Bia.Az

Səfirliyə hücumun arxasında duran ölkələr - Şeyxin qardaşı NƏLƏRİ AÇIQLADI….

Siyasət
 5-08-2022, 14:38     204

“Ötən gün  bir qrup radikal dindarın din pərdəsi altında Londondakı səfirliyimizə hücum çəkməsinin şahidi olduq. Təbii ki, onlar dərhal cavablarını aldılar. Ancaq mən deməzdim ki, bu insanlar dindardırlar. Onların hədəfləri Azərbaycanın apardığı siyasətə təsir göstərməkdir”.
 
Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə bir qrup radikal dindarın Azərbaycanın Londondakı səfirliyinə hücum etməsinə münasibət bildirərkən deyib.
 
Deputatın sözlərinə görə, təxribatın Məhərrəm ayında baş verməsi təsadüfi deyil:
 
“Onların istəyi Məhərrəmlik ayında belə hərəkətlər törətməklə çaxnaşma yaratmaqdır. Bu, özlüyündə çox ucuz siyasətdir. Ancaq bu siyasət qətiyyən Azərbaycanın uğurlu siyasətinə təsir edə bilməz. Təxribatın arxasında erməni fazşizminə dəstək olan ölkələr durur. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etdi. Buna görə də, qələbəmizi həzm edə bilməyən ölkələr və erməni faşizminə, erməni xalqına dəstək olan dövlətlər bizə təsir göstərmək üçün bu kimi hərəkətlərə əl atırlar. Əslində, bu cür təxribat başqa adlar altında da edilə bilərdi. Burada əsas məqsəd Azərbaycanı gözdən salmaqdır. Ancaq hansı ad altında olur-olsun, bizə qarşı yürüdülən təxribatlar effekt verə bilməz”.
 

Şeyxin qardaşı hesab edir ki, səfirlikdəki təxribatın din pərdəsi adı altında həyata keçirilməsi Məhərrəm ayında olmağımızdan qaynaqlanır:
 
“Bu ayda bəzi insanlar həssas olurlar. Bu da təbii haldır. Radikallar əhalinin mənəvi həssaslığından yararlanmaq istəyirlər. Onlar bu yolla Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar. İstəyirlər ki, ölkəmizdə çaxnaşma olsun. Ancaq bunun bizə nə siyasi,nə iqtisadi, nə də mənəvi təsiri var. Onların bütün cəhdləri həmişəki kimi boşa çıxır”.
 
Bundan əlavə, deputat Britaniyada səfirlik binasına rahatlıqla hücum edilməsinə də münasibət bildirib:
 
“Təbii ki, Birləşmiş Krallıq təhlükəsizlik məsələsinə daha ciddi yanaşmalı idi. Hesab edirəm ki, bunun hesabatı olacaq. Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı qanuni şəkildə addımlar atacaq. Azəbaycanda hazırda 80-ə yaxın ölkənin səfirliyi var. Azərbaycan bütün səfirlərin həyatını və mülkünü qoruyur. Bu, hər bir dövlətin, o cümlədən, Birləşmiş Krallığın da borcudur”.
 
Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
 
İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.скачать dle 12.1