Bia.Az

Putin Ərdoğandan inciyibmi - Bakı ilə münasibətlərə təsiri...

Gündəm
 11-07-2023, 13:16     297

Politoloq: “Prezident Ərdoğan son dövrlər Rusiyanın saymazyana şəkildə Azərbaycan və Türkiyənin maraqlarına zidd davranışlarına daha açıq və daha real cavab vermiş oldu”

Ukrayna prezidenti Volodimir Zelenski son Türkiyə səfəri, daha doğrusu, onun Ərdoğanla görüşünün nəticələri Rusiya rəhbərliyində neqativ reaksiya doğurub. Heç də ona görə yox ki, qardaş dövlətin başçısı Zelenski ilə birgə mətbuat konfransı zamanı “Ukrayna NATO-ya üzvlüyü haqq edib” söyləyib. Daha ciddi səbəb var.

Söhbət səfərin yekununda Zelenskinin Türkiyədə müvəqqəti sığınacaq tapan “Azov” rəhbərlərini də özü ilə bərabər ölkəsinə aparmasından gedir. Putinin mətbuat katibi Dmitri Peskov bunu mövcud razılaşmaların pozulması kimi qiymətləndirib. Sitat: “Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub. Razılaşmaların şərtlərinə görə, onlar münaqişə bitənədək Türkiyə ərazisində qalmalı idilər”.
Peskov əlbəttə ki, Putinin mövqeyini ifadə edir. Demək ki, Kreml rəhbəri Ərdoğandan narazı və incikdir. Türkiyə lideri isə Putinin gələn ay qardaş ölkəyə gələcəyini anons edib.
Maraqlıdır ki, qondarma “dxr”in sabiq “müdafiə naziri” İqor Girkin bir az da qabağa gedərək iddia edib ki, guya Putin Türkiyəyə getsə, həbs oluna bilər. “Mən Vladimir Vladimiroviçin yerində olsaydım, Ərdoğanın Türkiyədə onunla görüşmək təklifini qəbul etməyə risk etməzdim”, - Girkin vurğulayıb. O, Putinin Türkiyədən Haaqaya göndərilmə ehtimalı olduğunu bildirib.
Bəllidir ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib. Lakin Türkiyə BCM-in Roma Statutunu imzalamayıb və ratifikasiya etməyib (həmçinin Azərbaycan). Yəni BCM hökmü Ankara üçün keçərli deyil və Putinin həbsi ehtimalı sıfra bərabərdir.
Türkiyə “azov”çuları niyə Ukraynaya qaytardı?
Alman ekspert, Köln Universitetinin eksperti Tomas Yeger hesab edir ki, bu, Ərdoğanın Rusiya lideri Vladimir Putinə mesajıdır. Onun fikrincə, Türkiyə prezidenti bu jestlə rusiyalı həmkarına siqnal verir.
Politoloq mesajı belə oxuyur: “Ərdoğan demək istəyir ki, Rusiya məndən bir şey istəyirsə, mənə daha çox şey verməlidir. Bu, onun Ukraynanın NATO-da ola biləcəyi ilə bağlı bəyanatına da aiddir. Putin bundan da məmnun olmayacaq”.
Alman təhlilçiyə görə, Ankara digər dövlətlərə belə təzyiq göstərməyi özünə rəva görə bilər, “çünki Türkiyə geosiyasi baxımdan o qədər vacib dövlətdir ki, hamı onunla kifayət qədər yaxşı münasibətlər qurmağa çalışır”. 
Bu arada “Azov” hərbi alayının komandirlərindən olan Denis Prokopenko döyüşü davam etdirmək üçün geri qayıtdıqlarını bildirib. “Biz hələ döyüşdə öz sözümüzü deyəcəyik”, - o qeyd edib. Döyüş əməliyyatları ilə bağlı aydınlaşdırıcı suala o belə cavab verib: “Biz elə ona görə qayıtmışıq”.
Demək, Rusiyanın Türkiyədən incikliyi daha da artacaq.  Bəs Kremlin “azov”çularla bağlı Ankaradan narazılığı nə dərəcədə əsaslıdır və baş verənlərdən sonra Putin Türkiyəyə getməyə bilərmi? Nəhayət, son olayların Bakı-Moskva münasibətlərinə, bölgədəki duruma neqativ yan təsiri mümkündür? Son günlər Qarabağdakı rus sülhməramlıların aqressivləşdiyi barədə xəbərlər yayılır. Burada Putinin Ərdoğanla arasında yaşanan məlum inciklik də rol oynaya bilərmi?
Erməni cinayətkarları təhvil verdik, əvəzində..?
Anar Əliyev 
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ukrayna Prezidentinin Türkiyəyə son səfəri və səfər nəticəsində əldə olunmuş razılaşmalar, səsləndirilən bəyanatlar Rusiya tərəfindən ciddi narazılıqla qarşılanıb: “Rusiya Prezidentinin sözçüsü Peskovun açıqlamaları da bu narazılığın təzahürüdür. Xüsusilə Türkiyənin Ukraynanı NATO üzvlüyünə hazır dövlət gözündə görməsi haqda bəyanatı, "Azov" rəhbərlərinin Ukrayna Prezidentinə təhvil verilməsi iki dövlət arasında diplomatik münasibətlərdə gərginliklər formalaşdırıb. Hələ ötən il “Azov” komandirlərinin Rusiyadan azad olunması Türkiyə Prezidentinin birbaşa iştirakı və təşəbbüsü, şəxsi nüfuzu və Rusiya Prezidenti ilə münasibətləri hesabına əldə olunmuşdu. Bu azad olma yalnız münaqişə bitənə qədər Azov komandirlərinin Türkiyə ərazisində saxlanılması öhdəliyi götürməklə əldə edilmişdi. Lakin bir neçə gün öncə Zelenskinin səfəri zamanı həmin razılaşmalara əks olaraq "azov"çular Zelenskiyə təhvil verildi və Ukraynaya qayıtdılar. Hesab edirəm ki, Türkiyə tərəfinin indiki həssas məqamda belə bir addım atması bir neçə ciddi proseslərlə bağlı anons kimi və Türkiyə tərəfinin qəti sərt mövqeyi kimi qəbul edilməlidir. Çünki Türkiyə hər zaman Rusiya ilə, xüsusilə Vladimir Putinlə münasibətlərin qorunub saxlanmasına daim can atıb. Heç bir halda Rusiyaya qarşı qurulan oyunlarda, sanksiya kampaniyalarında iştirak etməyib və hətta Ukraynanın ərazi bütövlüyünün tanınmasını tələb etməklə yanaşı, Rusiya-Ukrayna münaqişəsində açıq tərəf rolunda çıxış etməyib. Bəs indiki halda Türkiyə tərəfinin Rusiyanı qıcıqlandıra biləcək addım atmasında hədəf nədən ibarətdir? Bir neçə gün öncə "Vaqner" özəl silahlı birləşməsinin Rusiya hakimiyyətinə, Rusiya müdafiə nazirinə, Putinə qarşı məlum hərəkətliliyi müşahidə olundu. Lakin qısa müddət ərzində Belarus Prezidentinin və məlumatlara görə Türkiyə tərəfinin hadisələrə qəti müdaxiləsi nəticəsində "vaqner"çilərin qarşısı alındı və bu təhlükə Putin hakimiyyətinin başı üzərindən sovuşdu. Ancaq Türkiyə Prezidentinin, Türkiyə dövlətinin oynadığı rol demək olar ki, heç bir halda qiymətləndirilmədi. Baxmayaraq ki, Priqojinin dayandırılmasında əsas aparıcı rolu məhz Türkiyə tərəfinin vasitəçiliyi oynamışdı".
Politoloq hesab edir ki, digər ikinci vacib məqam son dövrlər Rusiyanın addımlarının Suriyada, Cənubi Qafqazda aktivləşməsinin Türkiyənin maraqları ziddinə olmasıdır. Türkiyə-Rusiya arasında razılaşmaların Suriyada, Cənubi Qafqazda birgə fəaliyyətlə bağlı razılaşmaların ziddinə Moskvanın son dövrlər aktivləşməsi Ankara tərəfindən qarşılıqsız buraxılmadı: “Son dövrlər xüsusilə Qarabağda Rusiya sülhməramlı qüvvələri tərəfindən razılaşmaların mahiyyətinə zidd davranışlar nümayiş etdirilir. Bu isə Azərbaycanın və Türkiyənin maraqlarına qətiyyən uyğun deyil. Xüsusilə  də Laçın nəzarət buraxılış məntəqəsində Azərbaycan bayrağı asılmış dirəyin aşırılması, rus sülhməramlı qüvvələri tərəfindən erməni separatçılara daha açıq dəstəyin nümayiş olunması, bu dəstəyin nəticəsi olaraq Araik Arutyunyanın Rusiya Prezidentinə açıq məktub ünvanlaması, eyni zamanda "Azərbaycanla danışıqlara hazırıq, yalnız Rusiyanın vasitəçiliyi ilə" bəyanatının verilməsi təbii ki, Moskvanın istəyi ilə baş verən hadisələrdir. Bunu da yaxşı dərk eləyən prezident Rəcəb Tayyib Ərdoğan son dövrlər Rusiya tərəfinin saymazyana şəkildə Azərbaycan və Türkiyənin maraqlarına zidd davranışlarına daha açıq və daha real cavab vermiş, zərbə vurmuş oldu. Hesab edirəm ki, Rusiya tərəfi Türkiyəni ittiham etmədən öncə öz addımlarına, Cənubi Qafqazdakı fəaliyyətinə təkrar baxış həyata keçirməlidir. Rusiyanın öhdəliklərinə zidd addımlarının cavabsız qalmayacağını Moskva bilməlidir. Türkiyə ilə davranışlarda daha diqqətli və daha ehtiyatlı olmağın vacibliyini dərk etməlidirlər. Türkiyə Prezidentinin və dövlətinin ortaya qoyduğu bu mövqe müstəqil bir dövlətin, eyni zamanda öz maraqlarının və qardaş Azərbaycan dövlətinin maraqlarının pozulmasına imkan verməyəcəyi iddiasında olan bir dövlətin haqqa əsaslanan davranışıdır. Bu, bir daha nümayiş etdirir ki, istər Rusiya, istər başqa bir güc bölgədə Azərbaycan və Türkiyənin maraqlarına zidd davranış nümayiş etdirə bilməz. Buna yol verən tərəf qarşılığını daha artıq şəkildə hiss edəcək. Bu, Ərdoğanın vaxtında atılmış revanş addımı idi. Hər kəs bundan nəticə çıxarmalıdır. Nəticə çıxarılsa problemlər də meydana gəlməyəcək. Putinin Türkiyəyə səfərinə gəlincə, yəqin ki, səfər baş tutacaq". //“Yeni Müsavat”скачать dle 12.1