Bia.Az

ADPU-nun Ağcabədi filialında Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Cəmiyyət
 1-12-2022, 15:25     257

BİA.az xəbər verir ki, ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Əhməd Cavadın yüksək vətənpərvərlik qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən qürur hissi ilə danışdı. Qeyd etdi ki, Əhməd Cavad M.F.Axundzadə, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid və başqaları ilə başlayan Azərbaycan milli istiqlal ideyası və türkçülük məfkurəsinin davamçısıdır. Onun adının milli azadlıq və istiqlal ideyaları ilə möhkəm bağlılığının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022-ci il tarixdə görkəmli sənətkarın anadan olmasının 130 illiyinin respublika səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda Əhməd Cavad görkəmli şair, maarifçi və ictimai xadim, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin təməlçisi, milli azadlıq və istiqlal uğrunda mübariz, yaradıcılığı dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirən sənətkar kimi qiymətləndirilir.
Sonra tədbiri idarə etmək üçün söz, filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyevə verildi.
Əhməd Cavadın ədəbi şəxsiyyəti, yaradıcılığındakı ümumtürk məramından danışan dosent Vaqif Allahverdiyev, onun Şərqdə ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Dövlət Himni mətninin müəllifi kimi xalqın mənəvi yaddaşında əbədi yaşayacağına əminlik hissini ifadə etdi.
Sonra söz məruzəçilərə verildi.
“Əhməd Cavadın yaradıcılıq yolu” mövzusunda məruzə edən dosent Mətanət Fərzəliyeva Əhməd Cavad poeziyasının dil, üslub  və ideya-bədii xüsusiyyətlərindən bəhs etdi.
“Əhməd Cavadın dövrü və həyatı” mövzusunda məruzə edən filialın gənc müəllimi Maya Abdullayeva şairin həyatı, yaşadığı dövr və onu yüksək amallar şairi kimi yetişdirən ictimai-siyasi mühitin amillərindən danışdı. Müsavat partiyası, Gəncə təşkilatının 1920-ci illərə qədərki fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin milli mübarizəsinin Gəncə mühiti, Birinci Dünya müharibəsi ərəfəsi Rusiyada və Azərbaycanda iqtisadi vəziyyətin pisləşməsi, müharibənin başlanması, rus-erməni təxribatları, xalqın təşkilatlanması, Gəncədə “Difai”, “Müdafiə”, “Aləmi-mərkəziyyə” kimi milli-siyasi təşkilatların yaranması, ermənilərin Anadoluya doluşması türk kəndlərində qırğınların törədilməsi, türk hökumətinin onları yeni yaşayış yerlərinə köçürmələri, türklərin qaçqın həyatı, Batumda qaçqınlara yardım komitəsinin yaradılması, Ə.Cavadın türk qaçqınlarına kömək cəmiyyətini təşkil etməsi–bütün bunlar onu ictimai-siyasi və ədəbi-mədəni mühitə gətirib çıxaran amillər olaraq dəyərləndirildi.
Məruzələr dinlənildikdən sonra filialın Pedaqoji fakültəsinin bir qrup tələbəsi, o cümlədən Nəzrin Şirinova, Lalə Mahmudova, Mədinə Nağıyeva, Aytən Hüseynli, Sevinc Allahyarova, Nuranə Zeynalova, Aysu Teymurova və Fidan Hüseynovanın təqdimatında şairin yaradıcılığından lirik nümunələr və sözlərinə bəstələnmiş nəğmələr səsləndirildi.

скачать dle 12.1