Bia.Az

ÜÇ BESETQANIN SİRRİ, YAXUD "AYLIQ" HESABATI...

Sosial
 Bu gün, 18:20     83

(Araşdırma-felyeton)

Yardımlının dağları həmişə sirr saxlayıb. Dumanı ilə, qayaları ilə, meşələri ilə...
Amma görünür, son vaxtlar dağlar da təəccüblənməyə başlayıb.
Çünki 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində yerləşən Yardımlı ərazisində yerləşən ŞƏLALƏ istirahət obyektlərində maraqlı mənzərə yaranıb. Videogörüntülərdə görünənlərə görə, ərazidə üç yeni besetqa tikilir.
Ən maraqlı tərəfi isə budur ki, həmin besetqalar sanki adi tikili deyil. Onlar suallardan tikilib. Hər taxtasının arasında bir sual gizlənib:
- Bu tikintiyə kim icazə verib?
- Tikinti hansı sənədlər əsasında aparılır?
- Dövlət meşə fondunun ərazisində aparılan işlər aidiyyəti qurumlar tərəfindən yoxlanılıbmı?
- Yoxlanılıbsa, nəticəsi nə olub?
Bu əhvalatda adı hallanan NƏSİMİ MÜƏLLİM kimdir və vəzifə səlahiyyəti NƏDİR? Həm də ortada "üc min manat söhbəti" DOLAŞIR...Videolara baxdıqca adamın yadına köhnə bir lətifə düşür.
Bir nəfər ağac əkir.
Soruşurlar:
- Nə əkirsən?
Deyir:
- Hələ bilmirəm, böyüsün, görərik.
Burada isə əksinədir.
Əvvəl besetqa böyüyür, sonra hamı başlayır soruşmağa ki, görəsən, bunun kökü haradandır?
Deyilənlərə görə, əraziyə cavabdeh şəxslərin adları ətrafında müxtəlif söz-söhbətlər dolaşır. Guya kimsə kiməsə hesabat verir, kimsə kimdənsə narazıdır, kimsə də "aylıq" söhbətindən gileylənir.
BU AYLIQ MƏSƏLƏSİ DƏ MARAQLIDIR,YƏNİ BU İDDİADA BULUNAN KİMDİR? BƏS, NAZİRLİKDƏ ŞÖBƏ RƏİSİ VƏZİFƏSİNİ İCRA EDƏN AMİL MÜƏLLİM NƏCİDİR?Əlbəttə, bunlar hələlik iddiadır və aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Amma xalq arasında belə bir məsəlin olduğunu da unutmaq olmaz:
"Od olmayan yerdən tüstü çıxmaz."
Əgər videogörüntülər həqiqətən də dövlət meşə fondunun ərazisində aparılan tikinti işlərini əks etdirirsə, o zaman məsələ təkcə üç besetqadan ibarət deyil.
Məsələ dövlət əmlakına münasibətdən gedir.
Məsələ qanuna münasibətdən gedir.
Məsələ vəzifəyə münasibətdən gedir.
Ən maraqlı mənzərə isə sükutdur.
Videolar danışır.
Kadrlar danışır.
Tikinti materialları danışır.
Yeni ucalan besetqalar danışır.
Amma bəzi məsul şəxslər susur.
Sanki hamı bir-birinə baxır və gözləyir ki, ilk sözü kimsə başqası desin.
Bəlkə də elə buna görə həmin üç besetqa adi tikili olmaqdan çıxıb.
Onlar artıq üç sual işarəsinə çevriliblər.
Birinci sual işarəsi qanunauyğunluğa.
İkinci sual işarəsi nəzarətə.
Üçüncü sual işarəsi isə məsuliyyətə.
Əgər hər şey qanun çərçivəsində aparılıbsa, bunu sübut etmək çətin olmamalıdır.
Yox əgər qanun pozuntusu varsa, onda aidiyyəti qurumlar tədbir görməlidir.
Çünki meşə dövlətindir.
Dağ dövlətindir.
Təbiət dövlətindir.
Vəzifə də dövlətindir.
Amma bəzən bəzi adamlar elə davranırlar ki, sanki dövlət onların şəxsi mülküdür.
Və elə həmin anda üç besetqa sadəcə istirahət guşəsi yox, bir idarəetmə fəlsəfəsinin simvoluna çevrilir.
Bir tərəfdə qanun.
Bir tərəfdə maraq.
Ortada isə meşə...
Və meşə hələ də gözləyir ki, onun adından danışanlar nəhayət, onun mənafeyini də qorusunlar.
Çünki ağaclar rüşvət almır.
Dağlar "aylıq" istəmir.
Çaylar hesabat vermir.
Təbiət yalnız bir şey tələb edir:
Vicdan.
ARDI OLACAQ!



Qaynarxett.azскачать dle 12.1