Bia.Az

Azərbaycan Ordusu ilə bağlı sensasion qərar

Siyasət
 30-08-2023, 02:31     347

ürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakın Bakı səfərində Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması müzakirə olunub. Bu olduqca mühüm və ciddi qərardır. Bir çox ekspert belə düşünür ki, bununla Azərbaycan ordusu Rusiya təsirindən tam çıxarılacaq.

Bu istiqamətdə uzun illərdir iş aparılırdı. 2020-ci ildən proses sürət götürüb. Bu məsələyə birgə hərbi təlimlərlə start verildi. Azərbaycan ordusunun Türkiyə ordu modelinə uyğunlaşdırılması həm də o deməkdir ki, ordumuz NATO sisteminə keçir.
Maraqlıdır, əgər bu baş tutarsa Azərbaycan ordusu üçün hansı üstünlüklər qazanılacaq? Rusiyanın buna mövqeyi necə olacaq?
Yenipress.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz təcrübə Ali Baş Komandan tərəfindən Azərbaycan ordusunun türk modelinə uyğunlaşdırılması üçün müvafiq sərəncam ilə nəticələndi:
“Hazırda türk ordu modelinə keçid aktiv fazadadır. Proses Türkiyə və Azərbaycan müdafiə nazirləri səviyyəsində aparılır. Hətta mən deyərdim bu istiqamətdə kifayət qədər böyük məsafə qət etmişik. Lakin proses hələ tam olaraq tamamlanmayıb.
Deyə bilərəm ki, kifayət qədər çox sayda təlimlər keçirilib. Misal üçün, bu il üçün nəzərdə tutulan 16 təlimdən 11-i artıq keçirilib. Gələn il bu təlimlərin sayı artırıla bilər.
Azərbaycan ordusunu Türkiyə ordu modelinə uyğunlaşdırmaqla eyni zamanda NATO sisteminə də keçidi hədəfləyir. Bu isə Azərbaycan üçün regionda lider dövlət olaraq qalmaq, Ermənistanı daim hərbi təzyiq altında saxlamaq deməkdir.
Azərbaycan ordusu 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra Türkiyə ordu modelinə keçmək qərarı onun dünya ordularının reytinqində irəliləyək ən güclü 50 ölkə arasında yer almasına gətirib çıxartdı. Ümid edirik ki, reytinqdə yerimiz daha da irəliləyəcək”.
Politoloq Qabil Hüseynli isə deyib ki, Türkiyə ordu modelinə keçmək, həm də NATO standartlarında ordu qurmaq deməkdir:
“Türkiyə NATO ölkəsi olmaqla bərabər, alyansın ordu quruculuğu sahəsində mühüm ölkələrdən hesab edilir. Türkiyə təkcə kəmiyyət etibarilə deyil, həm də keyfiyyət etibarilə NATO-nun ən güclü ordularından birinə sahibdir.
Bu gün qardaş ölkə alyansa həm də yeni hərbi doktrinalar təqdim edir, döyüş strategiyaları təlimləri keçir. Belə bir ölkənin ordu modelini örnək alıb bu istiqamətdə işlər görmək şübhəsiz ki, NATO ölkəsi olmasaq da ordumuzun NATO standartlarına çatması deməkdir.
Ənənəvi rus ordu modeli artıq köhnəlib. Bu ordu modeli üzrə tərtib edilən ordular yavaş, ləng və asanlıqla qarşısı alına bilən ordu olur. Təsadüfi deyil ki, Ukrayna müharibəsi bir daha rus hərb modelinin dövrün standartlarına cavab vermədiyini, köhnəldiyini göstərdi.
Türkiyə hərb modeli isə istər Liviya vətəndaş müharibəsində, istər Şimali İraq və Suriyada keçirilən antiterror əməliyyatlarında, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsində özünü doğrultdu.
Bu gün Azərbaycanın Türkiyə hərbi modelinə keçməsi uğurlu və düzgün seçimdir. Bütün hallarda bu seçim bizim daxili məsələmizdir və Rusiya bundan narahat olmamalıdır”.скачать dle 12.1