Bia.Az

Yollardakı sıxlığın səbəbi Bakının paytaxt olması deyil, rayonlarda ciddi ölçüdə işsizliyin olmasıdır...

Sosial
 6-02-2024, 17:24     225

Prezidentliyə namizəd Fazil Mustafa yaxın günlərdə belə bir təklif səsləndirmişdi ki, Bakıdakı tıxac probleminə görə paytaxt Ağdama köçürülməlidir. Bu, həm də Bakının yükünü azaldar. Sosial şəbəkələrdə bu təklifin ciddi müzakirəsi aparıldı, bəzi insanlar bu təklifi lağa qoysalar da, bəziləri çox ciddi və yerində edilmiş təklif kimi qiymətləndirib.


Bəli, Bakının yükü çoxdur. Elə həm maddi, həm də mənəvi. Bakı ölkəmizin İstanbuludur - rayondakı işsiz insanlarının xəyalı, gənclərin əyləncə məkanı, kasıbların bataqlığıdır. Bakı həm də bir illuziyadır, dronla çəkəndə gözəl görsənir, villaların bürcləri, göydələnlərin hündür boyu elə bil o uçan dronu vurub salmaq üçün "raketdir", başı az qala, buludlara dəyir. Bir də minik avtomobilinə minib, küçələrini gəzəndə, hələ bir qədər kənar qəsəbələrə girəndə, anlayırsan ki, Tanrının nəzəri ilə insanın nəzəri bir deyil - o ideal mənzərə, parlaq binalar, təmiz yollar, mavi dəniz, yaşıllıqlar bir anda yoxa çıxır və gözlərini bir anda açırsan ki, Azərbaycanın İstanbulunda yox, Pakistanın Lahorundasan. Lahorun "üz cizgiləri" 20 Yanvar metrostansiyasından - dönər, peraşkilərin qoxusunun bir-birinə qarışıb, taksi sürücülərinin azalıb, qəfil artan ritmik nidaları ilə həmahəng təşkil etdiyi, tıxacında yeni söyüşlərin "təlim meydançası"na çevrildiyi bölgədən başlayır.

Burada hər an oğurlana bilərsən - amma yaxşı niyyətlə. Metrodan çıxıb evinə getmək istəyən biri bir anda özünü Kürdəmirə gedən taksidə, 3 nəfərin arasında tapa bilər. Metro keçidindən üzü yuxarı qalxanda, bir də baxırsan ki, arxa və qabaq qapıları açıq taksilər çıxışın dörd bir tərəfini sarıb və taksiçilər də keçiddən çıxanları küyləyib, çaşdırır. Bu vaxt bəziləri özünü itirib, qəfil maşına girirlər. Taksiçilər də o saat qapını bağlayıb, yenisini "tutmağa" cəhd edirlər. Elə bil, balıq tuturlar. Metronun çıxışı çayın ən gur gələn yeridi, insanlar da ordan çıxan balıqlardı. Qapısı açıq maşınlar isə "balıqçı"ların toru. Kənardan hay-küy salıb, balıqları necə təlaşlandırırlarsa, onlar da özlərini itirib, istiqamətlərini dəyişirlər. Gedib girirlər torun içinə. Hər dəfə "20 Yanvar"dan çıxanda özümü tora doğru küylənən o balıqlar kimi hiss edirəm. Hətta bir dəfə biri yolda qabağımı kəsdi ki, sən nəsə rayona gedənə oxşuyursan, pulun yoxdusa, problem deyil, keç otur, düşəndə qohum-tanışdan alıb, verərsən. Az qalırdım, dönüb minəm maşına, qəfil özümü saxladım. Hərdən düşünürəm ki, bizim taksi sürücüləri təşviqat məsələsində deputatlardan və prezidentliyə namizədlərdən yüz qat yaxşıdılar. İnsanı öz rayonundan üz döndərdib, başqa rayonun sakininə çevirmək onlar üçün iki vur ikidir. Hələ yolda səninlə etdikləri söhbəti qoyuram bir kənara.

Bu arada söhbət rayon taksilərindən gedir ha. Yəni həm də rayon adamlarından. Ancaq təşviqatda, təbliğatda insanların fikrinə təsiretmə sahəsindən deputatdan daha məharətli olan bu insanları Azərbaycanın Lahorunda səhərdən axşama bağırıb, müştəri cəlb etməyə nə vadar edir? Onlar niyə öz gülüstan el-obasını atıb, burada - "Lahor"da səhərdən axşama sükan burur? Səbəb çox sadə: işsizlik.

Yeri gəlmişkən, o taksiçilərin arasında ağdamlılar da var. Biri ilə təsadüfən bu yaxınlarda söhbətləşdim. Dedim, paytaxtı Ağdama köçürürlər də, yəqin xəbərin var. Bakıda tıxac çoxdu deyə, bu qərara gəliblər. Özünə xas ləhcəsi ilə deputatsayağı bir açıqlama verdi, məni də ekspert axtarmaq dərdindən qurtardı: "Paytaxtı yox, iş yerlərini rayona köçürsünlər. İllərdir, hələ anlamayıblar ki, sıxlığın səbəbi buranın paytaxt olması deyil, rayonlarda işsizliyin olmasıdır. Yaşadığı rayonda min manat əməkhaqqı alan insanın Bakıda nə işi var? Rayondan bura tökülüb gələn insanların hamısı bir tikə çörəkpulu qazansınlar deyə gəlirlər. Rayonlarda iş yerləri açın, hər rayon özü ayrı bir paytaxta çevriləcək.//"Bizimyol.infoскачать dle 12.1