Bia.Az

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - AXI NİYƏ?

Sosial
 23-02-2024, 13:03     286

Qarabağ qazisi, 1-ci qrup əlil Vüsal Nəzərov ipoteka borcunun silinməməsindən şikayətçidir.

Məsələ ilə bağlı “Unikal”a müraciət edən Vüsal Nəzərov bildirib ki, o, 2010-cu ildə ipoteka ilə mənzil götürüb:

“Mən 2008-ci ildə yaralanmışam. İpotekanı götürəndə də mənim 1-ci qrup əlil olduğumu bilirdilər. İpotekanı götürdüyüm vaxtdan sonra təxminən 5-6 il ərzində həyat sığortası üçün hər ay ödəniş edirdim. Daha sonra mənə dedilər ki, siz 1-ci qrup əlilsiniz, ona görə sizin müqavilədən həyat sığortasını çıxarmalıyıq. Mən isə bildirdim ki, onsuz da ipotekanı götürəndə 1-ci qrup əlil olduğumu bilirdiniz. Bunu niyə indi edirsiniz?

Beləliklə, ipotekada qanunsuzluq baş verdi. Məndən qanunsuz olaraq həyat sığortasına görə bir neçə il pul tutdular, sonra başqa bir bəhanə ilə onu dayandırdılar.

Digər bir tərəfdən, Sığortaçılar Assosiasiyası məlumat yaymışdı ki, qazilərin borcları silinəcək. Borcumun silinməsini tələb edəndə mənə dedilər ki, borcların silinməsi həyat sığortası olan şəxslərə aiddir.

Banklar Assosiasiyasının sədri Zakir Nuriyev isə yanvar ayında açıqlama vermişdi ki, fərdi müraciətlər əsasında qazilərin mövcud borclarının silinməsinə baxıla bilər.

Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə ipoteka borcumun silinməsi ilə bağlı köməklik göstərsinlər. Nə olsun ki, mənim hazırda həyat sığortam yoxdur? Axı, mən illərlə həyat sığortasına görə ödəniş etmişəm. Daha sonra isə qeyri-qanuni olaraq mənim həyat sığortamı müqavilədən çıxarıblar. Düşünürəm ki, qazilərin borcların silinməsində həyat sığortasının olub-olmamasına görə fərq qoyulmamalıdır”, - deyə o qeyd edib.
скачать dle 12.1