Bia.Az

Kliniki Tibb Mərkəzi UBM-in baş həkimi Cəmilə Talıbova: "Bizim Mərkəzin qapıları xəstə uşaqların üzünə daim açıqdır"

Cəmiyyət
 3-02-2023, 16:10     311

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə bir çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Kliniki Tibb Mərkəzi UBM-in baş həkimi baş həkimi, tibb elmlər namizədi Cəmilə Talıbova barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə...

QISA TANIŞLIQ

C.Talıbova 1982-ci ildə Bakı şəhəri 132 saylı məktəbi qızıl medalla bitirib. Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub və universiteti fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə UBMM-də otolarinqoloq kimi işə başlayıb. 2014-cü ildə Mərkəzin baş həkimi vəzifəsinə təyin olunub.

Mərkəz Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cü ildə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən müasir reabilitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin edilib. Burada bərpa-müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Kliniki Tibb Mərkəzi UBM-in baş həkimi, tibb elmlər namizədi Cəmilə Talıbova Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir səhiyyə məmuru haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün klinikalarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Kliniki Tibb Mərkəzi UBM-in baş həkimi, tibb elmlər namizədi Cəmilə Talıbova vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən səhiyyə MƏMURlarındandır.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən Cəmilə xanım Talıbovanı yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Cəmilə xanımla görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran xanımdır. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.
Kliniki Tibb Mərkəzi UBM-in baş həkimi, tibb elmlər namizədi Cəmilə Talıbovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Cəmilə xanımın müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Tibb elmlər namizədi Cəmilə Talıbovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı baş həkim, gözəl insan və əsl Vətən daşı!



Kliniki Tibb Mərkəzi UBM-in baş həkimi, tibb elmlər namizədi Cəmilə Talıbova deyir:

- Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan və müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradıldığı Mərkəzdə uşaqların müalicə və tədris-peşə reabilitasiyası üçün ayrıca şöbələr fəaliyyət göstərir. UBM-ə bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi xəstələr sahə poliklinikaları tərəfindən göndərilirlər. Burada uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Mərkəzdə hər bir xəstəyə fərdi yanaşma və çox mərhələli müalicə əsas prinsiplər sırasındadır. Hər bir pasiyent üçün onun yaşı, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla il ərzində 3-6 mərhələdə fərdi reabilitasiya kursu tətbiq olunur. Xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullar istifadə edilir.

Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv iştirakına səy göstərilir. UBMM-də sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, onların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da çox önəm verilir. Düşünürəm ki, məktəblilərə ilkin tibb bilikləri öyrədilməlidir. Uşaqların bizim Mərkəzə ekskursiyaları təşkil olunsa, buradakı şəraitlə yaxından tanış ola bilərlər. Sağlam uşaqlar imkanları məhdud yaşıdları ilə ünsiyyət qurmalıdırlar. Onların mənəvi dəstəyə ehtiyacları var. Gələcəkdə yetkin yaşa çatdıqda belə insanlara kömək əlini uzatmaqdan çəkinməsinlər. Bütün kollektiv ilə çalışırıq ki, imkanları məhdud uşaqlara, onların valideynlərinə əlimizdən gələn dəstəyi göstərək. Bizim Mərkəzin qapıları xəstə uşaqların üzünə daim açıqdır.

BİA.az
скачать dle 12.1