Bia.Az

ZATIQIRIQ ZATULİN yenə də köhnə ampluasındadır... - "Dostumuz" Kreml onu niyə susdurmur?

Siyasət
 2-09-2022, 13:11     307

Rusiya dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Konstantin Zatulin Azərbaycana qarşı növbəti qəbuledilməz addımıyla gündəmə gəlib.

Belə ki, Rusiya hakim elitasının ermənipərəst “cəngavər”i kimi tanınan deputat qondarma Artsax rejiminə 2 sentyabr – Müstəqillik günü münasibətilə təmtəraqlı təbrik məktubu cızma-qara edib:

“Ötən illərdə öz şərəf və ləyaqətini müdafiə etmək üçün silaha sarılan insanların öz müqəddəratını təyin etmək hüququ var. Allahdan diləyirəm ki, hamı bunu başa düşsün və Dağlıq Qarabağ xalqına hörmətlə yanaşsın”.

Şərəf və ləyaqəti təbrik etdiyi Qarabağ ermənilərindən heç də artıq olmayan Zatulin soyadlı zatın fikirlərində nə hüquqi, nə siyasi cəhətdən məntiq tapmaq namümkündür. Görünür, Konstantin Qarabağdakı qardaşlarının halına yanarkən öz dövlətinin maraqlarını da heçə sayır. Ən bəsit məntiqlə məsələyə yanaşsaq, əgər ki, bir xalqın silaha sarılıb dövlətə qarşı getməsi, ona öz müqəddəratını təyin etmək hüququnu qazanmağa əsas verirsə, Rusiya Çeçenistan nümunəsində niyə bunu etmədi?

Digər tərəfdən, Rusiyanın tərkibində onlarla xalq yaşayır. Əgər onlar da Zatulinin “faydalı” məsləhətlərini yerinə yetirmək qərarına gəlsələr, bu erməni təəssübkeşinin, ya da bütün Kremlin aqibəti necə olacaq?

Bir qədər də, zati-qeyri-möhtərəmin keçmişi barədə...

Zatulin Azərbaycan-Ermənistan münasibətləri barəsində danışarkən daima düşünməyi dayandırıb, ağzına gələni havaya sovurmasilə tanınıb. 2019-cı ilin 11 oktyabrında ermənipərəst Konstantin dostlarının işğalı altında olan Qarabağ ərazilərinə qanunsuz səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları: Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Bu səbəbdən Zatulinin adı Azərbaycanda “qara siyahı”ya salınıb.

Lakin bu Zatulinin erməni sevdasını heç də azaltmayıb. 44 günlük müharibədə də təbliğatlarına davam edən Zatulin, savaşdan sonra dilxor duruma düşsə də, yenə də dilini dinc qoymağı bacarmayıb. Rus deputat 10 noyabr bəyanatından bir neçə gün sonra Qarabağ ermənilərinə tövsiyyə verib ki, “əvvəlcə hərbi cəhətdən güclənin, sonra statusla bağlı mübarizə aparmaq olar”.

Zatulin bu ilin iyununda Qarabağa qədər gələ bilməsə də İrəvanda separatçıların liderləri ilə görüşüb və onlara dəstəyini ifadə etmək imkanını əldən qaçırmayıb.

Zatulinin addımına siyasi pəncərədən baxdıqda isə...

Əvvəla onu qeyd edək ki, Zatulin Rusiyanın iqtidar partiyasının deputatıdır. Rusiya hakimiyyəti isə Azərbaycanla müttəfiqlik bəyanatını bu ilin fevralında imzalayıb. Və yuxarıda da qeyd etdiyimiz kimi, Zatulinin Azərbaycana qarşı fəaliyyəti bu hadisədən sonra da səngiməyib. Bu isə onu deməyə əsas verir ki, Rusiya hakimiyyəti üçün Zatulinin Azərbaycanın ərazi bütövlüyünə zidd addımları o qədər də böyük önəm daşımır. Yoxsa, Zatulinin ən azı bir xəbərdarlıqla qulağını çəkərdilər.

Yeri gəlmişkən, Zatulinə bir qədər həsəd aparmamaq da mümkün deyil. Çünki rusiyalı deputat 4 cümləlik təbrikində 2022-ci ilin 22 fevral tarixində imzalanmış Azərbaycan və Rusiya arasında Müttəfiqlik haqqında Bəyannamənin 4 bəndini pozmağı bacarıb:

- Səndədin 1-ci bəndinə görə, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

- İkinci bənddə isə, Rusiya Federasiyası və Azərbaycan Respublikasının öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürütmələri qeyd olunur.

- 11-ci bəndə görə, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

- 18-ci bəndə görə isə Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Zatulinin əvvəlki hərəkətlərinin cəzasız qaldığını nəzərə aldıqda isə deyə bilərik ki, Rusiya hakimiyyəti böyük ehtimalla bu dəfə də ya susacaq, ya da ən uzağı Zatulinin fikirlərinin Kremlin rəsmi mövqeyi olmadığını deyəcək.
//bizim.media//

ZATIQIRIQ ZATULİN yenə də köhnə ampluasındadır...

скачать dle 12.1