Bia.Az

Jurnalist Sahil Babayevə SƏSLƏNDİ: - ƏƏSMN-nin yeni meyarlıqları intiharların başlanğıcıdır!

Sosial
 5-02-2024, 17:17     463

Oğlum, 28.01.2011-ci il təvəllüdlü Məmmədzadə Mircəfərin fiziki sağlamlığı anadangəlmə məhduddur. Onurğanın Th11-Th12-L1-L2fəqərə korpusları kəpənəkvari deformasiyaları, L2-L3fəqərə korpusları parsial qovuşmaları, L2-L3 disk səviyyəsində spinal kanalın sümük-fibroz septa vasitəsilə ikiləşməsi və müvafiq olaraq spinal xordun ikiləşməsi, konus L3-L4 disk səviyyəsindək interiora enmiş olub, terminal liflərin spinal kanal arxa divar dural qişasına sıxılması, L4-L5-S1 intervertebral disklərin 3mm arxa protruziyaları, L5-S1-2-3 fəqərələr səviyyəli dostal spina bifida diaqnozu ilə 2014-cü ildən əlillik təyin olunmuşdur. Sağ ayağının inkişafdan qalması və 3-4sm qısalığı səbəbindən, hər il ortopedik ayaqqabı və karsetlə təmin olunmuşdur. 06.03.2023-cü il tarixində oğlumun əlilliyi dayandırılmışdır. Əyani, tibbi müayinələrdən keçirilərək sənədləri DTSERA-ya təqdim olunub, lakin tibbi sosial ekspertiza agentliyindən, oğlumun əlilliyinə imtina verilib. Dəfələrlə tibbi müayinələrdən keçirilməsinə baxmayaraq, hər dəfə bir bəhanə ilə oğlumun əlilliyinə imtina verilib.

15.12.2023-cü ildə əlilliyini bərpa etdirmək üçün oğlumu TSEK-ə apardım. Orada çalışan Turan adlı həkim oğlumun tibbi müayinə sənədlərinə baxmadan, göz ilə baxaraq əlilliyinə imtina verdi. Dedim, Turan xanım, əgər göz ilə müayinə edirsinizsə, onda bu aparatlar nəyə gərəkdir ki. Dövlət nə qədər xərc çəkir aparatlar alır, sizlər isə o aparatların qoyduğu diaqnozları vecə almırsınız. Oğlumu KT,MRT,UZİ etdirmişəm, amma sizlərə sərf etmir, oradakı diaqnozlar. İrad və narazılıqlarıma görə oğlumu başqa bir həkimin, Elşad Quliyevin yanına yönləndirdilər. Elşad həkim müayinə edib, mənə bildirdi ki, oğlunuz əlildir, mən demirəm sağlamdır, oğlunuzun fiziki sağlamlığı məhduddur, amma əlillik düşmür. Dedim, həkim əla məntiqdir, əlildir, amma əlillik düşmür. Yəqin ki, əlillərin xəstəliyini yox, yuxarıların göstərişini icra edirsiniz. Əlillərin zəlil vəziyyətinə salındığı müəssisənin özbaşınalıqlarını MM-in komitə sədrləri Musa Quliyev, Əhliman Əmiraslanov və MM-də sosial müdafiə sektorunun müdiri Adil Vəliyevlə görüşüb, rəsmi şəkildə onların nəzərlərinə çatdırmışam. Onların Tibbi Sosial Ekspertizaya Agentliyinə heç bir təsir qüvvəsinin olmasından bəhrələnən DTSERA-nın rəhbərliyi özbaşınalıqlarını daha da genişləndirir. "Kimdən ,kimə deyəsən" prinsiplərinə sadiq qalan rəhbərlik qanunları da saymır. Müssisənin müdir Elmir Xəlilova bununla bağlı öz narazılığımı bildirəndə o mənə " kimə istəyirsən get şikayət elə" deyərək qapını göstərdi.

DTSERA-da özbaşnalıq o həddə çatıb ki, rəhbərlik İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsman) və Cənab Prezidentin göstərişlərinə məhəl qoymur. Məni, Ombudsmana və Cənab Prezidentə müraciətlərimlə bağlı, DTSERA-ya dəvət etdilər, bir az əsdilər-coşdular, sonra da öz bildiklərinə qayıtdılar. Amma nə fayda, məsəl var, deyir"dəyirman bildiyini edir, çax-çax başını ağrıdır". Görünür,bunların göstərişi xalqa divan tutmaq, dövlətə,dövlətçiliyə,ölkə rəhbərinə qarşı çıxmaqdır. On minlərlə əlil insanları ,dövlətindən, rəhbərindən narazı salan DTSERA rəhbərliyi sanki bunlardan bəhrələnir

Sahil Babayevin müştəbeh qərarlarından yararlanan onun komandası yalnız və yalnız onun göstərişlərini icra edir. Yalançı faktlarla, şişirtmə rəqəmlərlə ölkə başçısını aldadan ƏƏSMN-i, reallıqda qəsbetmə siyasəti yürüdür. Savadsıq kadr yığınağında əlil insanlar süründürülür, əziyyət çəkir. Əlillərin vəziyyətlərini nəzərə almaq əvəzinə, TSEK-də yeni-yeni meyarlar "kəşf" olunur. Dəfələrlə yıxılma səbəbindən oğlumun qolları, ayaqları, dizləri yaralanıb, dərin yaralar əmələ gəlib.

2017-ci ildə sağ ayağı dizdən yuxarı, 09.11.2023-cü il tarixində yıxılaraq sağ qolunun çiyin hissəsindən sındırmışdır. Yerişi belə normal olmayan uşağa yeni meyarlar məsləhət görülür. Meyarlarda deyilir;şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə,6 aylıq müayinə və müalicələrdən sonra,aradan qalxmadığı halda yeni göndəriş rəsmiləşdirilə bilər. Həqiqətən də, çox gülməli və düşündürücü "kəşf"dir. İnsan yeriyə bilmir, ortopedik ayaqqabı və karsetinin olmaması səbəbindən yıxılaraq qolunu-qıçını sındırır, bunlar da meyarlarda ağırlaşmalar əmələ gəlməsini tövsiyə edir. Qolun-qıçın,ayaqın yıxılaraq sınmasını adi hal sayırlarsa, DTSERA rəhbərliyi görəsən nəyi ağır sayır. Əlilliyi bərpa olunmaması səbəbindən ortopedik ayaqqabısının, karsetinin sifarişini vermək olmur. Uşaq reabilitasiya müəssisələrində müalicələrini davam etdirmək mümkün deyil. Düşünürəm ki, ƏƏSMN-nin yeni meyarlıqları intiharların başlanğıcıdır.

Namiq Məmmədov,
Jurnalist.
BİA.az







скачать dle 12.1