Cəlilabadda hektarlarla torpaq sahələri zəbt edilib- Qarabağ əlilləri fəryad edir-FOTO
Cəlilabadda illərdir ki, qanunsuz torpaq zəbtlərinin qarşısını almaq hələ də mümkün olmayıb. Problem yerində qaldıqca, narazılıqların da sayı artır. Hektarlarla torpaq sahələri məmur qohumları və yaxınları tərəfindən zəbt edilib. Rayonda torpaq əkmək üçün haqqı olduğunu deyən şəhid və qazi ailələri kənarda qalıb. Onlara ancaq yalan vədlər verilir.
Redaksiyamıza üz tutan Qarabağ veteranı Sarvan Xudaverdiyev və Qarabağ əlili Bəxtiyar Qürbətov da bu qanunsuzluqlardan cana doyduqlarını və yerli məmurların isə onların xahişini eşitmədiyini bildirirlər. Sarvan Xudaverdiyev Cəlilabadın Maşlıq, Bəxtiyar Qürbətov isə Muğan kənd sakinidir. Sağlamlıqlarını torpaq uğrunda qoyduqlarını deyən hər iki döyüşçü, o torpaqdan əkib-becərə bilmədiklərindən gileyləniblər.
Onlar məsələylə bağlı İcra başçısı hörmətli Rafiq Cəlilovun da qəbulunda olduqlarını deyirlər. Bəxtiyar Qürbətov icra başçısıyla görüşünü belə xatırlayır:
“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?”
“İcra başçısı Rafiq Cəlilovun qəbulunda oldum. Mən də torpaq əkib-becərmək istədiyimi bildirdim. İcra başçısı Muğan bələdiyyəsinin sədri Vasif Həsənova göstəriş verdi, amma problem həll edilmədi. Belə məlum olur ki, bələdiyyə sədri icra başçısının tapşırıqlarını vecinə almır. Amma Vasif Həsənovun atası Rasif Həsənov 100 hektardan çox ərazini öz himayəsində saxlayır. Bir sözlə, qanunsuz torpaq zəbtlərinə bələdiyyə sədri Vasif Həsənovla atası Rasif Həsənov himayədarlıq edir. Çünki onlar həmin şəxslərlə şərikdirlər”.
Sarvan Xudaverdiyev isə beş il iki ay birinci Qarabağ savaşında döyüşdüyünü, 44 günlük Vətən müharibəsində isə oğlanlarının döyüşdüyünü deyir:
“Bələdiyyə sədri rayon rəhbərinin tapşırığını eşitmirsə…”
“Beş dəfə icra başçısının birinci müavini Qalib Xudaverdiyevin qəbulunda olmuşuq. Sonuncu dəfə isə icra başçısı Rafiq Cəlilovun qəbulunda olduq. Beş il iki ay Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Zəngilanın Mincivan kəndində ayağımdan ağır yaralanmışam. 44 günlük Vətən müharibəsində isə oğlanlarım-Atakişi və Novruz Xudaverdiyevlər döyüşüblər. Bütün bunları icra başçısının diqqətinə çatdırdım. İcra başçısı da mənə torpaq verilməsi üçün bələdiyyə sədri Vasif Həsənova göstəriş verdi. Amma binadan ayrılan kimi problemimiz həll edilmədi. Bir sözlə, bələdiyyə sədri Vasif Həsənov rayon rəhbərinin tapşırığını eşitmirsə, biz onda məcburuq ölkə başçısından kömək istəyək”-deyə Xudaverdiyev bildirib