyətin formalaşdırılması, ölkənin ərazi bütövlüyünün qorunması, inkişaf etmiş dövlətlər sırasına çıxması, siyasi və iqtisadi məsələlərdə hər kəsə bərabər imkanlar şəraitinin yaradılması, əhalisinin maddi və mənəvi rifahının yüksəlişinin təmin edilməsi, dinindən, etnik mənsubiyyətindən, sosial mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının azad, firavan yaşayışı və qanun qarşısında bərabərliyinin təmin edilməsi.
Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir.
Bütün partiya orqanlarına və seçkili vəzifələrə seçkilər və onlardan xaric etmə gizli səsvermə ilə aparılır. Partiyaya qəbul və partiyadan xaric etmədə açıq səsvermə tətbiq olunur, anacaq partiya orqanlarının zəruri hesab etdiyi hallarda gizli səsvermə ilə də aparıla bilər.
Partiyanın bütün seçkili kollegial orqanlarında yerlərin ən azı 1/4-i qadınlar üçün ayrılır.
Partiya özəklərinin, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası və xüsusi statuslu təşkilatların seçkili orqanları iki il, mərkəzi orqanlar isə dörd il müddətinə seçilir. Xüsusi hallarda rayon (şəhər) təşkilatlarının seçkili orqanlarının səlahiyyət müddətini Divan, özəklərin seçkili orqanlarının səlahiyyət müddətini isə rayon (şəhər) təşkilatı şurası uzada bilər. Yeni orqanlar seçilənə və ya onlar haqqında müvafiq yuxarı orqanın qərarı olana qədər əvvəlki seçkili orqanlar səlahiyyətlərini saxlayır. Hər bir partiya orqanı zəruri hallarda özünün seçdiyi partiya orqanının səlahiyyət müddəti qurtarmamış onun ayrı-ayrı üzvlərinin və ya bütövlükdə orqanın təzədən seçilməsi məsələsini qoya bilər.
Rayon (şəhər) təşkilatı nəzarət-təftiş komissiyalarının (NTK) üzvləri rayon (şəhər) şurasının üzvü, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvləri isə Məclis üzvü ola bilməz.
Partiyanın başqanı, MNTK sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası və xüsusi statuslu təşkilatların sədrləri və NTK sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.
Nizamnamədə xüsusi göstərilmiş hallar istisna olunmaqla partiyanın bütün seçkili orqanları, üzvlərinin 1/3-dən çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar səsvermədə iştirak edənlərin yarısından çoxunun səsi ilə qəbul edilir.
Partiyanın təşkilat quruluşu Azərbaycanın inzibati-ərazi bölgüsünə uyğun olaraq yaradılır.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rayon (şəhər) təşkilatlarının fəaliyyətini əlaqələndirmək üçün Müsavatın Naxçıvan Muxtar Respublikası təşkilatı yaradılır.
Partiyanın Bakıda olan rayon təşkilatları şəhərin inzibati-ərazi bölgüsünə uyğun olaraq yaradılır. Bütövlükdə Bakı şəhərinə aid olan partiya məsələlərini partiyanın mərkəzi orqanları həll edir.
Partiya Məclisinin qərarı ilə partiyanın xüsusi statuslu təşkilatları (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı və s.) yaradılır.
Müsavatın proqramını və nizamnaməsini qəbul edən 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı partiyanın üzvü ola bilər. Müsavat üzvü partiyanın qurultayının, Məclisinin və Divanının qərarı olmadan eyni zamanda başqa siyasi təşkilata üzv ola bilməz. Müsavat Partiyasının üzvü eyni zamanda başqa siyasi partiyanın üzvü ola bilməz.
Partiyaya qəbul üçün müraciət edən şəxsin ərizəsi ilə tanışlıq onun yaşadığı, işlədiyi və ya təhsil aldığı ərazidə yerləşən özəklərdə, rayon (şəhər) təşkilatlarının idarə heyətində, şurasında və ya Divanda aparılır. Müvafiq yığıncaq iştirakçılarının 2/3-nin səsini qazanmış şəxs partiyanın üzvü olur. Qəbul özəkdə aparıldıqda qərar bir aydan gec olmayaraq rayon (şəhər) şurasında və ya idarə heyətində təsdiqə çıxarılır.
Partiyadan çıxmaq sərbəstdir, bunun üçün partiya özəyinə və ya rayon (şəhər) təşkilatının idarə heyətinə və ya şurasına yazılı və ya şifahi məlumat (şəxs şifahi məlumat verərsə, bu məlumatı özü bir daha təsdiqləməlidir) vermək və partiya sənədlərini təhvil vermək kifayətdir. Nizamnaməni pozan partiya üzvü haqqında onun qeydə alındığı özək, rayon (şəhər) təşkilatının idarə heyəti, şurası və NTK-sı, Naxçıvan Muxtar Respublikası təşkilatının Məclisi və NTK-sı, partiyanın Məclisi, Divan və MNTK bu intizam tədbirlərindən birini tətbiq edə bilər: xəbərdarlıq; töhmət; partiyadan xaric etmə.
Partiyanın özəkləri müvafiq ərazidə fəaliyyət göstərən və ən azı beş partiya üzvünü birləşdirən qurumdur.
Partiyanın özəkləri bir seçki məntəqəsinin ərazisində − kənddə, qəsəbədə, şəhər məhəlləsində yaşayan, işləyən və ya təhsil alan partiya üzvlərindən ibarət olub rayon (şəhər) şurasının qərarı ilə yaradılır. Bir neçə yaxın seçki məntəqəsinin ərazisində və ya yaşayış məntəqəsində yaşayan (işləyən) partiya üzvləri bir özəkdə birləşdirilə bilər.
Partiyanın xarici ölkədə yaşayan üzvləri, həmin ölkənin qanunlarına zidd deyilsə, Divanın razılığı ilə orada partiyanın özəyini yarada bilərlər.
Özəyin ali orqanı onun iki ayda bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncağıdır.
Özəyin ümumi yığıncağı özək sədrini, sədrin müavinini, xəzinədarı və üzvlərinin sayı 20-dən çox olan özəklərdə özək şurasını seçir və onların hesabatını dinləyir; partiyaya daxil olmaq istəyənlərin ərizəsinə baxır və müvafiq qərar çıxarır; rayon (şəhər) təşkilatının konfransına nümayəndələr seçir; məntəqə seçki komissiyasına nümayəndələr barədə rayon (şəhər) şurasına təkliflər verir.
Ümumi yığıncaqlar arası dövrdə özəyin fəaliyyətinə özək şurası (kiçik özəklərdə sədr) rəhbərlik edir. Özək sədri, sədrin müavini və xəzinədar öz vəzifəsinə görə özək şurasının üzvüdür. Özək sədri öz vəzifəsinə görə rayon (şəhər) şurasının üzvüdür.
Partiyanın rayon (şəhər) təşkilatı Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə uyğun olaraq müvafiq rayonun (şəhərin) ərazisindəki partiya özəklərini (partiya üzvlərini) birləşdirən orqandır. Rayon (şəhər) təşkilatı Divanın qərarı ilə müvafiq ərazidə yaşayan (işləyən, təhsil alan) Müsavat Partiyası üzvlərindən yaradılır.
Rayon (şəhər) təşkilatının ali orqanı iki ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqlardır (konfranslar). Ümumi yığıncaq (konfrans) rayon (şəhər) şurası və NTK-nın hesabatını dinləyir; özək sədrlərinin şura üzvlüyü səlahiyyətlərini təsdiq edir; rayon (şəhər) təşkilatının sədrini seçir; rayon (şəhər) təşkilatının sərbəst şura üzvlərinin say tərkibini müəyyən edir və sərbəst şura üzvlərini seçir; rayon (şəhər) təşkilatı NTK-sının say tərkibini müəyyən edir və NTK-nı seçir; partiyanın qurultayına nümayəndələr seçir.
Konfranslar arası dövrdə partiyanın rayon (şəhər) təşkilatının fəaliyyətinə rayon (şəhər) şurası rəhbərlik edir. Rayon (şəhər) şurası özək sədrlərindən və ümumi yığıncaqda (konfrans) seçilmiş sərbəst şura üzvlərindən ibarətdir. Rayon (şəhər) təşkilatının sədri şuranın üzvüdür.
Rayon (şəhər) şurası şuranın üzvlərindən rayon (şəhər) təşkilatının sədr müavinlərini seçir, idarə heyətini formalaşdırır, sədr və idarə heyəti üzvlərinin hesabatını dinləyir; özəklərin yeni seçilən sədrlərinin şura üzvü səlahiyyətlərini təsdiq edir; təşkilatın büdcəsini və ştat cədvəlini təsdiq edir; seçkili orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir; şura üzvlərinin ümumi sayının yarıdan çoxunun razılığı ilə ciddi nizamnamə pozuntusuna yol verən şura üzvlərini, o cümlədən sədri, NTK üzvlərini müvafiq seçkili orqanlardan xaric edir və yığıncağın (konfransın) səlahiyyətinə aid orqanlara müvəqqəti seçkilər keçirir; qanunçuluğa müvafiq surətdə seçkili dövlət və özünüidarə orqanlarına adaylar (namizədlər) irəli sürür və ya bu barədə partiyanın Məclisinə təkliflər verir; dairə və məntəqə seçki komissiyalarına nümayəndələr verir və ya bu barədə Məclisə təkliflər verir.
Şura öz səlahiyyətlərinin müəyyən hissəsini idarə heyətinə həvalə edir. Rayon (şəhər) təşkilatının idarə heyəti sərəncam verən və icraedici orqan olub, şuranın yığıncaqları arasındakı dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. İdarə heyəti sədr və sədrin müavinlərindən ibarət olur.
NTK öz tərkibindən komissiyanın sədrini seçir. Komissiyanın sədri komissiyanı təmsil edir və onun iclaslarını idarə edir. NTK ərizə və şikayətlərə 30 gün ərzində cavab verir.
Partiyanın ali orqanı onun qurultayıdır. Növbəti qurultayları 4 ildən bir Məclis çağırır. Növbədənkənar qurultaylar Divanın və ya rayon (şəhər) təşkilatlarının 1/5-nin, yaxud Məclis üzvlərinin 1/3-nin və ya MNTK-nın, ya da partiyanın başqanının təşəbbüsü ilə Məclisdə qərar qəbul edildikdən sonra çağırılır.
Məclisin fövqəladə qurultay çağırmaq səlahiyyəti var. Fövqəladə qurultay 1 ay ərzində partiyanın son qurultayı nümayəndələrindən ibarət tərkibdə çağırılır.
Qurultay başqanın və MNTK-nın hesabatını dinləyir; partiyanın proqramını və nizamnaməsini qəbul edir, onlarda dəyişiklik və əlavələr edir; partiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir; partiyanın başqanını seçir; partiyanın rayon (şəhər) təşkilatı sədrlərinin Məclis üzvlüyü səlahiyyətlərini təsdiq edir; partiyanın sərbəst Məclis üzvlərinin say tərkibini müəyyən edir və sərbəst Məclis üzvlərini seçir; partiyanın MNTK-sının say tərkibini müəyyən edir, MNTK-nı seçir; qurultayda iştirak edən nümayəndələrin 2/3-nin razılığı ilə partiyanın fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.
Sərbəst Məclis üzvlərinin seçkilərinin nəticələri partiyanın qurultayında və ya partiyanın növbəti Məclisinin iclasında təsdiq oluna bilər.
Sərbəst Məclis üzvləri qurultayın qərarı ilə müəyyən edilmiş qaydada Məclis üzvlərinin növbəti toplantısında da seçilə bilər.
Mühüm məsələlərin müzakirəsi və həlli üçün Məclisin qərarı ilə partiyadaxili referendumlar keçirilə bilər. Bu referendumun nəticələri Məclisdə təsdiq olunduqdan sonra referendumun qərarı qurultayın qərarı səlahiyyətindədir.
Qurultaylar arası dövrdə partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. Məclis partiyanın rayon (şəhər), Naxçıvan Muxtar Respublikası, Qadınlar, Gənclər və digər xüsusi statuslu təşkilatlarının sədrlərindən, onların sayından çox olmamaqla qurultayda seçilmiş üzvlərdən ibarətdir. Partiyanın başqanı və sabiq başqanları Məclisin üzvləridir.
Məclis öz üzvləri arasından Divan üzvlərini, Məclisin sədrini, katibini və komissiya sədrlərini seçir, başqanın təqdimatı ilə (təqdimat qəbul edilməyibsə, təqdim olunan şəxs həmin vəzifəyə təkrar təqdim olunmamaqla) başqanın müavinlərini təsdiq edir; rayon (şəhər) təşkilatlarında yeni seçilən sədrlərin Məclis üzvü səlahiyyətini təsdiq edir; seçkili mərkəzi orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir; qurultayda seçilmiş şəxslər ciddi nizamnamə pozuntusuna yol verdikdə onları Məclis üzvlərinin ümumi sayının yarıdan çoxunun razılığı ilə müvafiq seçkili orqanlardan xaric edir və qurultayın səlahiyyətinə aid orqanlara eyni qayda ilə müvəqqəti seçkilər keçirir; seçkili hakimiyyət orqanlarına adaylar (namizədlər) göstərir; partiyanın mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq edir; Məclisin komitə və komissiyalarını yaradır və onlar haqqında əsasnamə qəbul edir.
Məclisi üç ayda bir dəfədən az olmayaraq Divan çağırır. Məclis öz səlahiyyətlərinin müəyyən hissəsini Divana həvalə edə bilər.
Məclisin iclasları arasındakı dövrdə partiyanın fəaliyyətinə Divan rəhbərlik edir. Divan partiyanın başqanından, Məclisin sədrindən və Məclisin müəyyən etdiyi sayda digər Divan üzvlərindən ibarət olub, Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir. Divanın iş qaydasını onun özü müəyyən edir.
Partiyanın başqanı partiyanı təmsil edir, onun adından Məclisin razılığı ilə müqavilələr və sazişlər imzalayır; Divanın və müavinlərin işinə rəhbərlik edir.
Başqan hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə onun bütün səlahiyyətlərini Məclisin sədri həyata keçirir.
Məclisin sədri Məclisin işinə rəhbərlik edir; komissiyaların işini əlaqələndirir.
MNTK partiyanın seçkili orqanlarının və üzvlərinin fəaliyyətinin nizamnamə və proqrama uyğun olmasına, partiya intizamına əməl olunmasına nəzarət edir, şikayətlər əsasında və ya öz təşəbbüsü ilə təftiş və yoxlamalar aparır, aşkar edilən pozuntuları aradan qaldırmaq və günahkar şəxslərə nizamnamədə nəzərdə tutulmuş qaydada partiya cəzası verilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırır, partiya üzvləri və özəkləri haqqında cəza tədbiri tətbiq edir.
Müsavat Partiyasından Azərbaycan Respublikası prezidentliyinə aday (namizəd) partiyanın Məclisində (və ya Məclisin qərarı ilə qurultayda və ya Məclisin qərarı ilə Divanda, yaxud bütün partiya üzvlərinin səsverməsi ilə aparılan ilkin seçkilərdə) müəyyən edilir.
Milli Məclisə seçkilərdə proporsional sistem üzrə adayların (namizədlərin) siyahısı partiyanın Məclisində (və ya Məclisin qərarı ilə qurultayda və ya Divanda, yaxud bütün partiya üzvlərinin səsverməsi ilə aparılan ilkin seçkilərdə) müəyyən edilir.
Milli Məclisə birmandatlı seçki dairəsindən adayı (namizədi) uyğun rayon (şəhər) təşkilatı (təşkilatları) və Divanın təklifi ilə Məclis və ya Məclisin qərarı ilə Divan müəyyən edir.
Bakı şəhəri səviyyəsində hakimiyyət orqanlarına seçkilərdə adayları (namizədləri) partiyanın Məclisi, Naxçıvan Muxtar Respublikası səviyyəsində hakimiyyət orqanlarına seçkilərdə adayları (namizədləri) isə uyğun rayon (şəhər) təşkilatının (təşkilatlarının) təklifi ilə partiyanın Naxçıvan Muxtar Respublikası təşkilatının Məclisi müəyyən edir.
Rayon səviyyəli hakimiyyət orqanlarına seçkilərdə adaylar (namizədlər) uyğun rayon (şəhər) təşkilatının şurasında və ya şuranın qərarı ilə ümumi yığıncaqda (konfransda) müəyyən edilir.
Partiya üzvü hər ay aylıq gəlirinin (gəliri olmayanlar minimum əməkhaqqının) 1%-i miqdarında üzvlük haqqı verir.
Məramı Müsavat Partiyasının məramı ilə ziddiyyət təşkil etməyən hər hansı bir partiya Müsavat Partiyası ilə birləşə bilər. Həmin partiyanın Müsavat Partiyası ilə birləşməsinə razılıq haqqında qərar Müsavat Partiyasının qurultayı və ya Məclisində sadə səs çoxluğu ilə qəbul edilir.
Partiyanın nizamnaməsində dəyişikliklər onun qurultayında iştirak edən nümayəndələrin 2/3-nin razılığı ilə qəbul edilir.скачать dle 12.1