Bia.Az

Rusiya Azərbaycanla İranın “qanının arasına girir...” - Lavrov nə demək istədi?

Siyasət
 31-03-2023, 10:39     294

Moskva Tehran-Bakı gərginliyinin müvəqqəti olduğunu düşünür və barışıq üçün moderatorluq təklif edir; analitik: “Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur”

Tehranın yanlış və məkrli siyasəti nəticəsində gərginləşən Azərbaycan-İran münasibətlərinin qısa zamanda bərpa olması inandırıcı deyil. Çünki burada birmənalı şəkildə günahkar tərəf olan İran üzrxahlıq etmək, yanlışlarını düzəltmək və normal qonşuluq siyasəti aparmaq niyyətini ortaya qoymur.

Əksinə, işğalçı və terrorçu Ermənistanla müttəfiq olur, bununla öz mövqeyini ortaya qoyur. Ancaq təbii ki, regionda belə vəziyyətin uzun müddət davam etməsi arzuolunan deyil, hər bir halda İran doğru yola gəlməlidir, normal qonşuluq siyasətinə keçid alınmalıdır. Azərbaycan bütün zamanlarda sübut edib ki, yaxın-uzaq bütün ölkələrlə münasibətlərində səmimidir və dialoqa açıqdır. Bu baxımdan, münasibətlərin normallaşması üçün yalnız İranın yanlış siyasətindən əl çəkməsindən söhbət gedə bilər. Bunu şübhəsiz ki, dünyada obyektiv olan hər kəs bilir, fərq edir.
Eyni zamanda bu durumda regional münasibətlərin normallaşmasında səmimi vasitəçilik və maraqlı tərəf kimi vasitəçilik etməyən ölkələr də mövcuddur. Məsələn, qardaş Türkiyədən belə səmimi mesajlar səslənir ki, İran-Azərbaycan münasibətlərinin normal məcraya yönəlməsi üçün çalışmaq lazımdır. Buna dair təhlillər, açıqlamalardan dərhal sonra Rusiya da özünü maraqlı tərəf kimi meydana atıb.   
Lavrovdan Tehran-Bakı gərginliyinə reaksiya: “Rusiya gözləyir...” -  GlobalInfo.az    
“Yeni Müsavat”ın xəbərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla son danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında buna dair açıqlama verib. O, Bakı-Tehran münasibətlərindəki gərginliyin tezliklə aradan qalxacağını iddia edib. Sitat: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”. Maraqlısı odur ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullaihan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında hiyləgər bir ton sərgiləyib. O, Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini söyləyib. “Hesab edirik ki, Cənubi Qafqaz regionunda gərginlik nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir” deyən iranlı nazir sözlərinə belə davam edib: “Hesab edirik ki, burada sülh və sabitliyə doğru hərəkət etmək lazımdır. Regionda geosiyasi vəziyyəti dəyişmək üçün xarici müdaxilə və səylər daha da gərginləşdirici faktordur. Ona görə də hesab edirəm ki, biz "3+3" əməkdaşlıq mexanizmi ilə, eləcə də mövcud mexanizmlər vasitəsilə hərəkət etməliyik. Məlum regionda məsələləri nizamlamaq üçün güc tətbiqinə qaçmamalıyıq. Mən və həmkarım Lavrov hesab edirik ki, “3+3" əməkdaşlıq formatının növbəti iclası Tehranda keçirilsin. Bununla bağlı bizim ümumi mövqeyimiz var. Hesab edirik ki, bu, məsələlərin nizamlanmasına kömək edəcək”.
İran XİN başçısı ölkəsinin regionda geosiyasi vəziyyətlə bağlı dəyişiklikləri inkar etdiyini bəyan edib. “Hesab edirik ki, dialoq və siyasi nizamlanma yolu ilə hərəkət etmək lazımdır. Bütün tərəflər bu yolu istifadə etməlidir. Bu regionda təhlükəsizlik digər məsələlərlə qarşılıqlı əlaqəlidir. Hesab edirik ki, regionun iqtisadi imkanlarının çiçəklənməsi məqsədilə möhkəm sülhə və inklüziv təhlükəsizliyə doğru hərəkət etmək lazımdır”.
Faktiki olaraq İran XİN başçısı günahı İranın üzərindən atmaq məqsədi güdüb və sanki problem regionda özbaşına yaranıbmış kimi bir rəy yaratmağa çalışıb. Bütün hallarda görünən budur ki, Rusiya hansısa maraqları naminə vasitəçilik mandatı almaq istəyir. Azərbaycan buna nə deyir? İndiki reallıqlar çərçivəsində 3+3 formatında masaya oturmaq mümkündürmü? Yəni Rusiya Gürcüstanla düşmən, Azərbaycanla Ermənistan münasibətləri nizamlanmayıb, eləcə də Azərbaycanın İranla əlaqələri pik həddə çatıb, bu halda altılıq platforması gerçəkləşə bilərmi?
Xəyal Bəşirov yazır: Prezident İlham Əliyev niyə tələsir? » Newscenter.az
Xəyal Bəşirov
Siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a dedi ki, Lavrovdan səslənən ilk belə fikir deyil. Onun sözlərinə görə, rus diplomat bundan əvvəl də söyləmişdi ki, üçtərəfli görüş ola bilər: “Görün vəziyyət hansı yerə gəlib çatıb ki, İranla olan qonşuluq, prezidentin Xudafərin körpüsünü "dostluq körpüsü" adlandırmasına baxmayaraq, aramızda vasitəçilik etmək istəyən tərəflər var. Minsk Qrupunda həmsədr ölkə olaraq, həm də qonşu dövlət kimi Rusiya hər hansı vasitəçi rolu oynamadı, nəticədə Qarabağda müharibə baş verdi. İndi hansı vasitəçiliyi edəcək? Düşünürəm ki, sadəcə, bu mövqe Rusiyanın regionda öz nüfuzunu qoruyub saxlamasına xidmət edir. Əgər Lavrov səmimidirsə, dövlətinin və başçısının imzasına hörmətlə yanaşmalıdır. Azərbaycan toponimlərinə etdiyi hörmətsizliklə Lavrov birbaşa öz prezidentinə sayğısızlıq nümayiş etdirdi".
Ekspert hesab edir ki, bir məsələdə səmimi olmayan tərəf, heç birində səmimi ola bilməz: “Rusiya digər problemlərin həllində hansı töhfə verib ki, İranla əlaqələrin düzəlməsində də müsbət rolu olsun? Tehrandakı səfirliyimizə terrordan iki ay keçir, istintaqın izləri belə yoxdur, əgər səmimidirsə, Lavrov bu hadisəyə münasibət bildirsin. Yəni ümumi bəyanatlarla iş olmur, konkret addımlar atmalıdırlar”.
Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu deyir ki, birincisi, Lavrov Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib: “İkincisi, Lavrov İranla Azərbaycan arasında gərginliyin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub. Kreml necə ki, Azərbaycanla Ermənistan arasında "vasitəçilik" edir, eynisini Azərbaycanla İran üçün təklif edir. Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb. Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir. Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə, İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq"./“Yeni Müsavat”/скачать dle 12.1