Bia.Az

NİYƏ 40 QƏPİK YOX, 60 QƏPİK?... – BNA Tarif Şurasının qərarına uyğun hərəkət etmir?

Sosial
 27-10-2022, 00:57     265

Xəbər verildiyi kimi, oktyabrın 27-dən Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti - “Azneft” dairəsi - Bibiheybət - Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.

Marşrut xətti üzrə sərnişindaşımaların “BakuBus” MMC-nin istismarında olan avtobuslar tərəfindən icra ediləcəyi qeyd olunur: “İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin tələbatı daha çox olan məntəqələrdə dayanacaq”.

Qeyd edək ki, sözügedən marşrut xətti üzrə gediş haqqı məbləğinin yüksək olması əksər sərnişinlərin haqlı narazılığına səbəb olub.
Məlumat üçün onu da qeyd edək ki, ictimai nəqliyyatda tələb olunan gediş haqqının məbləği Tarif Şurasının müvafiq qaydalarına uyğun tənzimlənir. Bu qaydalara əsasən, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Tarif Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli qərarına əsasən, şəhərdaxili gediş haqqı məsafədən asılı olmayaraq 30 qəpik, şəhərətrafı və qəsəbələrarsı 15 km-dək (15 km daxil olmaqla) 30 qəpik, 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 40 qəpik, 30-40 kilometr (40 km daxil olmaqla) 50 qəpik, 40-45 kilometr (45 kilometrdə daxil olmaqla) 60 qəpik, 45-50 kiolmetr (50 km daxil olmaqla) 80 qəpik, 50 kilometrdən yuxarı isə 90 qəpikdir.

Xalqlar Dostluğu-Lökbatan istiqamətində hərəkətə edəcək E1 ekspres marşrut xəttinin uzunluğu isə təxminən 30 kilometrə yaxındır. Deməli,

Tarif Şurasının qərarına uyğun olaraq, sözügedən marşrut xəttində gedişhaqqı 40 qəpik olmalıdır.

Əgər belədirsə, onda niyə BNA gedişhaqqının 60 qəpik olacağını açıqlayıb?

Bu barədə BNA-nın sözçüsü Mais Ağayev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tələb olunan gedişhaqqının məbləği BNA tərəfindən müəyyən edilmir: “Gediş haqqları Tarif Şurasının müəyyən etdiyi qərara uyğun tənzimlənir. Bu barədə 2018-ci ildə Tarif Şurasının qərarı var. 2018-ci ildən sonra yaradılan marşrut xəttlərində təyin olunan məbləğ, məhz bu qərar əsasında tənzimlənir. Həmçinin onu da nəzərə almalıyıq ki, burda söhbət müntəzəm daşımalardan yox, ekspres daşımalardan gedir”.

скачать dle 12.1