Bia.Az

Hamınız türk bayraqlarısınız - Alparslan Türkeş

Gündəm
 4-04-2023, 17:14     413

4 aprel türk dünyasının müdrik lideri, türk milliyətçiliyinin və Milliyətçi Hərəkat Partiyasının qurucusu, başbuğ Alparslan Türkeşin anım günüdür.

Kult.az onun haqqında bir sıra məlumatları təqdim edir:

Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Əli Arslan olaraq dünyaya gəlmişdir. Ailəsinin sürgünə göndərildiyi Lefkoşada dünyaya göz açmışdır. Əslən Kayserilidir.
İlk və orta təhsilini Lefkoşada almışdır. Türklük və türkçülük şüuru ilə bilənmiş müəllimi Osman Zəki bəy elə o dövrlərdə “Adın Alparslan olsun” deyərək Əli Arslanın adını dəyişir və onun Sultan Alparslana bərabər igid türk olmasını arzulayır.
1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur.
1940-cı ildə Rəfik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin iki evlilikdən yeddi uşağı olmuşdur.
1944-cü ildə baş leytenant Türkeş Nihal Adsız və Nejdət Səncərlə birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur. 1945-ci ildə həbsdən azad olunur və 1947-ci ildə bəraət alır.
1959-cu ildə də Almaniyanın Atom və Nüvə Tədris Mərkəzinə göndərilir. Buradakı təhsilinin ardınca polkovnik rütbəsi alaraq, Türkiyə Quru Qoşunlarının NATO şöbəsinin müdiri təyin olunur.
1963–1980-ci illər arasında dörd çağırış Ankara və Adanadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milli cəbhə hökumətləri dövründə baş nazirin müavini vəzifələrində çalışmışdır. 1965-ci ildə Cümhuriyyətçi Kəndli Millət Partiyasının, 1969-cu ildə isə Milliyətçi Hərəkat Partiyasının sədri seçilmişdir.
Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verib. Onun Azərbaycan milli azadlıq hərəkatının lideri və daha sonra prezident olan Əbülfəz Elçibəylə xüsusi dostluq münasibətləri var idi.
Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənc 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşda qəhrəmanlıqlar göstəriblər.
“Hamınız türk bayraqlarısınız. Bayrağı ləkələməyin, çirkləndirməyin, yerə atmayın” deyən Alparslan Türkeş 4 aprel 1997-ci ildə Ankarada vəfat etmişdir.скачать dle 12.1