Bia.Az

“Ərdoğan Nikolun ağlını başına yığa bilər” - Gözlənti

Siyasət
 23-09-2022, 21:10     212

Dövlət sərhədi istiqamətində mövqelərimiz doqquz saata yaxın atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

BİA.AZ-ın məlumatına görə, ehtiyatda olan polkovnik Şair Ramaldanov məsələ ilə bağlı“Sherg.az”a danışarkən bildirib ki, hər zaman olduğu kimi Ermənistan yenə də öz çirkin təxribatından əl çəkmir:

“Fikrimcə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri vəziyyəti daha da gərginləşdirib. Bu onu göstərir ki, Ermənistan müəyyən qüvvələrin sifarişini yerinə yetirir. ABŞ sözdə sülh istədiyini desə də, əməldə münaqişənin alovlanmasında maraqlıdır. Bu da geosiyasi arenada gedən proseslərin Cənubi Qafqazdan da yan ötmədiyini göstərir. BMT qanunlarına görə hər hansısa ölkəyə qonşu ölkədən təhlükə yaranarsa, həmin ölkənin (hazırda Azərbaycanın) o təhlükə mənbələrini neytrallaşdırmaq ixtiyarı var.

Əgər belə təxribatlar davam edərsə, Azərbaycan yenə də öz “Dəmir yumruğunu” işə salaraq , mövqelərini yaxşılaşdırmağa məcbur olacaq.

Təəssüf ki, hazırkı proseslər bundan sonra da sərhəddə vəziyyətin bir qədər gərgin olacağını göstərir. Düşünürəm ki, sərhəddə mövqelərimizin atəşə tutulması bir tərəfdən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. Çünki Rusiyaya qarşı olan qüvvələr mövcud durumdan istifadə edərək onu münaqişəyə çəkmək istəyirlər.

Ola bilsin ki, Ermənistan indi həmin qüvvələrin sifarişini yerinə yetirir. Tərəflər arasında sülhün imzalanmasına mane olmaq üçün başlıca məqsəd Azərbaycan -Ermənistan sərhəddində gərginliyi qoruyub saxlamaqdır. Görünən odur ki, bu istiqamətdə bəzi qüvvələr tərəfindən işlər aparılır.

Qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistan baş naziri Paşinyanın görüşü gözlənilir. Bəlkə, bu görüşdən sonra Ərdoğan Nikolun ağlını başına yığa bilər”.
скачать dle 12.1