Bia.Az

"...Adi güzəranın olur qaçhaqaç" - Pensiya yaşına çatmaq "marafon"u: "Finiş"ə sağ qalanlar çatır...

Sosial
 8-01-2024, 18:48     231

Azərbaycanda qadınların pensiya yaşı hər il artırılır. İyulun 1-dən 64 həddinə çatan qadınlar yaşa görə pensiya ala biləcəklər. 2026-cı ilin yayında onların kişilərlə bu göstəriciyə görə bərabərləşməsi gözlənilir. Azərbaycanda kişilər 65 yaşa çatanda əmək pensiyası ala bilirlər.

Bizimyol.info xəbər verir ki, qanunvericilikdə dəyişikliklərə qədər hər iki cinsin nümayəndələri daha tez təqaüdə yetişməyə imkan tapırdılar. 2017-ci ilin yayına qədər kişilər üçün 63 il 6 ay, qadınlar üçünsə 60 il 6 ay hədd seçilmişdi. Kişilər 2020-ci il iyulun 1-də 65 göstəricisinə çatdı. Qarşıdakı iki ildə qadınları da eyni tale gözləyir.


Pensiya yaşı niyə böyüdülür? Hökumət nümayəndələri bu haqda bir neçə dəfə danışıb. Hesab edirlər ki, ölkədə orta ömür artıb, insanlar daha uzun müddət pensiya ala bilirlər. Yəni əhaliyə çox pul verilməsindən narahatdırlar. Halbuki orta ömrün uzanması da mübahisəli məsələdir. Hökumət bir növ camaata pul qıymır.


İqtisadçı Rövşən Ağayev hər şeydən əvvəl ölkədə pensiyaçıların sayının azlığına diqqət çəkir. Onun fikrincə, burada yaş həddinin artırılması da böyük rol oynayır. Ölkədə hər 1000 nəfərə təxminən 118 pensiyaçı düşür. Bu göstəriciyə görə, postsovet məkanında "autsayderlər" qrupundayıq.


“Rusiyada hər 1000 nəfərə 290, Belarusda 270 və Ukraynada 265 nəfər pensiyaçı düşür. Pensiyaçı sayının 2 dəfə az olması pensiya sisteminin maliyyə yükünün də 2 dəfə yüngül olması deməkdir. Yükün bu qədər yüngül olması Azərbaycanın indiki maliyyə şərtlərində daha yüksək məbləğdə pensiya təmin etməsi üçün imkan yaradır”.


İqtisadçı pensiya məbləğinin alıcılıq qabiliyyətinin aşağı olmasına da diqqət çəkir. Qiymətlər son illər çox artıb. Zamanla ölkənin başqa vətəndaşları kimi pensiyaçıların da sosial vəziyyəti pisləşib. Onları bu qədər dalana dirəmək ədalətsizlikdir. Pensiya məbləği qənaətbəxş deyildi. Üstəlik, pensiya yaşının artırılması onların durumunu lap korlayır. Sanki pensiyaçılar marafon qaçışında iştirak etməyə məcbur olunur. Hər dəfə bitişə yaxınlaşdıqca son nöqtə uzaqlaşdırılır. “Marafonçu”ların böyük hissəsi isə heç sona çata bilmir.

скачать dle 12.1