Bia.Az

“Vəkillik fəaliyyətim təhlükədədir” - Elçin Sadıqov

Siyasət
 3-10-2022, 16:04     172

Ev dustağı olan vəkil Elçin Sadıqov hüquqlarının pozulduğunu yazır. 

Novator.az-ın məlumatına görə, o qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun vəkilin peşə sirrinə tam təminat verdiyi halda ofisində və evində axtarış zamanı götürülmüş iki mobil telefonu və kompüterinin yaddaş kartı hələ də prokurorluqda saxlanır: “Peşə sirrimə qəsd edilib, axtarış və götürməyə məruz qalmışam, vəkillik fəaliyyətim təhlükədədir. Ən əsası indiyədək hüquq xidməti göstərdiyim 2000 nəfərdən çox insanın mənə etibar etdiyi şəxsi məlumatları təhlükə altındadır”.

Elçin Sadıqov sentyabrın 10-da, “Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı ilə eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.скачать dle 12.1