Bia.Az

“İslam, xüsusilə də şiəlik İran deyil, ona dəxli yoxdur”

Gündəm
 31-03-2023, 10:27     298

Zaur Əliyev: “Kərbəladan Məşhədə qədər uzanan müqəddəs məkanlar molla rejimi üçün iman yox, gəlir qaynağına çevrilib...”

Deputat Fazil Mustafaya qarşı silahlı hücumdan sonra sosial şəbəkədə müxtəlif səpkidə müzakirələr aparılır. Yenə də inanclılar arasında fikir ayrılıqları yaranıb. Əksəriyyət bu terror olayını İranın törətdiyini bildirir. Bir qisim insan isə “şiələr də İrana xidmət edir” deyərək, qarşı tərəfdə aqressiyanın yaranmasına səbəb olub.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, islamı, şiəliyi anlayamanlar birbaşa İranı önə çəkərək ağır formada mövqe göstərirlər: “Bu həqiqətən adamı incidir. Mən də müsəlmanam, şiəyəm. Eləcə də sosial şəbəkədə yüzlərlə mənim kimi insan var. Onlar da bu terroru pisləyir və Azərbaycan dövlətinin, xalqının və qanunlarının yanında olduqlarını bəyan edirlər. Azərbaycan dövlətinin varlığı dünyada hər bir dəyərdən yüksəkdir.
Həzrət Əli, onun övladları İmam Həsən və İmam Hüseyn də terrorun qurbanı olublar. Terror edənləri və onlara dəstək verənləri lənətləyirik. İslam, xüsusilə də şiəlik İran deyil, İran siyasəti deyil. Sosial mediada bu terroru dəstəkləyib millət vəkilini təhqir edənlərin səhifələrinə baxdıqca görürsən hamısı birbaşa İrana və onun dini liderlərinə bağlıdır. Beyinləri “yuyulmuş”, gözləri kor olmuş bu adamlara deyirəm: şiəlik İran deyil. İranın şiəliklə heç bir əlaqəsi, Əhli-Beytlə yaxından uzaqdan yaxınlığı yoxdur. Bu gün onların beynini yeyən, aldadan, səhv yönəldən şiəlik deyil, Xomeynilikdir".
Zaur Əliyevin erməni psixologiyası ilə bağlı kitabı çap edildi

Zaur Əliyev

Müsahibimizə görə, İran rejiminin Əhli-Beyt eşqini gəlir mənbəyinə çevirməsi, şiə inancı üzərində biznes qurmasını görməzdən gəlirlər: “Kərbəladan Məşhədə qədər uzanan müqəddəs məkanlar molla rejimi üçün iman yox, gəlir qaynağına çevrilib. İslam aləmində, İslam dünyasında Əhli-Beyti tarix boyu qoruyan, onların üzvlərini və ideyalarını qoruyan yeganə bir dövlət olub, bu, Azərbaycandır. Bu gün İrandan ixrac edilən xomeynilik şiəlik deyil. Bunu hər kəs bilməlidir. İran rejiminin bu davranışları İslam dəyərlərinə tamamilə ziddir. İran öz çirkin əməlləri ilə İslamı da, şiəliyi də gözdən salır. Bu gün İranın siyasətindən ən çox elə şiələr əziyyət çəkir. Xomeynlik türk-fars münasibətlərinin gərginləşməsinə səbəb yaradan siyasətdir. Bu gün Arazın o tayında farsların özləri də türklər kimi xomeynilik qurbanına çevrilib. Xomeynilik Azərbaycan, Xorasan, Qaşqay türklərini, "Körfəz ərəbləri"ni, imkan olarsa, İraq, Suriya, Diruz və Səudiyyə ərəblərini, kürdləri, bəlucları və başqalarını da bataqlığa, cinayətkarlığa və sonda ölüm ayağına sürükləməyə var gücü ilə çalışır, dəridən-qabıqdan çıxır. Şiəlik bunu edərmi? Əlbəttə yox. Bu, sırf xomeyniliyin əsas strategiyasıdır".
Z.Əliyev əlavə edib ki, Ruhullah Xomeyni İrana qayıdanda onun Həzrət Əliyə bənzədilməsi prosesi başlandı: “Bu, təkcə kütlənin eyforiyası yox, həm də şüurlu gediş idi. 1978-ci ildə Xomeyninin böyük oğlu Mustafa Nəcəfdə qətlə yetirilir və bundan sonra Xomeyni Həzrət Əli, qətl edilən oğlu isə İmam Hüseyn obrazında xalqa təbliğ edilməyə başlandı. Amma çox az adam bilir ki, hakimiyyət üçün məhz oğlunun qətlinə fərman verən elə Xomeyninin özü idi. O özünün "Əhli-Beyt" məktəbini yaratdı: Həzrət Əli obrazında özü, İmam Hüseyn obrazında isə oğlu Mustafa. Bu gün də onun ailəsi İranı idarə edir. Bu şiəlikdirmi?!
1985-ci ildən Xomeyni çıxış edərək bildirir: onun rəhbəri olduğu İranın maraqlarını qəbul edənlər “əsl iman gətirənlər”, digərləri “dindən çıxmışlar” olaraq bölünürlər. Hədəf bütün regionda İrana xidmət edən dini kəsimin formalaşdırılması və xomeyniliyin “hakim din” olacağı gücün yaradılmasıdır. Bir daha aydın olur ki, xomeynilik nə Allaha, nə onun dini İslama, nə də şiə məzhəbinə ibadət yox, İrana biətdən, bu ölkənin imperiya maraqlarına xidmətdən ibarətdir".
Ekspertin sözlərinə görə, bu gün İran məktəblərində, məscidlərdə, elm mərkəzlərində bu ölkənin ali dini lideri Xomeyninin həyatı Quranla bərabər dini vəsait kimi tədris olunur: “Təsəvvür edirsiniz, bu nə deməkdir? Evlərdə, məscidlərdə, təhsil ocaqlarında onun fotolarını qoymaq və xalqı ona təzim etməyə məcbur etmək Xomeynini Allahla və onun müqəddəs kitabı Quranla yanaşı qoymaq deməkdir. Əsl İslam isə təkəbbürdən, məcburiyyətdən uzaq, sadə və pakdır. Bu gün xomeyniliyin terrora əl atması İslama, Qurana ziddir. Heç bir din əsla terrora razılıq vermir, əksinə, bütün dinlər terroru, şiddəti qadağan edir və lənətləyir. Nəinki insan qanı tökmək, fiziki olaraq cana qəsd etmək, hətta bütün canlılara zərər vermək belə, ümumilikdə bütün dinlərin qoymuş olduğu qanunlarda yoxdur və başlıca günahlardan biridir. Qurani-Kərimdə də buyurulduğu kimi, "bir cana qıymaq bütün bəşəriyyəti qətl etməyə bərabərdir" (Qurani-Kərim, Maidə surəsi, ayə: 32).
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Hazırladı: Afaq MİRAYİQскачать dle 12.1