Bia.Az

Ermənistanın “Rus NATO”sundakı fiaskosu - Paşinyan “kabab iyi”nə getmişdi…

Siyasət
 29-10-2022, 17:46     174

Ermənistan “Rus NATO”su (KTMT) ilə bağlı xəyalları tamamilə çilikləndi, deyə bilərik. Xüsusilə də qurumun fövqəladə iclasına “kabab iyi”nə getmişdi, amma sonra anladı ki, “...dağlayırlar”

Son günlərdə Ermənistan əlindən gəldiyi qədər Rusiyanı, KTMT-ni şantaj elədi: Rusiyaya qarşı etiraz aksiyalarından tutmuş, Avropa İttifaqı, ATƏT “müfəttiş”lərini ölkəyə dəvət etməyə qədər. Bütün bunlara Moskvadan reaksiyalar da oldu, bir az da sərt diplomatik dildə. Amma Paşinyan hakimiyyəti zənn elədi ki, şantaj yolu ilə Rusiyadan istədiyini qopara biləcək. Anlamadı ki, hətta 2016-cı ilin Aprel döyüşlərindən sonra Serj Sərkisyan özünü cırıb-dağıtsa da, Anjela Merkelə Rusiyadan şikayətlənsə də, nə Putin hakimiyyəti, nə də onun patronajlığı altında KTMT Ermənistanı Azərbaycanın əlindən almaq üçün hərəkətə keçmədi. Tovuz döyüşlərində də, 44 günlük müharibədə də gözləntiləri puç oldu. Sərhədlərimiz boyunca olmazın təxribatlara əl atdılar, savaşı təmas xəttindən sərhədə çəkməyə çalışdılar ki, Ermənistanın sərhədlərinə qarant duran Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasından kömək gələr. Olmadı, çünki Azərbaycan dövlətinin yeri, mövqeyi, rolu bir başqa idi Rusiya və KTMT-yə üzv ölkələr üçün. Xatırlayırsınız yəqin, Zəngilan istiqamətində döyüşlər gedərkən Ermənistanın müraciəti əsasında bu ölkədəki rus həbçilərinin bir hissəsi savaş meydanına yaxın ərazilərdə çadırlar qurdular, Rusiya bayraqlarını asdılar, amma anlayanda ki, bu, erməni təxribatıdır, sadəcə rus hərbçilərin arxasında Azərbaycana zərbə endirmək, Rusiya ordusunu da savaşa cəlb etmək planı var, o halda “ev”lərinə döndülər. Nə qədər düşüncəsiz olasan ki, hətta Azərbaycan ordusu Qafan-Gorus magistralında gömrük postu, sərhəd buraxılış məntəqəsi qurandan, Azərbaycan əsgərləri Göyçə gölünün “beş addımlığında” bayrağımızı ucaldandan, mövqelər qurandan sonra da prosesləri kimin diqtə etdiyini anlamayasan. Ermənistan hələ də anlamır, hətta 13 sentyabr təxribatının qarşılığında, sərhəd istiqamətində burnu ovulandan sonra da dərk etməyib durumu. Cəmi 7 saat çəkən döyüşlərdə məhv edilən erməni hərbçilərin növbəti on meyitini elə bu günlərdə təhvil verdik, bu dəfə Rusiyanın vasitəçiliyi ilə. Rusiya neçə müddətdir Ermənistana Azərbaycandan əsir və meyit daşıyır, bunun fərqində deyil ermənilər.
Rusiya prezidenti Valday Diskussiya klubunun plenar iclasında nə dedi? Sitat:

“Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək”. Putin xatırlatdı ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı belə, təklif edibmiş. Və Ermənistan rəhbərliyi razılaşmayıb, “bu da bugünkü vəziyyətə gətirib çıxardı”-Putin deyib.
Belarus prezidenti Aleksandr Lukaşenko isə Paşinyanın da iştirak etdiyi Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında açıq mətnlə bəyan etdi ki, Azərbaycan KTMT-də heç kimə düşmən deyil. Sitat: “Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdən KTMT-də “Bizimləsiniz, ya yox?” sualını qaldırmaq, digər tərəfdən isə Azərbaycan – olmaz”.
Belarus lideri KTMT üzvlərinə “öz mövqelərini müəyyənləşdirməyi” təklif edən Nikol Paşinyanı da tənqid edib, “İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edin, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”-söylədi.
Daha bundan başqa nə deyilməliydi?! Adamın qanan qrafası olsa, bir də KTMT-nin zəhləsini töküb “bizə kömək edin” deməz. 13 sentyabr döyüşlərindən sonra KTMT Ermənistana komissiya yollamışdı, gəlib baxdılar, çıxıb getdilər, “Soros uşağı”nı sakitləşdirmək üçün. Bundan başqa nə edə bilərdilər ki? Azərbaycan deyir gəl sərhədi dəqiqləşdirək, Ermənistan deyir yox, əvvəlcə sən ordunu geri çək, sonra...Qandıra bilmirik ki, hələ ortada sərhəd yoxdur!!! Hələ bizim 7+1 kəndlərimizi azad edin, siz ordunu geri çəkin, sonra danışaq, deməyə bizim haqqımız var! Bunu KTMT-də yaxşı bilirlər...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev belə “Ermənistan ilə Azərbaycan arasında problemlər yalnız sülh yolu ilə, siyasi və diplomatik vasitələrlə həll edilməlidir”-söylədi. Azərbaycan da on illərdir bunu deyir. Beləliklə, KTMT-də nə Putin Azərbaycan əleyhinə mövqe qoydu, nə Qırğız prezidenti Sadır Japarov, nə də Tacikistan lideri Emoməli Rəhmon. Heç KTMT-nin Baş katibi Stanislav Zas Bakıda yediyi çörəyi unutmayıb, əleyhimizə kəlmə kəsmədi. Azərbaycan nəinki üzv olduğu təşkilatlarda, hətta üzv olmadığı qurumlarda belə, Ermənistandan qat-qat üstün söz sahibidir. KTMT-nin son sessiyası da Ermənistan üçün tamamilə fiasko ilə nəticələndi. Paşinyan hakimiyyəti ümid edirdi ki, şantaj siyasətinin məntiqi nəticəsi olaraq sessiyada üz olan ölkələrin ANTİ-Azərbaycan mövqeyinin formalaşmasına və müvafiq bəyanatın verilməsinə nail olacaq. Lakin Azərbaycanın bu quruma üz ölkələrlə yaxın münasibətləri bu niyyətin reallaşmasına imkan vermədi. Xüsusilə də Prezident İlham Əliyevin KTMT-yə üzv ölkələrin liderləri ilə yüksək səviyyədə münasibətləri, yürütdüyü düşünülmüş rasional siyasətin gücü özünü bir daha nümayiş etdirdi. Hətta sessiyadan əvvəl Qazaxıstan, Qırğızıstan kimi qardaş ölkələr KTMT üzvü olaraq bölgəyə hərbi kontingent göndərməyəcəkləri barədə qəti mövqe ifadə etdilər. Məhz yüksək səviyyəli münasibətlərin və əlaqələrin nəticəsində KTMT-yə üzv ölkələr məsələnin siyasi dialoq vasitəsilə tənzimlənməsinə tərəfdar olduqlarını bəyan etdilər. Ermənistan hakimiyyətinin düşüncəsi olsaydı, KTMT-nin üzvü olan ölkələrin hətta Rusiyanın üzünə “ağ” olaraq Ukrayna müharibəsinə qatılmadıqlarını nəzərə alardı. Bundan sonra üzv ölkələr Azərbaycan əsgərinin qarşısına niyə hərbçi yollasınlar, bu ölkə ilə düşmən olsunlar? Tamamilə ağlasığmaz məsələdir. Lakin erməni hələ də ümid edirdi. KTMT-yə üzv ölkələrin bir neçəsi gözünü Turan yoluna dikib, hətta Rusiya belə gözləyir ki, Zəngəzur dəhlizi açılsın, bir çox istəkləri reallaşsın. Ermənistan İran rejiminin, Makron Fransasının fitnə-felinə uyub, dəhlizin açılmasına müqavimət göstərir, üstəlik, tez-tələsik ölkəyə Qərb hərbçilərini mülki şəxslər adı ilə dəvət edir, belə olduğu halda, onu niyə müdafiə etsinlər ki? Hər bir beynəlxalq tədbir, görüş Nikol Paşinyan üçün iflas, məyusluqla bitir, ona qarşı ironik münasibət getdikcə daha da güclənir. Artıq “bacı”sı Makron da əlini üzüb Nikoldan...
Erməniçilik və erməni diasporu aqoniya vəziyyətindədirlər, Ermənistan nə Qərbdə, nə Şərqdə, nə də yerləşdiyi regionda, hətta üz olduğu təşkilatda belə dəstək əldə edə bilmir. Azərbaycanın fəal diplomatiyası Ermənistanın və erməni lobbisinin təsir mexanizmlərini neytrallaşdırıb və bütün imkanlarını heçə endirib.

Bu günlərdə İrəvanda ümumerməni toplantısı keçirilir. Amma 44 günlük müharibədən sonra param-parça olmuş erməni milyarderlərin, diaspora rəhbərlərinin bir çoxu bu toplantıya qatılmaqdan imtina edib.
KTMT-nin son toplantısı oktyabrın son günü Soçidə baş tutacaq üçtərəfli görüş ərəfəsində Ermənistana düzgün nəticə çıxarmaq üçün yaxşı dərs olmalıdır. Amma olacaqmı? Çətin...
Nikol Paşinyanın son çıxışına diqqət edin. Erməni baş nazir oktyabrın 31-də Soçidə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə sənədi imzalamağa hazır olduğunu da bildirib. Sitat: “Əlbəttə, biz Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirmələrini istəyirik, mən Soçidə rəsmi olaraq sənəd imzalamağa hazıram ki, onların Dağlıq Qarabağdakı missiyası heç bir şərt olmadan 10-15-20 il müddətinə uzadılsın”.
Ağıllı adam bunu dilə gətirərmi? Bir tərəfdən etiraf edir ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. “Sülhə nail olmaq üçün Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli bəyanatın bütün müddəalarını həyata keçirmək lazımdır”-deyən Nikol doğrudanmı hələ anlamır ki, sülh prosesini pozan özüdür? Yaxud deyir “Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi. Lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edirik”. Ardınca da Azərbaycan ərazisində olan Rusiya sülhməramlı kontingentinə “dil” uzadır. 2 il əvvəl kapitulyasiya sənədinə imza atan Paşinyan anlamır ki, Qarabağ Azərbaycandırsa, buradakı rus hərbçilərinin taleyinin ona zərrə qədər dəxli yoxdur. Şübhəsiz ki, Putin Rusiyasına xoş gəlmək üçün “yanşaqlıq” edir... Moskva isə Paşinyana dərhal məsləhət verdi ki, “çox zilə çıxmasın”. Bubur, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, “görüşün özünü gözləmək lazımdır”. Bu dəfə də alınmadı...Hələ bilmək olmaz Rusiya hərbçiləri Qarabağda 5 ilin tamamınadək qala biləcəklər, ya yox?..Rusiya vəziyyətin həssaslığını nəzərə alır, Ermənistandan fərqli olaraq...
 
Elşad PAŞASOYскачать dle 12.1