Bia.Az

Məşhur Bakı ermənisindən “sülh” formulu – Azərbaycan özü-özünə “TƏCAVÜZ” edibmiş!

Siyasət
 26-07-2023, 13:39     246

İstənilən cəmiyyətin mənəvi təmizlik göstəricisi xeyli dərəcədə onun aydınlarının, müdrik və uzaqgörən simalarının sayı ilə ölçülür. Qafqaz xalqlarına zorla qonşu edilən ermənilər bu xüsusda da pis ad çıxarıblar.

Nə sirdirsə, bədnam toplum həmişə onu faciələrə sürükləyən liderlərin, “ziyalılar”ın, çuxası altında silah gəzdirən erməni katolikosların ardınca böyük həvəslə gedir. O səbəbə ard-arda fəlakətlər yaşayır. Gəl ki, dərs olmur, ibrət götürmür. Sanki xalq adlanan bu mazoxist dəstə əzab çəkməkdən həzz alır...
Əfsus ki, 44 günlük müharibədə aldığı “dəmir qapaz”ın da haylara “müalicəvi” təsiri olmadı. Necə olsun ki, onların başında gedənlərin başından axmaq ideyalar çıxmır. Erməni cəmiyyətində Türkə nifrət səngimək bilmir və nəsildən-nəslə ötürülür. Ermənistan adlı qondarma dövlətin konstitusiyasında, gerbində qonşu Türkiyə və Azərbaycana ərazi iddiaları əksini tapıb və mənfur toplum bunu tam normal hesab edir. Üstəlik, az qala bütün dünyanı özünə borclu sayır.
Neçə həftədir Ermənistanda məmurlara “Qarabağı Azərbaycanın tərkib hissəsi saymağı” qadağan edən (əks halda 10-12 illik həbs cəzası nəzərdə tutulur) qanunun qəbulu üçün imza toplanır. Belə bir cəmiyyətlə, onun beynəlxalq hüququ hərləməyən müxalifəti və hakimiyyəti ilə, ümumiyyətlə, normal qonşuluq nədir anlamayan bir xalqla necə anlaşasan?..
“ABŞ, eləcə də Qərbin vasitəçiliyi ilə Bakı və İrəvan sülh müqaviləsi imzalayacaq. Azərbaycan Qarabağda iqtisadi möcüzə yaradacaq, erməni əhalisi ilə yaxşı rəftar edəcək və iki ölkə dost olacaq”.
Bunu ukraynalı tanınmış jurnalist Dmitri Qordon keçmiş bakılı, şahmatçı Harri Kasparovla müsahibəsində deyib. Amma havamızla, çörəyimiz və suyumuzla böyüyən Kasparov cavab olaraq, görün nə deyib. O, bunu, yəni iki xalqın dostluğunu, barışığını mümkün saymadığını söyləyib. Ocağa yağ tökmək məsələsi.
Sitat: “Bu, müharibədən sonra ukraynalılarla rusların dostluğu kimi real deyil. Amma bu proses mənim qarşı çıxmadığım ideal seçimdir. Əgər Amerika, Avropa Birliyi və Türkiyə buna nail ola bilsə, əla olar. Hansısa variant mümkündür. Türkiyəyə Naxçıvandan Azərbaycana keçid verilə, Ermənistan isə Laçın yolunu ala (?! – red.) bilər. Belə variant mümkündür və bütün türk hökmdarlarının arzusunda olduğu – İstanbuldan Altaya at sürmək ideyası reallaşar”.
İlk baxışda praqmatik yanaşma kimi görünür. Əslində isə Kasparovun damarındakı erməni qanı (atası yəhudidir) özünü göstərib...
Bicliyinə bax, gör nəyi nəylə müqayisə edir. İşğala məruz qalan Ukraynanı “arsax”la (ermənilərlə), Azərbaycanı isə işğalçı Rusiya ilə, ruslarla bir tutur. Halbuki tam əksidir. Guya biz Ermənistanla yox, hansısa mifik “artsax”la müharibə aparmışıq. Yəni özümüz özümüzə təcavüz eləmişik! Bir ölkə isə öz ərazisini işğal (zəbt) eləmır, işğaldan azad edir. Azərbaycan əsgərinin ayağı isə hələ ki, Ermənistanın ərazisinə dəyməyib. Çünki formal da olsa, bu geydirmə və vassal dövlətin ərazi bütünlüyünü tanıyırıq.
Yəni Azərbaycan sadəcə, öz qanuni və halal ərazilərini azad edərək, torpaq bütövlüyünü təmin edib. Odur ki, Qarabağdakı erməni milli azlığı da konstitusiyamızı qəbul eləməyə borcludur. Ukrayna-Rusiya müharibəsindən əsas fərq budur. Kim istəyər bayrağımız altında yaşayar, kim istəməz, yol açıqdır. Bu məsələdə yalvarış, baş sığallama-zad keçərli deyil, olmayacaq. Qarabağdakı erməni icması danışıqlar prosesinin müstəqil tərəfi, beynəlxalq hüququn subyekti deyil, heç zaman olmayıb və olmayacaq!
Nəhayət, keçmiş bakılının “Ermənistan isə Laçın yolunu ala bilər” fikri nə demək? Laçın nə vaxtdan mübadilə və ya mübahisə predmeti olub? Q.Kasparovun haqqında danışdığı Laçın (yolu) da, Naxçıvan da Azərbaycanın ayrılmaz tərkib hissələridir – kommunikasiyalar açılsa da, açılmasa da...

Əlbəttə, Kasparov da bilir ki, bu avantüranı Azərbaycan xalqı başlamayıb. Konfliktin, qarşılıqlı inamsızlığın kökündə onun soydaşlarının hələ də davam edən əsassız və həyasız torpaq iddiaları dayanır – hansı ki, az yuxarıda vurğulandığı kimi, Ermənistanın “Ana yasası”sında da ifadə olunub. Demək, bu sərsəm iddia, sarsaqlıq aradan qalxan kimi iki xalq arasında ədavət də qısa müddətdə yox olacaq, dil tapıb uzlaşacağıq.
Qısası, top həmişəki kimi ermənilərin ayağındadır. Ancaq doğru seçimə görə ən böyük məsuliyyət bu millətin qərar verənlərinin, yol göstərənlərinin, “ən ağıllıları”nın üzərindədir. O cümlədən Kasparovun. Bəlli ki, Kasparov neçə vaxtdır Putin rejiminə qatı opponentik edir. Özü bilər. Ancaq bir az da mənsub olduğu millətin ağılsızlığına, azğınlığına, miflərlə yaşamasına müxaliflik eləsəydi, yaxşı olardı.
Vaxtilə o, güclü şahmatçı olub. Dünya çempionluğunu qazanıb. Təəssüf ki, talant heç də həmişə şəxsiyyətlə, ziyalılıqla uyğunluq təşkil eləmir. Deyəsən, Xalq şairi Ramiz Rövşənin sözüdür, deyib ki, “şəxsiyyət istedadın qabıdır, əgər o qabda çat varsa, istedad axıb gedəcək”.
Xalqlar arasında münasibətlərə oyun kimi baxmaq yanlış. Elə şahmat oyunu kimi də...
Zahid SƏFƏROĞLUскачать dle 12.1