Arxiv

Oxunub:214 / 30 okt 19:45siyaset, gundem

Özlərinə gün ağlayanlara sərt xəbərdarlıq – Rəsmi qəzet



Özlərinə gün ağlayanlara sərt xəbərdarlıq – Rəsmi qəzet

Dünyanın siyasi, iqtisadi və hərbi müstəvisində qarşıdurmalar güclənir, rəqabət sərtləşir, aramsız toqquşmalar isə üzücü və sonu bitməyən müharibələrə çevrilir. Əksər dövlətlər III minilliyin sərt və amansız sınaqları qarşısında aciz qalır. Xüsusən ərəb ölkələri illərdir ki, müharibələrin məngənəsində boğulurlar. Faciələrlə müşayiət olunan tənəzzülün yaxın illərdə bitəcəyinə ümid yoxdur.

Avropa ilə Rusiya arasındakı gərginlik embarqo atışmaları ilə davam edir. Şərqdən Qərbə üz tutan yüz minlərlə qaçqının aqibətinə acımaqda görüntü nümayiş etdirən Avropa dövlətləri millətçi əhval-ruhiyyəsi ilə kişnəyən mitinqlərin yüyənini çəkə bilmir. Qaçqın düşərgələri yandırılır, antimiqrant mitinqlərində neofaşist dalğaları şahə qalxır. 4-5 il əvvəl Angela Merkelin “Qarabağ məsələsinin həllində lənglik Avropanın özü üçün təhlükədir” proqnozu özünü doğruldur.

İşğalçı Ermənistana o qədər göz yumdular, o qədər tumar verib sığal çəkdilər ki, Azərbaycan dövlətini demirik, 9 milyonluq Azərbaycan xalqı Qərbin demokratik dəyərlərə ikili yanaşmasından bezib Avropaya inamını itirdi. Bunu Qərbin əksər demokratik dəyərlərinin süqutu kimi də qiymətləndirmək mümkündür. Çünki Ermənistanın faşist rejimini müdafiə etməklə Avropa dünyəvi demokratik dəyərlərin Qərb üçün sabun köpüyündən artıq olmadığını isbat etdi. Bu, əslində, bizim yox, bütün Qərbin fərdi, qərbsayağı desək, personal faciəsidir. İndi Qərb demokratlarının əksəriyyətini qaşovlayanda, İlya Erenburqun təbirincə desək, hərəsinin dərisinin altından bir faşist çıxır.

Dağlıq Qarabağ bir problem kimi cücərdiləndə Sovet İttifaqı çalxalandı, qan çanağına çevrildi və dağıldı. İndi isə erməni diasporası cilvələnərək Avropa dövlətlərinin əksəriyyətində gənc neofaşistlərin arasında gələcək planlarını reallaşdırmaq üçün həmfikirlərini axtarır, tapır və “tərbiyə” edirlər. 5-10 ilə kimsə bu ölkələrin birində Hitlerin 1933-cü ildə çaldığı qələbəni təkrarlasa, gərək təəccüblənməyəsiniz.

Belə çətin şəraitdə, təbii ki, hər bir dövlət iqtisadi, siyasi və hərbi müstəvilərdə gedən oyunlarda məğlub olmamaq, böhranların və müharibələrin girdabına yuvarlanmamaq üçün həddən artıq çevik olmalı, radikal islahatlardan çəkinməməli, hərbi və iqtisadi potensialını inkişaf etdirməlidir. İkinci yol yoxdur, ona görə ki, o, uçurumlarda qırılır.

Bu il oktyabr ayının 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısının çıxışındakı tənqidi sözlər də məhz daxili iqtisadi sabitliyin davamlı olmasına, ölkənin beynəlxalq nüfuzunun qorunmasına xidmət edir. Dövlət başçısının ortaya qoyduğu tənqidi yanaşma, nümayiş etdirdiyi qətiyyətli mövqe bizə gözlənilə bilən siyasi və iqtisadi burulğanları dəf etməyə imkan verəcək. Çünki təhlükələri və perspektivləri dərk edən lider səhv etmir, daim ehtiyatlı və tədbirli olur.

Sözügedən iclasda dövlət başçısı müşavirədəki yekun nitqində vacib məqamlara təkrar toxundu və qətiyyətlə bildirdi ki, biznes mühitini yaxşılaşdırmaq və onun inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq. Prezident yoxlamalarla bağlı çoxsaylı şikayətlərin gəldiyini, onların sayının və yoxlayan təşkilatların çoxluğunun dözülməz olduğunu və bunların arxasında dövlət maraqlarının yox, maddi təmənnanın dayanmasını qınadı: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır”.

Müşavirədə bu yoxlamaların hansı məqsədlə və nə üçün aparılması soruşuldu, vahid bir sistemin olması, ümumiyyətlə, onların sayının kəskin azaldılması tələb edildi. Yerli icra hakimiyyəti, o cümlədən hüquq-mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problemlər yaratması, onlardan pul tələb etməsi açıq deyildi. “Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır” - deyən dövlət başçısının bu iradları qədərsiz yoxlamalarla “özlərinə gün ağlamağı” qarşısına məqsəd qoyanlara sərt və sonuncu xəbərdarlıq idi. Çünki Prezident yaxşı bilir ki, şəxsi maraqlarını güdən məmurlar özəl qurumların nümayəndələri ilə üzləşəndə, nədənsə, dövlətin maraqlarını unudurlar. Nəticədə dövlət itirir, sahibkar fəaliyyət göstərə bilmir.

İclasdan bir neçə gün sonra isə dövlət başçısının təşəbbüsü ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun qəbul edildi. Bu qanunla sahibkarlıq subyektlərində aparılan yoxlamalara çox ciddi məhdudiyyətlər tətbiq olunur.

Prezident müşavirədə, həmçinin lisenziyaların sayının getdikcə artmasından narahatlığını bildirdi və aidiyyəti qurumların buna pul mənbəyi, qanunsuz varlanma üsulu kimi baxması ilə izah etdi. Bunun liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modeli ilə təzad təşkil etdiyini vurğulayan dövlət başçısı oktyabrın 20-də “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman imzaladı. Fərmanla İqtisadiyyat və Sənaye Nazirliyinə xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin ASAN Xidmət mərkəzlərində həyata keçirilməsi, eləcə də xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi ilə bağlı tədbirlər görmək tapşırıldı. Bu isə o deməkdir ki, lisenziyaların verilmə proseduru sahibkarların xeyrinə xeyli dəyişir.

Dövlət başçısının atdığı bu addımların ardınca müvafiq qurumlar da sahibkarlığın inkişafı üçün adekvat tədbirlərin həyata keçirilməsinə başladılar. Məsələn, Vergilər Nazirliyi illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsini müvəqqəti dayandırdı. Bu o deməkdir ki, obyekti olan 70 minə yaxın vergi ödəyicisi gərəksiz yoxlamalara məruz qalmayacaq. O faktı da diqqətə çatdıraq ki, təkcə cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olmuşdu. Belə çıxır ki, yalnız Vergilər Nazirliyinin xətti ilə ildə orta hesabla 26 mindən yuxarı yoxlama ixtisara salınır. Amma sahibkarlıq subyektlərində lüzumsuz yoxlamalara xitam verən təkcə Vergilər Nazirliyi deyil. İqtisadiyyat və Sənaye Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, eləcə də digər mərkəzi icra orqanlarının müvafiq qurumları da sahibkarlıq subyektlərinin ünvanlarını unudacaqlarına söz verdilər.

Başqa çıxış yolu da yoxdur. Yaxşı bilirlər ki, Azərbaycan Prezidenti qarşısına qoyduğu məqsədləri reallaşdırmaq əzmindən dönməyəcək, mane olanları isə cəzalandıracaq. Bir sözlə, aydın görünən odur ki, ölkənin inkişaf etməsi üçün bütün zəruri addımlar atılır, ciddi tədbirlər həyata keçirilir və ən başlıcası, bu iqtisadi kursa şəxsi marağı naminə əngəl törədənlərə qarşı sərt ölçülər götürülür. Müşavirədə səsləndirilən ciddi tənqidlər də ona dəlalət edir ki, müasir dünyanın iqtisadi müstəvisində ayrı inkişaf yolu yoxdur, maneələr yubadılmadan və sərt şəkildə aradan qaldırılmalıdır.

Nazirlər Kabinetinin sonuncu müşavirəsində dövlət başçısı sahibkarlara da inhisarçılıqla bağlı ciddi iradlarını açıqladı. Bir müəssisənin istehsal etdiyi məhsulu başqalarının istehsal etməsinə mane olmaq sağlam bazar münasibətlərinin formalaşmasına mane olan amildir. Sağlam rəqabəti kölgədə qoyan inhisarçılıq mahiyyət etibarı ilə bazar münasibətlərinin əleyhinə işləyir, bazara keyfiyyətsiz mal çıxarılmasına və qiymət artımına səbəb olur. “Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin... Dövlət də bunu təşviq etsin” - deyən Prezident bununla sahibkarlara onlar üçün yaradılan əlverişli mühitdən sui-istifadə etməmələri mesajını verdi. Çünki hazırda ölkədə özəl sektorun daha da inkişaf etdirilməsi ilə bağlı aparılan iqtisadi islahatlar tələb edir ki, sahibkarlar da fəaliyyətlərində biznesin qanunlarına bütün ciddiliyi ilə əməl etsinlər. Əgər dövlət özəl sektorun güclənməsi üçün bütün vacib addımları atırsa, sahibkarlar da öz işlərində dönüş yaratmağa borcludurlar. Onların istehsal etdiyi məhsulların və göstərdikləri xidmətlərin səviyyəsi bazarın tələblərinə cavab verməlidir və istehlakçıları razı salmalıdır. Yalnız bu halda islahatların yeni mərhələsinin səmərəsi ola bilər.

"Azərbaycan" qəzeti