Bia.Az

"Leyla Arif nə deyir?" - MƏHKƏMƏ VAR!

Siyasət
 9-12-2022, 21:12     237

Sabiq deputat Gültəkin Hacıbəyli Facebook səhifəsində yazıb ki, Nəsimi Rayon Məhkəməsində Leyla Arif adlı bir şəxsin ona qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışı keçiriləcək. Məsələnin ciddiliyini nəzərə alaraq Gültəkin xanımın paylaşdığı yazını olduğu kimi gundemxeber.az-ın oxucularına təqdim edirik:


"Bu, əslində, mənə qarşı keçirilən məhkəmə prosesi deyil. Məhkəmə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətə qarşı cinayətlər kateqoriyasına aid olan ağır cinayətlər törədib-törətməməsinə hüquqi qiymət verəcək))).

Öncədən bildirim ki, siyasi sifariş icra edən məhkəmə, yəni dövlət hakimiyyəti Leyla Arifin tərəfindədir, çünki onun zərrə qədər də hüquqi əsası olmayan kriminal diffamasiya xarakterli şikayətini nəinki dərhal icraata qəbul edib, (Azərbaycanda bu yalnız siyasi sifariş əsasında baş verir, əks halda məhkəmə tərəflərə mülki qaydada çəkişməyi məsləhət verib işi icraata götürməkdən imtina edir, cinayət təqibi aparmır), hətta mənim xəbərim olmadan mənə dövlət hesabına vəkil də təyin edərək mənim xəbərim olmadan proses aparıb. Halbuki, məhkəmənin əlində mənim 3 sentyabr tarixindən ölkəni tərk etməyimlə bağlı Dövlət Sərhəd Xidmətindən alınan rəsmi arayış olub. Üstəlik, mənim məhkəmə barədə, ümumiyyətlə, məlumatım belə olmayıb. Məhkəmənin məndən xəbərsiz, gizli şəkildə aparılması mənim xəbər tutacağım halda Avropada qala biləcəyim qorxusundan olub. Bəri başdan deyirəm ki, bu ölkə mənimdir, onun sahibi mənəm və mən ölkəmin zindanında yatmağı belə xaricdə Vətənsiz yaşamaqdan üstün tuturam. Bu ölkədən kimsə gedəcəksə, o mən yox, siz olacaqsınız.

Böyük ehtimalla mənə qarşı şikayət olduğunu görən rejim mənsubları məni cəzalandırmaq və Əli Kərimli kimi ölkədən çıxışıma əngəl yaratmaq üçün fürsət qazandıqlarından elə sevincək olublar ki, Məşədi Ibad demiş, gəlinin kişi ya arvad olduğunu yoxlamağı unudublar. 


Leyla Arif nə deyir?


1. O deyir ki, Azərbaycan 32 ildir "sülh göyərçini" olan Iranı təhdid edir, bunun qarşılığında "yazıq" İranın indi Azərbaycanı təhdid etməyə tam haqqı var. 

Bu 32 ilin bir-iki ilini Iranı tutaq ki, "faşist Elçibəy" (Leyla Arif Elçibəyi, onun hökumətini və indiki müxalifəti faşist adlandırır) təhdid etdi,  bəs yerdə qalan 30 ilini kim təhdid edib? 

Mən isə deyirəm ki, Azərbaycan dövlətinin, onun heç bir prezidentinin istəsə belə Iranı təhdid etmək imkanı olmayıb, çünki İran Rusiya ilə birlikdə bütün dünyada şərin, terrorun, təcavüzçü expansiyanın dayağı olub, özü bütün dünyanı təhdid edib və etməkdədir.

Beləliklə, Məhkəmə Heydər Əliyevin və İlham Əliyevin 30 il ərzində  Iranı təhdid edib-etməməsinə aydınlıq gətirməli və hüquqi qiymət verməlidir.

2. Xüsusi ittihamçı 26 iyul 2021-ci il tarixində Fb sosial şəbəkəsində paylaşdığı və minlərlə insanın oxuduğu ( DTX-dan başqa, onun daha önəmli işləri var))) statusunda yazır ki, "Irana salam əleykum verən və konfransa gedən nə qədər talış, tat varsa, həbs elədiniz, öldürdünüz, Vətən xaini, terrorçu, separatçı elan elədiz...". 

Bu dəhşətli bir ittihamdır,  dövlət hakimiyyətini azsaylı xalqlara qarşı kütləvi təqiblər həyata keçirməkdə, minlərlə insanın qətlində, faktiki etnik soyqırımında ittiham etməkdir və  həbs etmək, Vətən xaini, separatçı elan etmək, öldürmək işinə hər halda Milli Şura və Əli Kərimli baxmır))).

Odur ki, məhkəmə İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində Irana gedib salam verdiyi və konfransda iştirak etdiyi üçün öldürülən minlərlə talışın və tatın necə, harada, hansı şəraitdə öldürülməsinə aydınlıq gətirməli, onların kütləvi məzarlıqlarını aşkara çıxarmalı, buna görə İlham Əliyevi ən ağır cəzaya məhkum etməlidir, çünki etnik zəmində soyqırım bəşəriyyətə qarşı ən ağır cinayətdir və heç bir bəraəti ola bilməz.

3. Leyla Arif 17 dekabr 2021-ci il tarixində Fb sosial şəbəkə hesabında açıq paylaşdığı və yenə də minlərlə insanın oxuduğu postunda (yenə, DTX məşğul olub, oxumayıb)))  iddia edir ki, Türkiyədə PKK problemi yoxdur, Türkiyə dövləti özü 1-2 terrorçunu özü ortaya atıb özü süni kürd problemi yaradıb ki, kürdləri monstr elan edib məhv etsin. Türkiyə dövlətinə qarşı ən ağır terror ittihamı və onu 40 min günahsız insanın ölümündə suçlamaqdır. Yəni, "40 min türkü PKK deyil, Türkiyə dövləti özü şəhid etdi" ittihamıdır.

4. Leyla Arif Fb sosial hesabında paylaşdığı onlarla postunda türk millətini təhqir edib, açlaldıb, milli qürurunu tapdalayıb. Türklərin sən demə tarixi yoxdur, yalandan özümüzə tarix uydururuq, saxta tarix yazırıq, mədəniyyətimiz yoxdur, başqalarının mədəniyyətini, musiqisini oğurlayıb öz adımızdan təqdim edirik, başqa xalqları əzirik, təhqir edirik, haqqına giririk. Azərbaycanda Azərbaycan türkcəsi əksəriyyət üçün rus dili kimi xarici dildir, türklər özləri də türk deyil, biz talışıq, tatıq, kürdük, 10-15 monqol gəlib bizi türkləşdirib gedib, ona görə türkcə danışırıq. 

5. 24.04.2022 tarixində You tube sosial şəbəkəsində paylaşdığı Əlikram Hümbətovla video müsahibədə Leyla Arif Azərbaycan xalqının seçdiyi prezident Elçibəyi, onun hakimiyyətini və indiki müxalifəti, yəni, Milli Şura, AXCP və Müsavatı "faşist təfəkkürlü" adlandırıb və Talış Muğan Respublikasının yaranmasına EHTİYAC olduğunu dönə- dönə vurğulayıb.

Bütün bunlar həqiqətdir, doğrudur, düzgündür, çünki bütün bunlara görə Leyla Arifə qarşı cinayət işi açılmayıb, heç ona 'gözün üstündə qaşın var da" deyən olmayıb.

Mən isə  bir bir postun altında məni təhqir edən Leyla Arif haqqında ikicə kəlmə yazmışam: Leyla Arif separatçıdır və ksenofobdur. Vəssalam!

Bu iki sözə görə barəmdə cinayət işi açılıb, cinayət qaydasında təqib olunuram və 6 saat azadlıqdan məhrum edilmişəm! 

Yəni, Azərbaycan məhkəməsi hesab edir ki, Leyla Arif haqlıdır, nə deyibsə, düzdür, İlham Əliyev minlərlə talışa və tata qarşı soyqırım cinayəti törədib, öldürüb, Ərdoğan minlərlə türkü şəhid edib PKK-nın üstünə atıb, Talış Muğan Respublikasının yaranmasına EHTİYAC var idi, Heydər Əliyev onu yaradanları təqib etməklə cinayət törədib,  türk milləti yoxdur, monqolların türkləşdirdiyi talışlar, tatlar, kürdlər var və onlar da hamını əzir, yalandan özünə saxta tarix uydururlar. İran dünyanı təhdid etmirmiş, ən böyük təhlükə  Iranı 32 ildir təhdid edən Azərbaycan dövləti imiş!

Mən isə Azərbaycan, Türkiyə və dünya ictimaiyyətinin gözünü bu həqiqətlərə açan Leyla Arif adlı "aktivisti" şərləmişəm, ona separatçı demişəm və buna görə həbs olunmalıyam!


P.S. Normalda bu ağılla velosiped idarə etmək olmaz, bunlar necə dövlət idarə edirlər?! Gerçəkdən də, möcüzədir!"

скачать dle 12.1