Arxiv

Oxunub:104 / 16 fev 07:27tedbirler

"Ötən il həlledici il olub" — İlham Əliyev



"Ötən il həlledici il olub" — İlham Əliyev














"2017-ci il Cənub Qaz Dəhlizi layihəsinin icrasında həlledici il olub və hazırda biz yekunlaşmağa çox yaxınıq".
AZTB.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısındakı çıxışında deyib.

Dövlət başçısı bildirib: “Ötən görüşümüzdən sonra keçən dövr ərzində Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub. Son bir ildə layihənin icrası çox uğurlu olub. Biz Cənub Qaz Dəhlizinin 4 elementinin hamısı ilə bağlı yaxşı irəliləyişə nail olmuşuq. “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxunu tamamlamışıq. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 90 faiz olub. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb, bir il əvvəl bu rəqəm 90 faiz olub. TANAP-ın icrası 95 faizə yaxınlaşır, bir il əvvəl bu, 70 faizə yaxın olub. TAP-ın icrası bir il əvvəlki 34 faizlə müqayisədə 70 faizə yaxın, ola bilsin ki, 66-67 faiz tamamlanıb. Beləliklə, bu, həqiqətən də çox mühüm inkişafdır”.

İlham Əliyev qeyd edib ki, 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də regionda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb: “Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb. Eyni zamanda, bu, bizə diqqəti digər nəqliyyat layihələrinə cəmləşdirməyə imkan verib”.
Prezident vurğulayıb ki, Azərbaycan qazını Türkiyə və Avropaya ixrac etmək üçün diametri daha böyük olan kəmərə ehtiyac var idi və 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzalayıb.

Dövlət başısı xatırladıb: “Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP Cənub Qaz Dəhlizinin fundamental elementlərindən biridir və 2012-ci il faktiki olaraq, “Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra - 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar qəbul olundu. TANAP olmadan bu mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub”.

Prezident, son görüşdən bu yana regionda başqa mühüm bir hadisənin baş verdiyini də bildirib: “Ötən il oktyabrın sonunda Bakıda biz təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsi olan yeni layihənin - Bakı-Tbilisi-Qarsın açılışını etdik. Bu, artıq Asiyadan Avropaya ən qısa yoldur, yüklərin daşınmasına sərf olunan zamanı iki dəfədən çox azaldır və artıq şirkətlərə xidmətlər göstərir. Əminəm ki, onlar bu layihəni ciddi şəkildə əsas prioritetlərindən biri hesab edəcəklər”.