Bia.Az

ŞOYQU “ARADAN ÇIXIR”?... - Bahalı malikanəsini özbək iş adamına satdı

Siyasət
 2-09-2022, 13:27     160

Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskva yaxınlığındakı məşhur və prestijli Rublyovka istiqamətində yerləşən çox bahalı malikanəsini satıb. 

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı bir çox populyar Rusiya internet resurslarında məlumat yayılıb.

Xəbərdə deyilir ki, son zamanlar Putinin gözündən düşən və böyük ehtimalla Ukraynadakı uğursuzluğa görə “qurbanlıq keçi” olacaq Müdafiə nazirinin malikanəsini tanınmış özbək əsilli iş adamı İskəndər Mahmudov alıb.
Malikanənin dəyəri barədə məlumat verilməsə də, onun böyük əraziyə malik olduğu və Rublyovkadakı ən bahalı tikililərdən biri sayıldığı bildirilir. Rəsmi alıcı Davronbek İbrahimov adlı digər özbək iş adamının “Aktiv İnvest” şirkəti sayılsa da, onun “krışası” məhz İskəndər Mahmudovdur. D.İbrahimov uzun müddət İ.Mahmudovun şirkətlərinin birində menecer kimi çalışıb.

Özbək iş adamının Şoyqu ilə tanışlığının və iş birliyinin uzun tarixçəsi var. Belə ki, İ.Mahmudovun şirkətləri Şoyqu nazir olandan sonra Müdafiə Nazirliyinin bir çox bahalı sifarişlərinə sahib çıxıb. Onun “Kolomenskiy Zavod” müəssisəsi Şoyqunun dövründə Rusiyanın hərbi gəmiləri üçün mühərrik istehsal etməyə başlayıb, eləcə də nazirliyin istifadə edilmiş gilizlərin yenidən emalı ilə bağlı sifarişlərini yerinə yetirib. Odur ki, Mahmudov bir növ Şoyqunun biznes ortağı da hesab olunur...
Müdafiə nazirinin öz malikanəsini satışa çıxarması Şoyqunun ətrafında dolaşan neqativ söz-söhbətləri daha da çoxaldıb. Çoxları bunu Şoyqunun “aradan çıxmağa” çalışması, yasxud tezliklə yola salınacağının, hətta cəzalandırılacağının siqnalı kimi qəbul edirlər. Məsələn, Dumanın sabiq millət vəkili, FTX polkovniki Gennadi Qudkov “Feyqin live” kanalına açıqlamasında bu hadisəyə xüsusi diqqət ayırıb və deyib ki, Şoyqunun Ukraynadakı uğursuzluğa görə məşər ayağına çəkiləcəyi qaçılmaz görünür. Bunu Şoyqunun özü də bilir. Onun öz malikanəsini satması və illər uzunu törətdiyi korrupsiya cinayətlərinin izlərini silməyə çalışması da bunun əlaməti sayıla bilər...

Xatırladaq ki, Böyük Britaniya kəşfiyyatının bu günlərdə dərc edilən hesabatında artıq Şoyqunun ordu idarəçiliyindən uzaqlaşdırıldığı deyilirdi: “Rusiya Müdafiə naziri Sergey Şoyqu ordudakı problemlər səbəbindən Ukraynadakı qüvvələrin idarəçiliyindən kənarlaşdırılıb”.
Məlumatda bildirilirdi ki, Putin ona etibar etmir və cəbhədə baş verənlərlə bağlı hesabatı operativ komandanlıq birbaşa Putinin özünə çatdırır, yerlərdəki yüksək ranqlı komandirlər Putini şəxsən məlumatlandırırlar.
Kəşfiyyat məlumatında o da qeyd olunurdu ki, orduda Şoyquya qarşı inamsızlıq və mənfi münasibət var. Xüsusilə də peşəkar zabit heyəti onu gerçək hərbçi kimi qəbul etmir və Ukraynadakı uğursuzluğa görə günahlandırır, hətta ələ salır: “Döyüş təcrübəsi olan zabit və əsgərlər onu qeyri-effektv idarəetmə, rus ordusunun Ukraynada dalana dirənməsi səbəbindən ələ salırlar”.

Qeyd edək ki, Şoyqunun ünvanına bundan öncə də kifayət qədər tənqidlər səsləndirilib. Onun dövründə orduda korrupsiyanın, maliyyə maxinasiyaları və yeyintilərin vüsət aldığı qeyd edilir və Rusiya ordusunun Ukraynadakı uğursuzluğunun səbəblərindən biri də bu hesab olunur.
Onu tənqid edənlər sırasında olan Donetsk qondarma respublikasının sabiq “müdafiə naziri”, separatçıların liderlərindən biri olmuş İqor Stelkov(Qirkin) isə bildirib ki, Şoyqu ordunun imkanları, silah və canlı qüvvə təchizatı məsələsində Putinə saxta məlumatlar, rəqəmlər verib. Qirkin hesab edir ki, müharibədəki uğursuzluğun əsas səbəblərindən biri Şoyqunun ordunun müharibədən öncəki durumu və sonradan cəbhədəki vəziyyəti Putinə doğru çatdırmamasıdır.

BİA.az
скачать dle 12.1