Bia.Az

Qubad İbadoğlunu Mərkəzi Klinik Xəstəxanada müayinə ediblər, ancaq nəticələri verməyiblər

Cəmiyyət
 17-10-2023, 11:19     406

Demokratiya və Rifah Partiyasının sədri, həbsdə olan Qubad İbadoğlu oktyabrın 13-də Mərkəzi Klinik Xəstəxanada kompüter tomoqrafiyası və maqnit- rezonans tomoqrafiyasından keçib. Bu barədə Turan-a onun qardaşı Qalib Bayramov bildirib.

Hələ oktyabrın 11-də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi bu müayinələrin aparılmasına gərək olmadığını bildirmişdi.
Bayramov deyib ki, müayinədən dərhal sonra İbadoğlunu İstintaq Təcridxanasına qaytarıblar, ona və ailə üzvlərinə müayinənin nəticələrini verməyiblər.

Onun sözlərinə görə, İbadoğlunun vəziyyəti ağır olaraq qalır, qan şəkərinin səviyyəsi normadan 2-3 dəfə çoxdur. Siyasətçiyə insulin qəbulu təyin edilib. Həkimlər deyirlər ki, şəkərin yüksək səviyyəsi siyasətçinin görmə qabiliyyətinə və böyrəklərinə mənfi təsir göstərib. Ancaq bununla bağlı müayinə aparılmayıb, İbadoğlunun qardaşı qeyd edib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycana səfərinə toxunan Bayramov ümidvar olduğunu bildirib ki, rəsmi şəxslərlə görüşlərdə İbadoğlunun və digər siyasi məhbusların məsələsi qaldırılacaq.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.
Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa parlamenti Qubad İbadoğlunun təqib edilməsinə görə Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.(Turan)скачать dle 12.1