Bia.Az

“Estetik cərrahların fəaliyyəti araşdırılır və düz edirlər, çünki...” - Tanınmış HƏKİM

Şou
 15-05-2024, 15:09     287

Xəbər verdiyimiz kimi, estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunması barədə rəsmi məlumat yayılıb.  Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
Məlumata görə, Baş Prokurorluq və Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.
İCRA.jpg (65 KB)
Bu tədbirlərin davamı kimi, Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq edilib, qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində birgə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumilikdə 9 klinika və kosmetoloji mərkəz tərəfindən sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması halları müəyyən edildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanpıb.
Bundan başqa, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədilə 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə həmin qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyi tibbi xidmətlərin icra vəziyyətinə dair müvafiq araşdırmaların davam etdiriləcəyini və hüquq pozuntularına yol verənlərin məsuliyyətə cəlb olunacağını bildirməklə, bu sahədə fəaliyyət göstərən tibb müəssisələri və şəxslərdən qanunvericiliyin tələblərinə dönmədən riayət olunmasını tələb edir. 

Bəs ən çox narazılıq nədəndir? Bu sahədə qayda-qanun yaratmaq mümkün olacaqmı?

Qeyd edək ki, son vaxtlar mətbuatda tibbi təhsili olmayan şəxslərin estetik əməliyyatlar və yaxud kosmetoloji prosedurlar apardığı, nəticədə insanların sağlamlığında ciddi təhlükələr yaranması xəbərləri ilə tez-tez rastlaşırıq. Xüsusən də gözəllik salonlarında “kosmetoloq” kimi çalışan şəxslərin əksəriyyəti 5-6 aylıq kurs keçib, özünü professional  kosmetoloq kimi təqdim edir. Araşdıranda məlum olur ki, onların farmakologiya, kimya, anatomiya, dəri xəstəlikləri və onların müalicəsindən xəbəri yoxdur. Tibbi savadı olmayan bu cür “kosmetoloqlar” botoks, dərinin kontur plastikası, mezoterapiya, plazmaterapiya kimi tibbi prosedurları həyata keçirir və ağırlaşmalar olduqda onların vaxtında və fəsadsız aradan qaldırılması üçün heç bir tədbir görə bilmirlər.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb.
QEYBULLA.jpg (22 KB)
Professor qeyd edib ki, bütün tibbi prosedurlar, əməliyyatlar, diaqnostik prosedurlar qanunvericilik əsasında aparılmalıdır:
“Çox təəssüf ki, bu gün ictimai həyatın digər sahələrində olduğu kimi, səhiyyədə də problemlər qalmaqdadır. Bu gün müxtəlif şəxslərin qeyri-qanuni şəkildə həkimlik fəaliyyəti ilə məşğul olduğunu və nəticədə müxtəlif fəsadların ortaya çıxdığını görürük. Birincisi, kosmetoloq ixtisasının nə dərəcədə qanunauyğun olduğunu bilmirik. İkinci tərəfdən, bu ixtisas estetik cərrahiyyə ilə birlikdə olmalıdır, ya yox, buna aydınlıq gətirilməlidir.
İstənilən tibbi prosedurun dünya standartlarından kənara çıxarılması və bunun nəticəsində pasiyentin sağlamlığına zərər vurulması hüquqi məsuliyyət yaradır.
İxtisası olmayan, əlində həmin fəaliyyət sahəsi ilə bağlı icazəsi olmayan şəxslərin fəaliyyəti aşkar olunarsa, onlar barəsində çox ciddi tədbir görülməlidir. Bu gün özəl sektorda bu cür yuvalar yetərincədir. Bəzən ixtisası uyğun olmayan həkimlər cərrahiyyə ilə bağlı fəaliyyət göstərirlər. Bunların hamısı ciddi araşdırılmalıdır”.
VAQİF.jpg (31 KB)
Həkim-pediatr Vaqif Qarayev isə mövzuya bu cür rəy bildirib:
“Artıq estetik cərrahların fəaliyyəti araşdırılır və düz edirlər. Adi kosmetoloqlar da bu işlə məşğul olur. Halbuki hər kəs təhsilinə uyğun bildiyi işlə məşğul olmalıdır. Yəqin ki, qadağalar olacaq. Amma selektiv abortlara da qadağalar var, nəticəsi oldumu? Yox! Bu baxımdan özümüz dəyişməliyik. Mühafizəkarlıq kimi qəbul olunmasın, biz haqlı olaraq qadınlarımızın, qızlarımızın gözəlliyi ilə həmişə fəxr etmişik. Sovet vaxtı bu əməliyyatlar yox idi, qadınların gözəlliyi pozulurdu? Xüsusən, subay xanımların bu əməliyyatlara həvəsi başadüşülən deyil. Onsuz da dünyaya gətirəcəyiniz uşaq əvvəlki halınıza bənzəyəcək”.скачать dle 12.1