Bia.Az

ELƏ YAŞA Kİ... - ADAU-nun rektoru İbrahim Cəfərov barədə BİR NECƏ KƏLMƏ SÖZ

Sosial
 27-10-2021, 11:41     677

Allah mənə buyurdu ki, mən ədəbaz deyil, təvazökar olum və heç kəs gərək başqasını incitməsin.
Məhəmməd Peyğəmbər (ə.s.)

Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.

Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insanın ki, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu, sözü, fikri, əməli xeyirlə yoğrulmuş, işığı və zəkası ilə digərlərini işıqlandıran, özü şəxsiyyət zirvəsinə ucalan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdur. Ömrünü gənc nəslin təhsili kimi müqəddəs bir işə həsr edən, sözü ilə əməli həmahəng olan İbrahim Cəfərov 1956-cı il yanvarın 20-də qədim və zəngin tarixi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olmuşdur. İnstitutun Bitki mühafizəsi fakültəsini fərqlənmə diplomu ilə bitirən İbrahim Cəfərov 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası Fitopatologiya kafedrasının əyani aspirantı olmuş, 1989-cu ildə namizədlik, 2006-cı ildə “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası (növ tərkibi, törədicilərin biologiyası, zərərlilik, mühafizə tədbirləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildən professor olan İ.Cəfərovun həyatı Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr olunmuşdur.

2014-cü ildə AMEA-nın müxbir üzvü seçilən alim elmin bu mərtəbəsinə pillə-pillə qalxmışdır. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Fitopatologiya və bitkilərin immuniteti kafedrasında assistent (1989), dosent (1994), professor (2011) kimi fəaliyyət göstərmiş, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültələrinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilmişdir.

Görkəmli alim həm Azərbaycanın, həm də xarici ölkələrin elmi qurumlarının üzvüdür. O, 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən dissertasiya şurasının sədri təyin edilmişdir.

Professor İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görmüşdür. Alimin elmi tədqiqatlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərslikləri, dərs vəsaitləri, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapmışdır. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olmuşdur. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilmişdir.

Bu gün Azərbaycanda adını hamının hörmətlə çəkdiyi rektor, dəyərli insan professor İbrahim Cəfərovun seçdiyi yolun xətti yalnız Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə adı hörmətlə çəkilən, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir insandır. O həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman dəstək verir, köməyini əsirgəmir. O, gündəlik işində xüsusilə tələbələrin problemlərinin həllini özü üçün prioritet seçib. Bunu ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsinin Menecment ixtisasının tələbəsi Ruslan Vəliyevin özünün facebook səhifəsində təhsil aldığı universitet ilə bağlı maraqlı paylaşımında aydın görmək olur. Həmin paylaşımı həyəcansız oxumaq mümkün deyil. Elə buradaca bir məktubu olduğu kimi dərc etməyimiz yerinə düşür.

 “Mən Azərbaycan Dövlət Aqrar Universiteti tələbəsi olduğum üçün fəxr edirəm! Bunu tək məndən yox, bunu Universitetimizdə, ADAU-da təhsil alan hər bir tələbədən eşitmək olar!

Azərbaycan Dövlət Aqrar Universiteti hər keçən gün daha da inkişaf edir.

Azərbaycan Dövlət Aqrar Universiteti Əsas Binası, Aqrar İqtisadiyyat, Aqrotexnologiya, Mühəndislik, Aqronomluq, Baytarlıq təbabəti və Zoomühəndislik fakultələrindən ibarətdir. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və  tədris otaqları yaradılıb, laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları – traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib. Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu fəaliyyət göstərir. Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar ixtisaslı universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər.
Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib”.


Professor İbrahim Cəfərovun daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət İbrahim müəllimdə var. Heç nəyə biganə deyil.  Bəzi rektorlar var ki, qapısına gələn zavallı tələbələrə simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir.. İnsani dəyərləri unudur. Belələrini görəndə istər-istəməz İbrahim Cəfərovun görüşlərini, ona müraciət edən tələbələr və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan İbrahim müəllimin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Məhz Ibrahim Cəfərov Peyğəmbərimizin buyurduğu kimi davranır.

Allah təaladan istəyimiz odur ki, İbrahim Cəfərov kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun İbrahim müəllim. Amin.

BİA.AZ
скачать dle 12.1