Bia.Az

İran Bakıdakı səfirini təcili Tehrana çağırdı - Qalmaqalın səbəbi

Siyasət
 26-07-2022, 10:28     241

İran xarici işlər naziri Əmir Hüseyn Abdullahianın ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvini təcili Tehrana çağırması və görüşməsi ciddi hadisədir.
Belə bəlli olur ki, İran rəhbərliyi Bakıdakı səfirlə məsləhətləşmələri lazım bilib və bu da təsadüfi deyil. Bir neçə gün öncə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” kitabı ilə fotosunu paylaşmış və İrana bir “replika” göndərmişdi. İranın Azərbaycandakı səfiri Musəvinin cavabı və hədəsi isə böyük qalmaqala səbəb olmuşdu. O dərəcədə ki, xarici ölkələrdən Corc Dikin ölümlə təhdid edildiyi bildirilmiş və ona ardıcıl dəstəklər gəlmişdi.
Bu qalmaqal isə Azərbaycanda fərqli cür qarşılandı:
- Böyük əksəriyyət İsrail səfirini dəstəklədi və İrana nifrətini ifadə etdi
- Daha azlıq İrana dəstək verdi və “sionizm”ə qarşı çıxdı
- Nəhayət, daha bir azlıq Azərbaycanın İran və İsrail arasında poliqona çevrilməsi ehtimalından narahatlığını bildirərək, hər iki ölkəni bəlli məsafədə saxlamağı, Azərbaycanı bu oyunlara çəkməməyi tərcih edən açıqlamalar verdi.
Azərbaycanda İrana hazırda dəstək verənlər ciddi şəkildə tənqid edilir və antimilli qüvvələr sayılır. Azərbaycanın poliqona çevrilməsini istəməyənlərin mövqeyi də cəmiyyətdə o qədər də populyar deyil. Əsas ağırlıq İsrail tərəfədir və ümumilikdə Azərbaycan cəmiyyətində İsrailə böyük bir simpatiya var.
Əslində, İsrail ilə müsəlman və türk dünyasının bir parçası olan Azərbaycan arasında daha ciddi çatlar olmalıdır. İsrail Fələstini işğal edib, Qüdsü mənimsəyib, o cümlədən Türkiyənin milli maraqlarına qarşı hər zaman bir dirəniş göstərir, Türkiyənin regional güc olmasına mane olmağa çalışan ABŞ-ın planlarında xüsusi rol alır və s.
Zaman-zaman İsrail və Türkiyə münasibətlərində qırılmalar da yaşanıb. Ancaq nə qədər maraqlı olsa da, Türkiyə düşməni olan və İsrailin əsas ideoloqlarından sayılan Liberman Azərbaycanın ən böyük dostlarından biridir.
Libermanın və İsrailin hər şeyə rəğmən Azərbaycanın böyük dostu olmasında əlbəttə ki, öz maraqları, həm də ciddi maraqları var. Bu maraqlar isə Azərbaycanın milli maraqları ilə tam-tamına üst-üstə düşür. Səbəb yalnız və yalnız İrandır.
İran düşünməlidir ki, niyə şiə-müsəlman dövləti olan Azərbaycan cəmiyyəti İrana nifrət edir?
Bunun səbəbi hər bir kəsə məlumdur: 30 il ərzində İranın Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi, ermənilər qardaş xalq sayıb, onları inanılmaz yardımlar etməsi, Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğal olunmasında göstərdiyi misilsiz xidmət, işğalda olan Azərbaycan torpaqlarındakı sərvəti daşıyıb aparması və s.
Guya müsəlman təəssübkeşliyi ilə İsrailə düşmənçiliyi dövlət ideologiyasına çevirən İran məscidlərdə donuz saxlayan, bir mülyon müsəlmanı yurdundan qovan, Xocalı kimi qətliam və soyqırım törədən ermənilərə hər zaman ən böyük yardımını göstərib. Hətta bu həyasızcasına edilən yardımlar 44 günlük Vətən savaşında da özünü göstərdi: Azərbaycan Ordusunun qarşısını kəsmək və Ermənistan ordusuna toparlanmaq üçün vaxt tanımaq da daxil olmaqla, Ermənistana hərbi-siyasi yardımlardan tutmuş öz ordusu ilə Azərbaycana meydan oxumağa qədər.
İran 30 illik işğal müddətində bircə dəfə ordunu Araz sahillərinə gətirib, irimiqyaslı təlimlə Ermənistana işğaldan əl çəkmək üçün güc göstərməmişdi, əksinə, 1990-cı illərdə Ermənistana hərbi mütəxəssis və silah-sursat keçirilməsində böyük rol oynamışdı. Ancaq Azərbaycan öz ərazilərini azad edən kimi İsraili bəhanə edərək, 150 minlik ordusunu Arazın o tayına topladı və irimiqyaslı təlimə başladı, açıq şəkildə də elan etdi ki, bu, Azərbaycana xəbərdarlıqdır.
İndi də İran Zəngəzur dəhlizinin açılmasına imkan vermir və bunu guya Ermənistan-İran sərhədinin bağlanması kimi qiymətləndirir. Ali dini lider Xomeneyi isə həyasızcasına bu yolu “min illərdir işlənən yol” adlandırır.
İran Zəngəzur dəhlizi ilə türk dünyasının geniş quru əlaqəsinin qurulmasından çox narahatdır və buna qarşı yalnız dirəniş göstərmir, həm də hərbi gücü ilə hədələyir.
İran bu ölkədə yaşayan 40 milyon azərbaycanlının bütün hüquqlarını əlindən alıb, onların dilini yasaq edib, məktəb yox, tədris yox. 40 milyonluq bir xalqı onillərdir assimilyasiya etmək üçün çalışır.
İranın məhz bu siyasətinin nəticəsidir ki, Azərbaycan 1995-ci ildən İsraillə güclü əlaqələr qurdu və bu əlaqələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsində müstəsna rol oynadı: İsrail hər zaman yanımızda oldu – həm Xocalı faciəsinin dünyada tanıdılmasında, həm ABŞ və digər Qərb ölkələrindəki lobbiçilik fəaliyyətində, həm diaspor işində israil və yəhudilərin yardımını Azərbaycan zaman-zaman çox güclü şəkildə hiss edib.
Münaqişədə olduğu üçün Azərbaycana Qərb ölkələri ən müasir silahlar satmadığı bir vaxtda, Ermənistana isə “İsgəndər”lər verildiyi bir anda İsrail Azərbaycana bilinən və bilinməyən çoxsaylı silahlar verib. 44 günlük savaşda da həm Azərbaycanın təbliğat savaşında, həm də dünyada gedən siyasi mövqe müharibəsində yardımçımız oldu – bura müharibə zamanı da Azərbaycana hərbi-texniki dəstəyini əlavə etmək lazım gəlir.
Yalnız onu demək kifayətdir ki, Ermənistanın atdığı və Bakıya uçan fars-rus raketlərini Azərbaycan İsrail müdafiə sistemləri ilə zərərsizləşdirirdi.
İndi qalib Azərbaycan, Zəngəzur dəhlizinin açılmasına imkan verməyən İrana necə münasibət göstərməlidir?
Əlbəttə, Azərbaycan MOSSAD və ETTALAAT-ın poliqonu deyil, olmamalıdır. Ancaq İran Azərbaycana seçim imkanı vermir və bu şovinist, millətçi, türkə-azərbaycanlıya nifrət üstündə dövlət siyasəti yeridən, Azərbaycanın zəif olması üçün hər şey edən İran da yalnız gücdən anlayır. Necə ki, Araz sahilində böyük bir ordu ilə Azərbaycana meydan oxuyarkən Azərbaycan Prezidenti İlham Əliyev “Heç kəs bizə güc göstərə bilməz” deyə İrana təkbaşına meydan oxumuşdu.
Ancaq bu meydanoxumanın arxasında ilk növbədə Türkiyə vardısa, ikinci də İsrail idi.
İran onillərdir öz düşmən siyasəti ilə Azərbaycanla İsraili qardaşlaşdırıb və hazırda azərbaycanlılara seçim imkanı da qoymayıb. Ona görə “poliqon” olmaqdan söhbət gedə bilməz: İsraillə müttəfiqlik və dostluq Azərbaycanın milli maraqlarının ən başdagələn xəttidir və bu, sonadək belə olacaq – çünki İranın siyasətinə cavabımız budur!

İsgəndər Mahmudlu
скачать dle 12.1