Bia.Az

Laçın yolu ilə tanklar gəlir və ya vəd edilən əks-hücum başladımı?

Gündəm
 30-04-2023, 15:12     303

Narahat olmayın, sərlövhə təsadüfi də deyil, amma əsas mövzumuz Ukrayna müharibəsi haqdadır. Ukraynanın aprelin 29-da dronların köməyi ilə Sevastopoldakı neft rezervuralarına hücumu Kiyevin çoxdan vəd etdiyi əks-hücuma başladığı deməkdirmi? Ukrayna tərəfi müdafiə nazirinin qadın müavinin dilindən təsdiqə bənzər nəsə deyib, amma rəsmi Kiyev hələ ki, genişmiqyaslı əməliyyatların başladığını rəsmən bəyan etməyib. Rusiya ekspertləri isə Amerika generallarının hazırladığı hücumun artıq başlandığını və daha bir neçə istiqamətdən həmlələr gözləndiyini deyirlər.


Əsas hədəf belə görünür ki, Krım yarımadası ola bilər. Ukrayna sağı göstərib solu deyil, elə sağı seçərsə, nə olacağını demək çətindir. Krım Putin üçün elə bir qırmızı xətdir ki, onun itirilməsi Kreml rəhbərinin siyasi intiharına bərabər olar. O səbəbdən yəqin ki, bu istiqamətdən əks-hücuma hazırlıqlar var. Kiyevi dayandırmaq üçün hələ istifadə edilməyən daha dağıdıcı silahların işə düşə biləcəyi haqda da danışılır. Hər halda, bu əks-hücum nədirsə, bəlkə də kiminsə sonudur. Ya ABŞ Ukraynanın əli ilə Rusiyaya sarsıdıcı zərbə vuracaq, ya Putin Ukraynaya…Bundan sonra ABŞ və Qərb müttəfiqləri qərar verməli olacaqlar ki, bu müharibənin davam etməsinin faydası var, ya yox… Rusiya da vəd edilən sarsıdıcı zərbə(məsələn, Sevastopulun geri alınması) başa tutsa, onların da ağlı başına gələr. Bir az da gözləyək…                  

Bu mövzuya ikinci dəfə qayıtmağım qətiyyən Ukrayna ordusunun mümkün əməliyyatlarına şübhə etməyimlə bağlı deyil. Biz Birinci Qarabağ müharibəsinin ən həlledici aylarında az qala hər gün “bu gecəni pis deyiblər”, “hücum hazırlanır” xəbərdarlığını eşitmişik, “Laçın yolu ilə tanklar gəlir” ümidi ilə yaşamışıq. Bunu  müharibə zonasında o günləri bir az da olsa yaşamasan, heç vaxt tam mənasında anlaya bilməzsən.  Yadımdadır ki, 1991-ci ilin son günləri idi, deyirdilər ki, Şuşaya tanklar gələcək, yoldadır. Bir neçə gündən sonra üstündə pulemyot olan təkər üstündə dəmir yığını gəlib çıxdı. Onu da posta çıxaran kimi ermənilər  bazuka ilə vurub əritdilər. Sonralar tanklar da gəldi, onu rəhmətlik Albert Aqarunov kimi idarə edən qəhrəman oğullar da, amma gec idi...
Rusiya-Ukrayna savaşı bütün mənalarda fərqli müharibədir.  Elə silahlar tətbiq olunur ki, yer-göy od yuyub yanır. Bu savaşa  ruslar hibrid (anlaşılan dildə, yəni əsas müharibə edən, əməliyyatlar hazırlayan,  ancaq özünü göstərməyən) müharibəsi, “əzəli Rusiya torpaqlarının azad edilməsi”,  ukraynalılar isə işğalçıya qarşı vətən müharibəsi deyillər. Bizim bu müharibəni necə adlandırmağımız heç nəyi dəyişmir, dəyişməz. Fakt odur ki, Rusiya SSRİ-nin dağılmasından sonra ərazi bütövlüyünü tanıdığı ölkənin sərhədlərini pozub, təcavüz edib, ordu yeridib. Amma o da faktdır ki, bu savaşda Zelenski sadəcə aktyor, ABŞ ssenarist, NATO və Avropa Birliyi isə sponsordur. Rusiya əsas suçlu, Ukraynanın qurban olduğu da artıq hamıya bəllidir. Amma bu oyunçular hələ də özlərini elə aparırlar ki, guya heç kim heç nə anlamır. Ruslar guya Donbasdakı ruslara görə, Zelenski Ukrayna xalqı vuruşur, ABŞ dünyada ədalətin bərpası üçün çalışır və sairə...Bütün kartlar açıqdır, kimi aldadırsız?

Əlbəttə, burada əsas baiskar Rusiya olsa da, Ukraynanın ağıllı rəhbəri olsaydı, ölkəsini bu cür ağır duruma salınmasına razı olmazdı. Xalq Zelenskini “Donbasda müharibəni bitirəcəm” vədinə görə səs vermişdi. O isə…
Krımın geri alınması üçün düyməyə basıldığı xəbərlərindən əlbəttə, həyacanlanmağa dəyər. Biz işğaldan əziyyət çəkən xalqıq, onun ağrısını hələ torpaqlarımız azad ediləndən neçə il sonra da çəkəcəyik. Ona görə kim torpağını işğaldan azad etmək istəyirsə, bizim rəğbətimiz onadır. Amma bunu da internet oyunu səviyyəsinə gətirmək, imitasiya, Qərb sahibkarlarına maliyyə hesabatı vermək xatirinə etmək lazım deyil…
 
Nazim SABİROĞLUскачать dle 12.1