Bia.Az

“Tərtər işi”: Hərbçi oğlu öldürülən Validə Əhmədovanın vəkili evindən oğurlanıb

Cəmiyyət
 7-08-2023, 17:28     283

Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülən Elçin Quliyevin anası Validə Əhmədovanın vəkili Solmaz Kazımova yaşadığı ünvandan oğurlanıb.

Bu barədə Musavat.com-a Validə Əhmədova məlumat verib.

O deyib ki, bu gün saat 11-in yarısı vəkilinin evinə naməlum şəxslər gələrək axtarış aparıblar. Həmin vaxt vəkilin azyaşlı bacısı qızı onun evində olub. Azyaşlının gözü qarşısında vəkilin evində axtarış aparılıb, bundan sonra özünü də naməlum istiqamətə aparıblar.
Validə Əhmədova bildirib ki, vəkili Əhmədlidə Neapol dairəsi yaxınlığındakı mənzilindən aparılıb: “Vəkili kim aparıb, hara aparıb bilmirik. Hazırda vəkilin telefon nömrəsinə zəng çatmır. Onun taleyindən narahatıq. Xahiş edirik ki, aidiyyəti qurumlar vəkilin yerini müəyyən edib bizə də məlumat versinlər”.
V.Əhmədova deyib ki, bir neçə gün əvvəl vəkili Solmaz Kazımovanı “Tərtər işi” üzrə müstəntiq Qasım Məmmədov yanına çağırıb: “Qasım Məmmədov deyib ki, guya vəkil ifadələri götürüb və harasa verib. Mən bundan əvvəl Qasım Məmmədovun yanında olmuşdum və övladımın qatillərinin siyahısını tutmuşdum. Həmin siyahını vəkilimə vermişdim ki, qatillərin istintaqa verdikləri ifadələri götürüb mənə versin, oxuyub tanış olum, bilim ki, qatillər nə deyib. Qasım Məmmədov vəkilə deyib ki, ifadələri götürüb efirə verirsən. Mən də deyirəm ki, vəkilim heç bir yerə ifadələri verməyib. Mən ifadələrini götürdüyüm generallar gəlib məhkəmədə ifadə veriblər. Mən məhkəmədə baş verənlərin ictimailəşdirilməsi üçün bütün jurnalistlərə müraciət edirəm. Bu cinayətlər gizli şəkildə törədilib. İndi də gizli şəkildə ört-basdır edilməsinə cəhd göstərilir. Mənim xanım vəkilimin oğurlanması çox ciddi təzyiqdir. İllərdir ki, mən oğlumun qatillərinin həbsini tələb edirəm. Qatilləri həbs etmək əvəzinə mənim vəkilimi tutub aparıblar. Kimsə doğru olmayan ifadə vermirsə, gedib onu tutsunlar”.
Validə Əhmədovanın sözlərinə görə, iddia olunur ki, iş üzrə qatillərdən olan Hilal Nəcəfovun ifadəsində hərbi sirr ola bilər: “Əgər Hilal Nəcəfovun ifadəsində hərbi sirr vardısa, həmin ifadəni o niyə verib? Mənim oğlumun qatilləri 6 ildir ki, göz qabağındadırlar, şahidlər var ki, oğlumu məhz onlar işgəncə verməklə qətlə yetiriblər, amma tutulmurlar. Bunun əvəzində vəkilimi tutublar. Bunun səbəbi nədir? Ölkə başçısı İlham Əliyevin göstərişi ilə bu iş üzrə istintaq yeniləndi. Artıq 2 ilə yaxındır ki, istintaq yenilənib. 2021-ci ilin dekabrından bu yana 20 ay keçir. Cinayətkar Xanlar Vəliyev kimləri tutmuşdusa, bunlar da 1-2 nəfər əlavə ediblər, işlərini bitiriblər. Amma qatillər tutulmur. Əgər tutmaq istəyirlərsə, gəlib məni də tutsunlar. Mən cavab verməyə hazıram. Vəkilimə o körpə uşağın yanında o vəhşəti niyə yaşadıblar? Qasım Məmmədov da bilir ki, mənim vəkilimin günahı yoxdur”.
Validə Əhmədova ölkə rəhbərliyinə müraciət edərək vəkilinə qarşı qanunsuzluqlara son qoyulmasını istəyib.
Qeyd edək ki, Validə Əhmədovanın oğlu Elçin Quliyev 2017-ci ildə mayın 2-də həyətlərindən oğurlanıb və 2 gün sonra onun ölüm xəbəri gəlib. Həmin 2 gün ərzində ailəsi və yaxınları Elçinin hara aparıldığından xəbərsiz olub. Ölümünə qədər o, Tərtərdəki hərbi hissələrdən birində müddətdən artıq xidmət edən hərbçi olub. Validə Əhmədova çıxışlarında deyib ki, bütün hadisələr 2016-cı ildə olan Aprel döyüşlərindən sonra başlayıb.
“Həmin döyüşlərdə kim fəal iştirak edibsə, hamısı işgəncə nəticəsində öldürülüb, sağ qalanları isə həbs ediblər” - Validə Əhmədova qeyd edib.
Onun oğlu oğurlanandan sonra barəsində ermənilərə casusluq – dövlətə xəyanət ittihamı ilə cinayət işi başlanıb. 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilib. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfayət İmranov çıxarıb. Daha sonra, 2021-ci ildə bu qərar Baş Prokurorluq tərəfindən ləğv edilib, Elçin Quliyevin barəsində bəraət hökmü çıxarılıb. Yeni qərar mərhumun anası Validə Əhmədovaya təqdim olunub. Hazırda Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə 3 ayrı-ayrı qrupun cinayət işi ilə bağlı məhkəmə prosesləri keçirilir.скачать dle 12.1