Bia.Az

Endirim yoxsa FIRILDAQÇILIQ? - AKTUAL

Cəmiyyət
 11-11-2023, 10:31     408

Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir.

Əslində isə...

Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir.

Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.

“Endirim” sözü varsa, aldadılma faktı var

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.Media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirdi:

“Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni, məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyəttini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır.

Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətlərdən ən azı 2 dəfə yuxarıdır”.

Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb:

“Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”.

Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar

“Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.

Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizinin öz hüquqlarını bilmir:

“Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.скачать dle 12.1