Bia.Az

Putinin Ərdoğandan küskünlüyü nə qədər davam edəcək - Kreml nə istəyir...

Gündəm
 20-07-2023, 11:41     314

Getdikcə zəifləyən, Ukrayna cəbhəsində dalana dirənən, sosial-iqtisadi problemlər, sanksiyalar altında çabalayan Rusiya vəziyyətdən çıxış yolları axtarmaq, tərəfdaşlarını çoxaltmaq əvəzinə sanki tarana gedir. Son illərdə bütün dünya Rusiyanın üzərinə gəldiyi halda, Türkiyə və Azərbaycan onunla gerçək qonşu, strateji tərəfdaş, bir çox məsələlərdə müttəfiq ölkə kimi davranıb.

Ancaq indi Rusiya Türkiyə və Azərbaycanla münasibətlərində qeyri-səmimilik göstərir. Türkiyə xüsusilə "Taxıl sazişi" məsələsində Ukraynada sülhə nail olmaq üçün kifayət qədər enerji sərf etdi. Təbii, Türkiyənin bu mövqeyi həm də Kremlə dəstək idi.
Ancaq Moskva indi başadüşülməz bir mövqe tutub. Qarabağla bağlı proseslərdə arzuolunmaz münasibət göstərir, Ərdoğanın Putinlə təmasa keçmək niyyətinə qeyri-adekvat reaksiya bildirilir.
Ərdoğan iyulun 17-də bəyan etmişdi ki, "Taxıl sazişi"nin yenidən qüvvəyə minməsi üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə çalışacaq.
Kremlin sözçüsü Dmitri Peskov isə iyulun 18-də açıqlama verdi ki, Putin  hələ türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təmasları planlaşdırmır.
Kremlin sözçüsü bunu Rusiyanın "Taxıl sazişi"ndən çıxmasından və digər hadisələrdən sonra Putinin qrafikində Ərdoğanla təmasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Peskov həmçinin deyib ki, “Taxıl sazişi”ni Rusiyanın iştirakı olmadan davam etdirmək cəhdləri risklərə gətirib çıxaracaq, çünki taxıl dəhlizi müharibə zonasına bitişikdir və hətta Kiyevin özü də bu dəhlizdən hərbi məqsədlər üçün istifadə edir...
Rusiya niyə belə aqressiv, yaxud da küskün davranır? Müşahidələr onu deməyə əsas verir ki, Rusiyanın Türkiyəyə münasibətdə fərqli davranışları, yaxud küskünlüyü mövcuddur. Ekspertlər isə deyir ki, burada yanlış varsa da, bu yanlış və yaxud uyğunsuz tələblər Rusiyaya aiddir. Türkiyə bu məsələdə hansısa suç sahibi deyil.
Elə isə maraqlıdır, Rusiya nə istəyir? Küskünlüyünün, iddialarının səbəbi nədir? Və bu küskünlük, soyuqlaşma nə vaxtadək, haradək davam edə bilər?
Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası
Elşən Mustafayev: “Hazırda əsas rıçaqlar Ankaranın əlindədir”
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Rusiya siyasətində ciddi təlatümlərin yaşandığını bildirdi: “Son vaxtlar Rusiyanın sağa-sola aqressiv davranması, kəskin bəyanatlar səsləndirməsi gündəmdən düşmür. Hazırda Türkiyə ilə münasibətlərində soyuqluğa doğru inkişafın getdiyini gördükdə Rusiya siyasətinin içində ciddi problemlərin olduğunu anlamaq çətin deyil. Ukraynada müharibə uzandıqca, nəticə əldə edilmədikcə və ən əsası vaxtilə əldə etdiyi mövqeləri itirməyə başladıqca rəsmi Kremlin adekvat olmayan addımlarının şahidi olacağıq. Türkiyə ilə bağlı yaranmış gərginliyin arxasında da məhz Rusiyanın əvvəlki kimi özünə arxayın olmaması durur. Suriya, Ukrayna və digər bir çox problemlərə fərqli münasibətlərinin olmasına baxmayaraq Türkiyə Rusiya ilə müxtəlif səviyyəli münasibətlərini həmişə saxlamağa üstünlük verirdi. Rusiya da eyni ilə dediyim arxayınlıqdan, həm də regionun böyük bir dövlətinin özünə qarşı olan beynəlxaq kampaniyada iştirak etməməsi səbəbindən bu əlaqələrin davam etdirilməsində bir çox məsələlərdə ənənəvi mövqelərindən geri çəkilməyə məcbur idi. Amma son aylar ölkə daxilində olan narazılıqlar, Priqojin məsələsindən sonra Putinin nüfuzunun kəskin düşməsi, xaricdən olan təzyiqlərin daha da güclənməsi, Ukrayna cəbhəsindəki uğursuzluqlar rəsmi Moskvanı gərgin vəziyyətə salmışdı. Belə vəziyyətdə isə o, adekvat olmayan addımlar atmağa başlamışdı. Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsini təsadüfi hesab etmək olmaz. Rəsmi Ankara yaxşı bilir ki, belə addımların atılması Türkiyə ilə Rusiya arasında soyuqluq yaradacaq və paralel olaraq bu, Azərbaycanla, Qarabağla bağlı proseslərdə özünü göstərəcək.. Amma Rusiyanın əvvəlki kimi özünü aparmaması, xüsusilə bir çox məsələlərə münasibətdə siyasətini dəyişməsi və Türkiyədən hadisələrlə bağlı konkret mövqe istəməsinin cavabı bu olmalı idi. Hazırda Rusiyanın durumu nə Türkiyəyə, nə də Azərbaycana təzyiq etməyə imkan verməyəcək. İndiki zamanda Türkiyə ilə münasibətlərin gərginləşməsinin Rusiya üçün ağır nəticələri ola bilər. Hadisələrin gedişindən belə görünür ki, proseslərin bu şəkildə davam etməsi ilin sonuna qədər Rusiyanın həm Ukrayna məsələsində məğlubiyyətinə, həm də iqtisadi çöküşünə apara bilər. Yəni hətta Türkiyəyə qarşı "pomidor, turist embarqosu" qoysa belə, təsirləri az və qısamüddətli olacaq. Lakin düşünürəm ki, rəsmi Kreml yaxın günlərdə heç nə olmamış kimi yenidən Türkiyə ilə əvvəlki səviyyəli əməkdaşlıqlarının bərpası ilə bağlı addımlar atmağa başlayacaq və bu, paralel olaraq Qarabağdakı situasiyaya da təsir edəcək. Hadisələrin hansı axarda getməsinə qərarı isə Türkiyə verəcək. Yəni hazırda əsas rıçaqlar Ankaranın əlindədir".
İranın Azərbaycana ciddi təzyiq imkanları yoxdur -
Kənan Rövşənoğlu: “Ərdoğan əlində Putini razı salacaq ciddi arqumentlər olduğu üçün rahatdır”
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu bu prosesdə Ərdoğanın çox rahat şəkildə davrandığını düşünür: “Rusiyanın "taxıl dəhlizi" sazişindən çıxması gözlənilən idi. Xüsusən də Zelenskinin NATO sammiti ərəfəsində Türkiyəyə gəlməsi, geri qayıdarkən “Azov” batalyonu komandirlərini də aparmasından sonra rusların 17 iyulda sazişi uzatmayacağı və ya ən azı bu mövqeyi nümayiş etdirməsi gözlənilirdi. Türkiyə sammit ərəfəsi, ümumiyyətlə, seçkilər və sonrasında Qərbə doğru ciddi gedişlər etdi. Son hadisənin isə Moskva-Ankara münasibətlərində soyuqluq yaradacağı gözlənilən idi. Lakin görünən odur ki, bu prosesdə, anadolular demişkən, başqa hesablar var. Məsələn, Türkiyə prezidenti iyulun 14-də jurnalistlərə açıqlamasında “taxıl dəhlizi” mövzusunda Putinlə həmfikir olduqlarını, iyulun 17-də, yəni Moskva “taxıl dəhlizi” sazişindən çıxdığını elan etdikdən sonra Ərdoğan yenidən bir daha Putinin bu humanitar dəhlizin davamında istəkli olduğuna inandığını dedi. Türkiyə prezidenti bildirdi ki, körfəz səyahətindən qayıtdıqdan sonra Putinlə danışacaq və “dəhlizin” bərpasına çalışacaq. XİN başçısı Hakan Fidanın bu mövzuda Lavrovla danışıqlar aparacağını bildirən Türkiyə prezidenti Putini avqustda Türkiyəyə dəvət edəcəyini və burada “taxıl dəhlizi” mövzusunu üzbəüz müzakirə edəcəyini deyib. Deyib ki, Putini avqustda Türkiyəyə dəvət edəcək, burada “taxıl dəhlizini” müzakirə edib müsbət qərar alacaqlar. Düşünürəm ki, Ərdoğan əmindir və ya çox inanır ki, Putinlə dil tapacaq. Bu səbəbdən də rahat danışır. Məsələ ondadır ki, “taxıl dəhlizi” sazişinin pozulması neqativ hadisə olsa da, sazişin pozulmasından sonra BMT də daxil olmaqla, dünyanın yeganə ümid yeri Ərdoğandır. Yəni əgər "taxıl dəhlizi" sazişi pozulmasaydı, güman ki, Ərdoğanın Rusiyaya və ya Putinin Türkiyəyə səfəri ciddi qınaq və etirazlarla müşayiət olunacaqdı. Ancaq indi BMT baş katibi də daxil olmaqla, bir çox nüfuzlu dövlət və siyasət adamları Ərdoğanın Putinlə görüşüb sazişi bərpa etməsini dəstəkləyir. Yəni dolayısı ilə “taxıl dəhlizi” sazişinin bərpası həm də Türkiyə və Rusiya arasında danışıqlar və əlaqələrin qurulmasını beynəlxalq səviyyədə legitimləşdirir. Güman ki, Ərdoğan əlində Putini razı salacaq ciddi arqumentlər olduğu üçün rahatdır və Rusiya prezidentini razı salacağını deyir. Azərbaycanla bağlı vəziyyət fərqlidir. Ərdoğanın Rusiya ordusunun 2025-ci ildə Qarabağdan çıxacağı barədə bəyanatı düşünürəm ki, bizim üçün risklidir. Çünki ruslar bu bəyanatdan narahat olaraq daha tez hərəkətə keçdilər. Rusiya aydın məsələdir ki, Qarabağdan çıxmamağa çalışacaq və hazırda əlində olan yeganə kartdan - Qarabağdakı separatçı ermənilərdən istifadə edir. Türkiyənin Cənubi Qafqaz mövzusunda Rusiya ilə növbəti dəfə razılaşacağını isə zaman göstərəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”скачать dle 12.1