Bia.Az

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

Cəmiyyət
 24-07-2023, 11:44     297

İqtisadçı alim, siyasətçi Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə şübhəli bilinir. Xəbəri “Turan” Qubad İbadoğlunun qızı Jalə Bayramovaya istinadla yayıb.

204.1-ci maddəyə görə, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iyulun 23-də Sumqayıt-Novxanı yolunda tutub. O, həyat yoldaşı ilə bazarlıqdan Novxanıdakı evinə qayıdırmış.
Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatı əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib: “Saxlanan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanıb”.
ABŞ-da yaşayan islamçı alim Fətullah Gülənə bağlı çevrəyə Türkiyədə FETÖ adı verilib. 2016-cı il iyulun 15-də bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Yüzlərlə adamın həlak olduğu qiyam yatırılıb. Hakimiyyət çevriliş cəhdinin Fətullah Gülənin planı olduğunu iddia edib. Bu iş üzrə minlərlə şəxs həbs olunub.

1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.

Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib, Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciətlər, bu yöndə məhkəmə çəkişmələri fayda verməyib.

1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır.

“Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.

Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.скачать dle 12.1