Bia.Az

15 milyonluq “Cənnət xanımı”, 4 il əvvəlki hadisə - Səfirliyə hücumun İZİ İLƏ...

Siyasət
 5-08-2022, 14:49     39

Ötən gün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dindarın hücumuna məruz qalıb.
 
Səfirliyin binasına daxil olaraq vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. London polisi təxribatda iştirak edən 8 nəfəri saxlayıb, hazırda faktla əlaqədar araşdırma aparıldığı bildirilir.
 
Modern.az xəbər verir ki, səfirlikdəki təxribatı "The Mahdi Servants Union" (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşma öz üzərinə götürüb. Təşkilat özünü şiə təriqətinə aid hesab edir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmən mövqe sərgiləyir. Bununla bərabər İranın Ali Rəhbəri Əli Xamneyinin qatı əleyhdarlarındadır. Təşkilatın yaradıcısı Yaser əl-Həbib əslən Küveytlidir və uzun illərdir ki, London vətəndaşlığı daşıyır.
 
Məlumata görə, qruplaşma üzvləri sünni təriqətinə qarşı çıxaraq, onların əleyhinə təbliğat aparır.
 

Təşkilat 23 fevral 2010-cu il tarixində təsis edilib. Sonradan 21 iyul 2010-cu ildə İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən xeyriyyə təşkilatı kimi qeydiyyata alınıb. Bu təşkilat ilk olaraq dörd nəfər tərəfindən idarə olunub. Bunlar Adel Salah, Ali Şubber, Mohamed Salah və Yassir Fovjian olub. Onların hamısı Britaniya vətəndaşlarıdır. Xeyriyyə cəmiyyəti 10 aprel 2012-ci ildə qanuni olaraq ləğv edilib. Daha sonra yeni adla yenidən fəaliyyətə başlayıb.
 
İranın teokratik rejimi radikal qruplaşmanı istehza ilə ''London şiələri'' adlandırır. 
 
Qrup tərəfindən 2021-ci ildə sünnilərin əleyhinə 15 milyonluq büdcə ilə “Cənnət xanımı” filmi çəkilib. Film sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində İngiltərə kinoteatrlarından yığışdırılıb. Çəkilən filmdə sünnilər haqqında təhrif olunmuş məlumatlar yer alıb.
 

Qruplaşmanın “Fədək” adlı peyk televiziyası var. Onlar telekanal vasitəsilə təbliğat işləri aparırlar. Radikal dindarlar 2013-cü ildə 1,2 milyon funt-sterlinqə keçmiş kilsəni alaraq, Bukingemşir ştatının Fulmer şəhərində Əl-Muhassin məscidini yaradıblar.
 
Onlar, həmçinin Ömər İbn Xəttab və peyğəmbərin xanımını da təhqir edərək, müsəlman dünyasının qəzəbinə səbəb olublar.
 
2018-ci il martın 10-da radikal qrupun dörd üzvü İranın Londondakı səfirliyinin binasına hücum edib. Etirazçılar səfirlik binasının birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz bayrağı ilə əvəz ediblər. Təxribatı törədən qrup üzvləri polis tərəfindən həbs olunub.
 
Qeyd edək ki, Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq Azərbaycan tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Elə həmin konvensiyaya görə, hər bir dövlət onun ərazisindəki səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur. Azərbaycan İngiltərənin və başqa dövlətlərin Bakıdakı səfirliklərini tam təhlükəsiz şəkildə qoruyur və indiyə qədər heç bir problem olmayıb. 

BİA.az
скачать dle 12.1