Bia.Az

Bakının antiterror tədbiri Ərdoğanın Soçi səfərində razılaşdırılıb? - ilginc iddia

Siyasət
 23-09-2023, 12:43     322

Qabil Hüseynli: “Hər şey Azərbaycanın suveren iradəsi çərçivəsində həyata keçirildi”
“Çox güman ki, Putin Soçidə Ərdoğanla son danışıqlar zamanı Qarabağ separatçılarının məğlubiyyətinə razı olub, çünki Ərdoğana nəsə söz verməli olub. Hər halda Soçidəki danışıqlarda uğursuzluğun qarşılığı olmaya bilməzdi. Ərdoğan Azərbaycan ordusunun əli ilə də olsa, belə cavab verdi”. Bu barədə rusiyalı tanınmış siyasi analitik və tarixçi Dmitri Çernışevski özünün Youtube kanalında bildirib.
Belədirmi? Doğrudanmı antiterror tədbiri iki liderin Soçi görüşündə (5 sentyabr 2023) razılaşdırılıb?
Qeyd edək ki, ötən gün Türkiyə müdafiə naziri Yaşar Gülər antiterror tədbirində qardaş ölkənin heç bir şəkildə iştirak etmədiyini, bunu Azərbaycanın tək özü həyata keçirdiyini söyləyib.
Onu da qeyd etmək yerinə düşər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini nümayiş etdirib. Bunun biz sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bir daha şahidi olduq.  O,  Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı antiterror əməliyyatlarına haqq qazandıraraq deyib: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”. Cənab Ərdoğanın Nyu-Yorkdakı çıxışının başqa bir tərəfi də  o idi ki, o, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsinə zəmin yaradırdı. Belə ki, Türkiyə Prezidenti BMT TŞ üzvlərini ittiham edərək dedi ki, Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib.
İki prezidentin sentyabrın 5-də keçirilən Soçi görüşündə isə diqqət mərkəzində olan başlıca məsələ “Taxıl sazişi”nin bərpası idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüşdən sonra deyib: “Biz ”Taxıl sazişi"nin bərpası üçün yeni təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik". Bununla belə, Soçidəki görüşdə Qarabağ məsələsinə də toxunulub. Ərdoğan-Putin görüşündə Vladimir Putin Türkiyənin Qarabağ məsələsində müsbət rolunu ifadə edib: “Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətdir”. Putin bu əməkdaşlığın sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatı adlandırıb. Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib.
Rusiyalı siyasi analitikin iddiasının hər hansı əsası varmı?

 Qabil Hüseynli
Mövzu ilə bağlı tanınmış politoloq Qabil Hüseynli “Yeni Müsavat”a dedi ki, Soçidə Ərdoğanla Putin arasında müəyyən fikir mübadiləsi olub: “Xüsusilə Qarabağ məsələsində. Qarabağda Ermənistanın silahlı qüvvələrinə məxsus 10-12 minə yaxın silahın qaldığı da müzakirə edilib. Bu silahların həmin ərazidən çıxarılmasına cavabdeh üçtərəfli müqaviləyə görə Rusiya idi. Rusiya hələ II Qarabağ müharibəsi qurtarandan sonra Ermənistan kapitulyasiyaya getdikdən sonra bunu etməli idi, etməmişdi. Zənnimcə, Ərdoğan bu məsələni yerinə yetirməyi tələb etmişdi. Bütün bunların böyük müharibəyə səbəb ola biləcəyini diqqətə çatdırıb. Ruslar bu antiterror tədbirlərində iştirak etmədi. Azərbaycan ordusu yalnız müxtəlif istiqamətlərdə öz ərazisində  suverenliyini təmin etmək üçün lokal xarakterli hərbi tədbirlər gördü. Bu tədbirlər nəticəsində uğur qazanıldı. Bu tədbirlər cəmi 23 saat çəkdi. Rus sülhməramlılarının özləri də bu əməliyyatın dayandırılmasına çalışdı, həm də döyüş həmlələrinin digər ərazilərə sıçramasına yol vermədi. Hər şey Azərbaycanın suveren iradəsi çərçivəsində həyata keçirildi. Türkiyə və onun prezidentinin hüsn-rəğbəti bizimlə bağlı idi, bu da təbiidir. Burada rusların Azərbaycana köməyindən danışa bilmərəm. Hələ də bəzi ərazilər var ki, orada olan erməni silahlı qüvvələrinin tərk-silah prosesi heç başlamayıb. Bu nöqteyi-nəzərdən Ərdoğan-Putin razılaşması ilə bağlı hər hansı söz söyləmək mümkün deyil”.скачать dle 12.1