Bia.Az

Sahibkar Zülfüqar Əmirovun başına gələn ŞOK DƏLƏDUZLUQ - “2 milyonluq əmlaklarımı ələ keçiriblər”

Cəmiyyət
 17-08-2023, 00:00     232

Sahibkar Zülfüqar Əmirov oğluna təzyiq göstərilərək əmlakının ələ keçirildiyini iddia edir.

DİA.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən vətəndaş deyir ki, faktiki mülkiyyətində olan qeyri-yaşayış sahələri razılığı olmadan Bakı şəhəri 11 saylı Notariat ofisində Xoştari Kənan Malik oğlu və Əsədov Elşad Dadaş oğluna satılıb: “Nizami rayonunda yerləşən əmlak həyat yoldaşımın, Səbaildəki isə bacımın həyat yoldaşının adına rəsmiləşdirilib. 2012-ci ildə hər iki əmlakla bağlı oğlum Rail Əmirova əmlak və mülki hüquqların həyata keçirilməsi ilə bağlı etibarnamə verilib. Mən qeyri-yaşayış sahələri ilə bağlı olan bütün sənədləri hal-hazırda faktiki yaşadığım evdə seyfdə saxlayırdım.

Mənim digər oğlum Məhərrəm Əmirzadə bizim məlumatımız olmadan seyfdən bütün sənədləri oğurlayıb və həmin əmlakları satıb. Məsələnin üstü açıldıqdan sonra isə Türkiyəyə qaçıb. Sonradan bildik ki, Məhərrəmin Asif Xəlilov və Əliyev Əli adlı şəxslərə borcu olub. Məhərrəmi bu işi görməyə də onlar təhrik edib.

Məhərrəm Bakı şəhəri 11 saylı Notariat ofisində özünü qardaşı Rail kimi təqdim edərək Vəliyev Tanrıverdi tərəfindən Railə etibar edilmiş hüquqlara dair öz tanışı Məmmədov Fuad Məmməd oğluna 05.04.2023-cü il tarixində etibarnamə verib. Məmmədov Fuad isə qeyri-yaşayış sahəsini Bakı şəhəri 11 saylı notariat ofisində Vəliyev Tanrıverdinin adından əvvəlcədən razılaşmalara əsasən Əliyev Əli Orucəli oğlunun sürücüsü Əsədov Elşad Dadaş oğluna 340.000 manata satıb. Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin öz dəyəri 600.000-700.000 manat məbləğindədir. İlk olaraq da həmin əmlak satılıb. Nizami rayonunda yerləşən əmlak da eyni cür satılıb. Məhərrəm yenə Bakı şəhəri 11 saylı Notariat ofisində özünü qardaşı Rail kimi təqdim edərək Railə etibar edilmiş hüquqlara dair öz işçisi Məmmədov Fuad Məmməd oğluna etibarnamə verib. Fuad isə qeyri-yaşayış sahəsini Bakı şəhəri 11 saylı notariat ofisində Orucova Mənsurənin adından yenə də öz tanışları Xoştari Kənan Malik oğluna satıb. Qeyri-yaşayış sahəsi Xoştari Kənana 850.000 manat məbləğində pula formal olaraq satılıb. İlkin alqı-satqı müqaviləsi zamanı Xoştari Kənan formal olaraq 440.000 manat məbləğində, ikinci mərhələdə isə guya 410.000 manat pul ödəyib. Bir gündə həm ilkin, həm sonrakı alqı-satqı müqaviləsinin bağlanması müqavilələrin formal olduğunu və pulun notarius tərəfindən qoyulduğunu sübut edir”.

Zülfüqar Əmirovun dediyinə görə, alqı-satqını həyata keçirən notariusun məsələdən xəbəri olub. O, rüşvət alaraq qanunsuz iş görüb: “Asif adlı şəxs Məhərrəmdən birinci alqı-satqı müqaviləsinə görə Məhərrəmin notariusda özünü Rail kimi təqdim etməsini notarius tərəfindən qəbul edilməsinə görə notarius Məmmədov İlqar Aydına oğluna rüşvət vermək adı ilə 25.000 manat, ikinci alqı-satqı müqaviləsində isə notariusa rüşvət vermək adı ilə 30.000 manat məbləğində pulu alıb. Bundan başqa sonradan eşitdiyimə görə Asif və Əli adlı şəxslər onlara olan borcunu ödəməsinə görə Məhərrəmi bu cinayəti törətməyə məcbur edib və notariusla əvvəlcədən əlaqəyə girərək ona külli miqdarda rüşvət verərək saxta müqavilə əsasında mənim mülkiyyətimdə olan əmlakları sataraq həmin satışdan əldə olunmuş pul vəsaitlərini ələ keçirib və mənə ümumilikdə 2.100.000 manat məbləğində maddi ziyan vurublar. Ümumiyyətlə Əli və Asif adlı şəxslər hər iki notarial əməliyyat zamanı notariusa rüşvət vermək, makler pulu, şapka, Mədəniyyət və Turizm Nazirliyindən və müxtəlif idarələrdən icazənin alınması və müxtəlif bəhanələrlə Məhərrəmdən ümumilikdə 350.000 manatdan artıq pul alıblar. Bu söhbətlərdən sonra notariusun yanına getdim.

Mənə dedi ki, Məhərrəmlə Rail bir-birinə çox oxşadığı üçün səhv salıb. Məhərrəmlə Railin bir-birinə oxşarlığı yoxdur. Mən bilirəm ki, oğlum Məhərrəmin Xəlilov Asif Rəhman oğlu və Əliyev Əli Orucəli oğluna borcu olub. Asif və Əli Məhərrəmi bu işi görməyə təhrik ediblər. Onlar Asif, Əli, Notarius İlqar, Kənan, Fuad, Elşad və Məhərrəm qabaqcadan əlbir olaraq olub mənim əmlakımı etibardan sui-istifadə etmə yolu ilə ələ keçirdib və mənə xüsusilə kulli miqdarda maddi ziyan vurublar.”

Şikayətçi məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq İdarəsində araşdırma getdiyini qeyd edib. O, Əmirzadə Məhərrəm Zülfüqar oğlu, Xoştari Kənan Malik oğlu, Məmmədov Fuad Məmməd oğlu, Əsədov Elşad Dadaş oğlu, Əliyev Əli Orucəli oğlu və Xəlilov Asif Rəhman oğlunun əməlinin Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə 178 və 312-ci maddələri ilə tövsif olunmasını, cinayət işinin Baş prokurorluğun istintaq idarəsinə təhvil verilməsini istəyir.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
скачать dle 12.1